“Reytinq ” və “İmpuls ” qəzetlərinin müxbiri xəstəxanaya düşüb

Redaktor: “Onu heç kim bıçaqlamayıb”

Modern.az saytının məlumatına görə, “Reytinq” və “İmpuls” qəzetlərinin müxbiri Elşad Ümid aldığı xəsarətlər nəticəsində 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Əməkdaşımız jurnalistin hansı səbəbdən xəsarət alması və xəstəxanaya düşməsinin səbəblərini dəqiqləşdirməyə çalışıb.
“Reytinq”in redaktoru Seymur Verdizadə Modern.az saytına bildirib ki, hadisə dekabrın 1-dən 2-nə keçən gecə Elşad Ümidin yaşadığı Sabail rayonu 20-ci sahə ərazisindəki evinin yaxınlığında baş verib.

”Biz hadisədən ertəsi gün xəbər tutduq. Mən və baş redaktor Afiq Mirzəbəyli Elşada baş çəkmək üçün xəstəxanada olmuşuq, onun özü və həkimilə görüşmüşük. Vəziyyəti artıq qənaətbəxşdir, yalnız sifətində bəzi xəsarətlər var. Həkim də ciddi təhlükənin olmadığını dedi.
Hadisənin təfərrüatlarına gəlincə, Elşad Ümid baş redaktora bildirdi ki, olay şəxsi münasibətlər zəminində baş verib və bu onun peşə fəaliyyətilə bağlı deyil. Belə ki, həmin gecə qəzetimizin mədəniyyət yazarı olan Elşad Ümid bir rejissor tanışının ad günündən qayıdırmış. Gecə saat 02.00 radələrində evinin yaxınlığında kimlərləsə aralarında mübahisə baş verib və onu itələyiblər, yıxılıb. Elşadın gözləri zəif görür, mübahisə zamanı yıxılanda eynəyi də yerə düşüb sınıb. Gözlərindən bir müddət öncə əməliyyat olunmuşdu. Kimlərsə belə məlumat yayıb ki, guya onu bıçaqlayıblar. Amma bu belə deyil və olayı çox şişirdiblər. Artıq hüquq-mühafizə orqanları hadisədən xəbərdardır və araşdırma aparılır”.

S.Verdizadə əməkdaşımıza onu da deyib ki, “Reytinq” qəzetinin rəhbərliyi hadisəni şəxsi münasibətlər zəminində baş verdiyini nəzərə alaraq bunun mətbuata qarşı təzyiqlərin hər hansı tərkib hissəsi saymır.

”Bunu Elşad Ümid özü də baş redaktor Afiq Mirzəbəyliyə təsdiqləyib və deyib ki, olayın onun jurnalist fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

S.Verdizadənin sözlərinə görə, hadisə ilə bağlı araşdımadan sonra “Reytinq”in rəhbərliyi ətraflı açıqlama yayacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO