Mayın 17-də Rəsul Rzanın Göyçay rayonundakı Ev Muzeyinin açılış mərasimi reallaşacaq. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri Anar və bir çox tanınmış şəxslərin qatılacağı gözlənilir. Xalq şairi R.Rzanın 100 illik yubileyi ilə əlaqədar mayın 19-da Bakı, Gəncə və Göyçayda bir sıra tədbirlər keçiriləcək.
Məlumat üçün bildirək ki, xalq şairi Rəsul Rzanın Göyçay rayonundakı Ev Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
yenidən qurulur. 1933-cü ildə inşa edilən və ümumi sahəsi 150 kv. metr olan 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub. Evin həyətində yeni qazanxana inşa edilib və otaqlar istilik sistemi ilə təchiz edilib. Ev Muzeyinin 0,24 ha həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib və ətrafda yeni hasar inşa olunub, həyətin giriş qapıları dəyişdirilib. Muzeyin qarşısında xalq şairi R.Rzanın büstü qoyulub.