Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin yenicə çapdan çıxmış “Rəsul Rza və müasir Azərbaycan poeziyası” adlı kitabında unudulmaz xalq şairinin yaratdığı novator ədəbi məktəbindən, bütövlükdə yaradıcılığından çağdaş tənqidin yeni qənaətləri işığında söz açılır.
Böyük türk şairi Nazim Hikmətin, Azərbaycan tədqiqatçılarından Məmməd Arifin, Məmməd Cəfərin, Əkbər Ağayevin, Şamil Salmanovun, Gülrux Əlibəylinin, Arif Abdullazadənin, Nazif Qəhrəmanovun Rəsul Rza yaradıcılığı barədə yüksək fikirlərini xatırladan müəllif bir daha təsdiqləyir ki, Rəsul Rzanın yaratdığı sərbəst şeir dünya poetik təcrübəsi ilə Azərbaycan müasir şeirinin vəhdətini əks etdirir. Yeni kitabın bir məziyyəti də burada Rəsul Rza ədəbi məktəbinin davamçılarının yaradıcılığına xeyli yer ayrılmasıdır. Əli Kərimin, İsa İsmayılzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Çingiz Əlioğlunun, Ələkbər Salahzadənin, Camal Yusifzadənin, Vaqif Nəsibin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Zahid Sarıtorpağın və onlarca digər tanınmış şairin, gənc qələm sahiblərinin yaradıcılığında Rəsul Rza təsiri kitabda peşəkar bir şəkildə göstərilir, konkret ədəbi faktlarla əsaslandırılır. Müəllifin təhlilləri elmiliyi, səmimiliyi, obyektivliyi ilə seçilir.