“REKET QƏZETLƏR”in yeni siyahısı açıqlanacaq


Oktyabrın 22-də Mətbuat Şurası İdarə Heyətinin iclası keçiriləcək. Məlumatı “Media forum” saytına verən qurumun icraçı direktoru Rəhim Hüseynzadənin sözlərinə görə, gündəliyə “Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”nın yeni hazırlanmış qaydalarına baxılması məsələsi daxil edilib.
İdarə Heyətinin şikayətlər üzrə komissiyanın rəyləri üzrə qərarlar qəbul edəcəyi gözlənir: “Yəqin ki, iclasda “reket qəzetlər”in yeni siyahısı açıqlanacaq”.
“Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”na dəyişiklik layihəsində “reket” qəzetlər siyahısına daxil olunan mətbuat orqanlarının monitorinqinin aparılması yer alıb.
Daha bir dəyişiklik adı “qara siyahı”ya daxil olan qəzetin üzərindən qınağın götürülməsi ilə bağlıdır. Əsas məsələ qəzet üzərində qınağın götürülməsinin müddəti məsələsidir. Yəni qınaq 6 ay, 1 il qəzet üzərində qala və bu müddət ərzində onun monitorinqi keçirilə bilər. Əgər bu müddətdə həmin qəzet etik qaydalara uyğun fəaliyyət göstərərsə, ondan Mətbuat Şurasına heç bir şikayət daxil olmazsa, həmin qəzetin adı “reket” siyahısından çıxarıla bilər.
“Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”nda hansısa KİV-in adının “qara siyahı”ya daxil edilməsi üçün həmin KİV-in peşə-davranış qaydalarını mütəmadi pozması, ondan şuraya dəfələrlə şikayət daxil olması və bu kimi başqa hallar göstərilir. Təlimatlarda deyilir ki, jurnalist öz şəxsi mənafeyi üçün obyektlərdə olub, telefon, yaxud məktub vasitəsilə səlahiyyət sahiblərini hədələyib, qorxudubsa, yalan informasiyalar yazıbsa, şantaj edibsə, onun çalışdığı KİV-in məsələsi Mətbuat Şurasında müzakirəyə çıxarılmalıdır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO