Telekanal mövzuya tarixi reallıqlara hörmət prinsipi baxımından qayıtmalıdır
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Evronyus” televiziya kanalının qeyri-obyektiv mövqeyini pisləyən bəyanat yayıb:
Belə nüfuzlu, obyektivliyinə görə beynəlxalq miqyaslı bir media qurumu imici qazanmış telekanalın Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı qeyri-obyektiv süjet sərgiləməsi bütün Azərbaycan ictimaiyyətinin kəskin etirazına, hiddətinə səbəb olub. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri çərçivəsində “Euronews” əməkdaşları tərəfindən hazırlanan və telekanal vasitəsilə yayımlanan reportajda səslənən informativ xarakterli, özündə qeyri-obyektivliyi əks etdirən süjet ölkə əhalisinin təəssüf və təəccübünə səbəb olmuşdur. Ölkə vətəndaşları həmin süjetdə Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kulinin “Dağlıq Qarabağı Ermənistan ərazisində zəngin mədəniyyətə malik bir bölgə” kimi xarakterizə etməsini kökündən yanlış bir məlumat adlandırıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və separatçı rejimin idarə etdiyi Dağlıq Qarabağın “müstəqil dövlət”, buradakı separatçıların başçısı Bako Saakyanın isə qondarma qurumun “prezidenti” kimi təqdim olunması faktının bu nüfuzlu telekanalın özunun imicinə belə ciddi zərbə vuracağı şübhəsizdir.
Bu süjetin “Euronews”in ənənəvi standartlarına uyğun deyil, birtərəfli və məqsədli şəkildə hazırlanması da özündə xüsusi narahatçılıq ifadə edir. Rəsmi Bakının rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsinin telekanalın prinsiplərinə, eləcə də beynəlxalq jurnalistikada qəbul edilmiş tərəfsizlik, obyektivlik kimi standartlara da kökündən ziddir. Bunun problemin sulh yolu ilə həllinə maneçilik törədilməsi və xalqlar arasında ədavətin yenidən qızışdırılmasına səbəb ola biləcəyi məqsədilə ortaya atılması hamıya məlumdur.
Biz hesab edirik ki, yalnız “Euronews” telekanalının rəhbərliyinin jurnalistikanın beynəlxalq prinsiplərinə əsaslanaraq tarixi reallıqlara hörmət prinsipi baxımından bu mövzuya bir daha qayıdaraq əsl faktlara söykənəcək obyektiv bir material hazırlayıb yayımlaması yaranmış problemin həllinə işıq sala bilər. Bu, həmçinin Azərbaycanda da kabel televiziyası vasitəsilə yayımlanan “Evronyus”a itən inamların bərpasına kömək etmiş olar.
SAMF