Reportyorların azadlıq və təhlükəsizlik institutu illik hesabat yayıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 2009-cu ildə Azərbaycanda söz azadlığının durumu ilə bağlı hesabat yayıb. Hesabatda deyilir: “2009-cu ildə Azərbaycan mətbuatının problemləri həll olunmayıb. Bu ildə də jurnalist ölümü, media nümayəndələrinin həbsi, onlara qarşı təxribatlar, təqiblər, fiziki və mənəvi təzyiqlərə məruz qalma halları davam edib. 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları tapılmayıb. Beynəlxalq və yerli təşkilatların çağırışlarına baxmayaraq hakimiyyət “Diffamasiya haqqında” qanun qəbul etmədiyi üçün jurnalistlər Cinayət Məcəlləsinin həbs nəzərdə tutan 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunaraq həbsxanalara salınıblar”.

O da vurğulanır ki, konstitusiyaya və qanunvericilik aktlarına edilmiş dəyişikliklər medianın fəaliyyətinin məhdudlaşmasına səbəb olub: “Azərbaycan hakimiyyəti ölkədə 1300 qəzetin olduğu barədə bəyanatlar versə də, əhalinin alternativ informasiya ala bilməsi üçün təxminən 10 müxalifət yönümlü qəzet işıq üzü görür. Bu qəzetlərin tirajı isə əhalinin heç 1%-ni də informasiya ilə təmin etməyə yetmir. Televiziya və radio məkanı isə de-fakto hakimiyyətin nəzarətindədir”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO