Rəşid Behbudovda Şaumyanın Hindistandakı məzarının çəkildiyi kaset vardı

“Azərbaycanlılara qarşı qırğınlar törədən Stepan Şaumyanın Hindistanla bağlılığı faktı dərindən araşdırılacaq”.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu gün keçirdiyi mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Şaumyanın güllələnməməsi və Hindistanla əlaqələri ilə bağlı bir neçə qaranlıq məqam var: “SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R. Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında “Şaumyan” deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında Sovet

kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudovu xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər”.

Y. Mahmudov deyib ki, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmamasını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Y. Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da olub: “Həmin adamların çoxunu üzə çıxaranda biri xəstələnir, biri demək istəmir. Vəd edirəm ki, bu məsələ dərindən araşdırılacaq. Hazırda xarici ölkələrin arxivlərində iş gedir. Mən bunu bütün təfsilatı ilə açmaq istəmirəm, çünki dərhal bunun əleyhdarları meydana çıxır. Biz Hindistandakı arxivlərlə əlaqədar işlər də görürük. Yəqin ki, bu iş bir nəticə verəcək”.

Anspress

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO