SAMF “Azərbaycan dilinin qorunması media, reklam və etnoqrafiya müstəvisində” dəyirmi masa keçirdi

Söz Azadlığını Müdafiə Fondu “Azərbaycan dilinin qorunması media, reklam və etnoqrafiya müstəvisində” adlı dəyirmi masa keçirdi

Tədbiri giriş sözü ilə Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri, şair Musa Yaqub açaraq fond kollektivinin bu istiqamətdə layihələrə başlamasının səbəbləri barədə təfsilatı ilə məlumat verdi.

SAMF sədri bu sahədəki problemləri gündəmə gətirərək xüsusi olaraq vurğuladı ki, dilimizə qarşı sayğısızlıq artıq yer adlarına, etimologiyaya da sirayət edib. Şadlıq evlərinin, digər obyektlərin adlarının əcnəbiləşdirilməsi isə artıq adi hal alıb.

SAMF-ın icraçı direktoru Vüqar Tofiqli qurumun dövlət dilinin qorunması ilə bağlı apardığı monitorinqin nəticələri barədə məlumat verdi. Bildirdi ki, Söz Azadlığını Müdafiə Fondu (SAMF) cari ilin mart-aprel aylarında reklamlarda, xidmət obyektlərində, elektron mediada verilən reklam çarxlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlər həyata keçirib. Əsas məqsəd adı çəkilən istiqamətlərdə 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq olub. Monitorinq ümumilikdə Bakı şəhərinin 15 mərkəzi küçə və prospektində mövcud olan 576 xidmət obyektini əhatə edib. Bu xidmət sahələrinin 442-si mərkəzi hissəni (Binəqədi, Nəsimi və Səbail rayonları olmaqla 10 küçə və prospekt daxil olub), o cümlədən Nizami, Xətai və Suraxanı rayonlarını əhatə edən 134 reklam xarakterli lövhəni əhatə edib. Araşdırmalar nəticəsində bəlli olub ki, reklam xarakterli lövhələrin ümumilikdə 62%-də Azərbaycan dili, 27% -də ingilis dili, 11% -də isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 14%-də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 15%-də isə rus mənşəli sözlərin latın qrafikası ilə verildiyi aşkarlanıb. Paytaxtın mərkəzi hissədə yerləşən küçə və prospektlərinin 52% -də Azərbaycan dili, 37%-də ingilis dili, 11%-də isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23%-də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18%-də isə rus mənşəli sözlərin latın qrafikası ilə verildiyi aşkarlanıb.

Qeyd edək ki, reklamların yazılışı zamanı adı çəkilən qanunun 7.1-ci maddəsinin nəzərdə tutduğu “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub.

“Boçka”, “Başmaçok”, “Çudo Peçka”, “Tetradka”, “Bon Apetit” , “Skazka”, “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlara Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrində rast gəlmək olar. Bununla yanaşı bank adlarının yazılışında da Azərbaycan dilinin qorunmasına ciddi şəkildə əməl olunmur. Habelə bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beauty salon” və ya uşaq mağazalarında “Baby shop” ifadələrinə tez-tez rast gəlinir.

Elektron mediada səslənən reklamlarda da Azərbaycan dilinin qorunması lazımı səviyyədə aparılmır. “Dayanma, snikerslə”, “Atam üstünü alma və vişnə şirəsinə bulaşdırıb”, habelə “Susuzluğuna güvən” kimi ifadələrdə dilimizin qanun -qaydalarına riayət olunmur.

İcraçı direktor daha sonra bildirdi ki, dilimizin qorunmasına ictimai nəzarəti təşkil etmək məqsədilə QHT-lərdən ibarət işçi qrupunun yaradılması vacibdir və kollektiv hazırda bu istiqamətdə təklifləri gözləyir.

SAMF-ın Layihələr Üzrə Koordinatoru Nəzirməmməd Quliyev “Azərbaycan dilinin qorunması media və reklam müstəvisində” mövzusunda çıxış etdi. Bildirdi ki, “Söz Azadlığını Müdafiə Fondunun kollektivi olaraq doğma ölkəmizdə doğma dilimizə qarşı sərgilənən əksərən neqativ münasibətlər fonunda bu istiqamətdə çeşidli layihələr reallaşdırmaq niyyətimiz yarandı. Hesab etdik ki, dilimizə sayğısızlığın nüvəsini ilk öncə daha çox gözlə görünüb qulaqla eşidilən vasitələr, başqa sözlə öz vəzifəsinə və dilinə biganə olan bəzi media qurumları və reklam lövhələri təşkil edir. Ona görə də ilk layihələrimizi bu istiqamətdə Sizlərin iştirakı ilə təhlillər əsasında müzakirə etməklə başladıq.

İlkin tədbirimiz paytaxtımızın küçə və prospektlərində reklam lövhələri ilə bağlı monitorinq aparmaq oldu. Onun nəticələrini – reklamların yazılışında konkret olaraq 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” qanunun tələblərinin əksərən pozulduğu faktlarını aşkarladıq. Sonra bu açıqlamalarımızın mediada müzakirələri geniş əks-səda yaratdı”.

N.Quliyev təəssüflə qeyd etdi ki, nəticələr açıqlanandan sonra arqumentsiz şəkildə kollektivi qınayanlar da tapılıb: “Qəribədir ki, bizi qınayanların sırasında əsasən bu işə bilavasitə cavabdeh olan Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya Departamentinin və Azərbaycan Reklamçılar İttifaqının məsul katibi daha aktiv oldu. Media qurumlarının mövzu ətrafında apardığı araşdırmalara cavab olaraq Departament təmsilçisi bildirmişdi ki, orada yalnız “Beauty Salon” ifadəsi ilə razılaşır. Lakin “digərləri necə yazılmalıdır?” sualının cavabından yayınaraq bildirmişdi ki, bununla guya BŞİH-də Bədii Şura məşğul olur. Bədii Şura haqqında sualısa Meriyanın Mətbuat Xidməti cavablandıra bilər. Mətbuat xidmətindənsə Bədii Şuranın varlığından və ya yoxluğundan ümumiyyətlə xəbərsiz olduqlarını söyləmişdilər.

Media qurumlarına təşəkkür edirəm ki, bu məsələnin izi ilə digər – ictimai nəzarət funksiyasını yerinə yetirən Azərbaycan Respublikası Reklamçılar İttifaqının məsul katibindən də mövqe öyrənmişdilər. O isə bizi guya qrant alıb monitorinq keçirməkdə ittiham etmişdi. Əslində bu ümummilli işi daxili imkanlar hesabına reallaşdırmışdıq.

Hörmətli millət vəkili Rafael Hüseynov müzakirələrə qoşulmuş və çox maraqlı bir fakt da açıqlamışdı ki, uzaq dağ rayonlarının birində uşaq paltarları satan kiçik bir dükanın qarşısında “Baby Shop” ifadəsinə rast gəlib. Bəlkə də həmin kənddə heç ingilis dilini bilən yoxdur. Hesab edirəm ki, bu tipli məsələlərin meydana çıxmasında bizim ətrafımızda baş verənlərə biganə münasibətimiz xüsusi rol oynayır.

Məhz belə biganəliyin acı nəticəsidir ki, bəzi aparıcılar efirə dəvət edilən qonağa müraciətlə “Gəl səni bu kresloya alım, gəl səni bu divana alım” kimi müraciətlər edirlər. Yaxud, reklamlarda əksər satış obyektlərinin qarşısında “halal kəsilmiş” ifadələrinin yazılışını da deyilənlərə əlavə etmək olar.

Dilimizin qorunması ilə bağlı QHT İşçi Qrupunun yaradılması təklifini də məhz bu istiqamətdə olan problemlərin həllinə yönəlmiş addım hesab etmək olar.

Dəyirmi masada iştirak edən Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu, tanınmış jurnalist Qulu Məhərrəmli, texnika elmləri namizədi Teymur Hacıyev, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət, müstəqil hüquqşünas Adil Minbaşı, “Multimedia” İnformasiya Texnologiyaları və Sistemləri Mərkəzinin direktoru Osman Gündüz, AMEA Dilçilik İnstitunun əməkdaşı Təranə Şükürova, AMEA Folklor İnstitutunun əməkdaşı Şakir Albalıyev, AzərTAc-ın Buraxılış Redaktoru Yaşar Quluzadə, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Mikayıl Əkbərov və başqaları çıxış edərək bu istiqamətdə təkliflərini verdilər və işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab etdilər.

Söz Azadlığını Müdafiə Fondu
27/04/2010

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO