“Şərq ” çıxmayacaq, “Ədalət ” isə səhifələrin sayını azaltdı

"Şərq" çıxmayacaq, "Ədalət" isə səhifələrin sayını azaltdıMartın 30-u səhərdən işığı kəsilən “Azərbaycan” nəşriyyatına axşam saat 18-dən sonra elektrik enerjisi verilib. Hazırda nəşriyyatın işığı yanır. Ancaq az qala bütün iş günü ərzində işığın olmaması fəsadsız ötüşməyib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Media forum” saytına bildirib ki, işıqların sönməsi qəzetin işinin tamamilə dayanması ilə nəticələnib: “Redaksiyamız nəşriyyatın binasında yerləşdiyindən müxbirlərimiz gün ərzində heç bir yazı, material hazırlaya bilmədilər. İşığın gec yandığını görüb işçiləri evə buraxmaq məcburiyyətində qaldım. Yəni bizdən asılı olmayan səbəbdən “Şərq” qəzetinin 31 mart sayı çıxmayacaq”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın sözlərinə görə, iş günü ərzində işığın yanmaması jurnalistlərin fəaliyyətinə ciddi ziyan vurub. Yazıların kompüterdə yığılması, səhifələnməsi, tərtibat verilməsi çətin, az qala mümkünsüz işə çevrilib. “Ədalət” qəzeti vəziyyətdən çıxmaq üçün səhifələrinin sayını yarıbayarı azaltmaq qərarına gəlib. Qəzetin 31 mart sayı 4 səhifədə çıxacaq. Baş redaktor onu da deyib ki, 31 mart sayında daha çox agentliklərin, saytların materiallarından istifadə olunacaq.

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov “Media forum”a bildirib ki, elektrik enerjisinin olmaması ciddi fəsad yaradıb: “Redaksiya saat 18.30-da fəaliyyətə başlayıb. Biz bütün imkanlarımızı toplayıb qəzetin 31 mart sayını hazırlayacağıq. Amma özümüz də bilirik ki, “Azadlıq”ın 31 mart sayı digər saylarından zəif alınacaq və buna görə bəri başdan oxuculardan üzr istəyirik”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də deyib ki, işığın yanmaması müxbirlərin məhsuldarlığına çox mənfi təsir göstərib: “Amma biz qüvvəmizi səfərbər edib axşam saat 11, 12-dək çalışacağıq və qəzetin əvvəlki kimi 16 səhifədə çıxmasına nail olacağıq”.

Adıçəkilən qəzetlərin hamısı həm “Azərbaycan” nəşriyyatında yerləşir, həm də bu nəşriyyatın mətbəəsində çap olunur.

Nəşriyyatının işığını “Bakıelektrikşəbəkə” borca görə kəsmişdi. “Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova “Media forum”a açıqlamasında deyib ki, elektrik enerjisinin bərpası müvəqqəti xarakter daşıyır: “Rəhbərliklər razılığa gəldilər”. Amma direktor müavini borcun nə vaxt ödənəcəyi barədə sualı cavablandırmayıb: “Bu suala cavab verə bilmərəm”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO