Rəsmi dövlət qəzeti “Azərbaycan ” ANS telekanalının rəhbərliyini ittiham etdi

“Mustafayev qardaşları bir vaxtlar “Hesabat” jurnalında özlərini rəsmi milyonçuların cərgəsinə də qatmışdılar. İstəməyənin gözü çıxsın! Amma insanda bir şükranlıq duyğusu da olmalıdır. Həmin “imperiya” nəyin hesabına qurulub? Niyə başqalarının bəxti gətirməyib? Yoxsa sizlər daha bacarıqlı, daha “gözü qara”sınız? Yox və yox! Müsəlmanın adətidir, beş manatı artıq düşəndə başlayır dingildəməyə! Ancaq puldan, var-dövlətdən qat-qat üstün dəyərlər də mövcuddur – milli maraq, milli mənafe, vətənkeşlik, dövlətcillik!.. Bu kəlmələri pul dilinə tərcümə etmək, əskinasla ifadə etmək mümkünsüzdür! Tam mümkünsüz!!! Bu dəyərlər makaron, vermişel, kofe, saat, vicdan, təəssüb deyil ki, topdan satıb alasan!”

Bu cümlələr rəsmi dövlət qəzeti “Azərbaycan”ın 21 may sayında dərc edilmiş “ANS-in qisası yaxud “dörd pəri”nin “ideal” qonağı” adlı məqalədəndir. Məqalənin müəllifi Xalid Niyazovdur.

Məqalədə ANS-in “Zərif çərşənbə” verilişində türkiyəli jurnalist Mehmet Ali Biranddan götürülmüş müsahibə tənqid olunur. Xalid Niyazov hesab edir ki, Azərbaycan tamaşaçısı həmin mühabidən gözlədiyini ala bilməyib. Eyni zamanda müəllif iddia edir ki, ANS rəhbərliyi Birandla müsahibədə biznes maraqlarını güdüb: “Etiraz etmirik, bazar-bazardır, istər Bakıda olsun, istərsə də İstanbulda. ANS-i birinci gün deyil ki, tanıyırıq?!”

ANS rəhbərlərinin həmişə biznes maraqlarını güddüyünü iddia edən müəllif bu konteksdə hazırda Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Məsimovun, eyni zamanda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və başqalarının adlarını da çəkir.

Məqalədə ANS Azərbaycan xalqı adından danışmaq cəhdində də günahlandırılır: “Azərbaycan xalqının adından danışmaq, qiymət vermək, qənaət formalaşdırmaq hüququnu kim və haçan verib bu özəl telekompaniyaya?! Bu hüququn yalnız Azərbaycan Prezidentinə aid olduğunu bilmirmi ANS?! Kimdir Birand? Və Mustafayev qardaşlarının bu odioz (məhz – X.N.) şəxsə, özünün son yazılarında içindən püskürən antiazərbaycan nifrətini cilovlaya bilməyən, Azərbaycan xalqının Türkiyə sevgisinə çamur atan, ikitərəfli münasibətlərin müsbət ahənginə ovqatsızlıq qatan, açıq-aşkar ermənicanlığı ilə fərqlənən, hətta müəyyən məsələlərdə tendensiyasız qala bilməyib ölkəsinin milli maraqlarını da basıb keçən bir adama belə “ilginc marağ”ını qidalandıran hansı “gözəgörünməz” səbəblərdir?”

Daha sonra məqalədə deyilir: “ANS-çilərdən biri bu yaxınlarda efirdən söyləmişdi ki, xalq bizdən heç nə gözləməsin. Biz bu xalqın üzünü 24 noyabrda gördük. “Söhbət” yəqin ki, lisenziya məsələsi ilə əlaqədar ANS-in bağlanmasından gedirdi. Çox güman, ölkə teleməkanının bu “dəcəl və ərköyün uşağı” xalqın əllərinə daş-kəsək alaraq onu müdafiə mitinqlərinə çıxacağını düşünürmüş…

Məgər xalqdan beləmi qisas alarlar?! Biz hüquqi dövlətdə yaşamırıqmı?

Narazılıq, özündən bədgümanlıq həmişə insan psixikasının deformasiyası ilə müşayiət olunan patologiyalar doğurur. Onlardan ən pisi qisasçılıqdır.

Adının abbrevuaturası da əcnəbi dildə səslənən ANS rahat ola bilər. “Günəbaxan”, “Cümə axşamları” verilişləri ilə Azərbaycan auditoriyasından qisas alıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminə, düşüncə tərzinə, ictimai təfəkkürünə səlib yürüşüdür həmin verilişlər. Xalqı kiçiltməyə, cılızlaşdırmağa ünvanlanıb.

Amma xalqdan qisas almağın mümkün olmadığı düşüncəsindəyik. Bu yolu tutanlar, bu fikrə düşənlər daha çox xalqın nifrətini qazanırlar!“

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO