“Reket qəzetlərin qarşısını ancaq yeni qanun ala bilər”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü belə hesab edir

Mətbuat Şurasının İdarə Heyəti dəfələrlə “qara siyahı”ları açıqlayıb. Bu siyahıda 100-ə yaxın qəzetin adı çəkilib. Adı siyahıda olan nəşrlərin Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqları, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədikləri, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqları, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqları qeyd edilir. Buna baxmayaraq bəzi qəzetlər “qara siyahı”da olsalar da, onlar yenə fəaliyyətlərini davam etdirirlər.

Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın reketçiliklə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə bildirib ki, Mətbuat Şurasının çıxardığı bu qərarlar ictimai qınaq xarakteri daşıyır. V.Rəhimzadə çıxarılan qərarların icra edilməsi üçün, parlament tərəfindən müvafiq qanunun qəbul olunmalı olduğunu məsləhət görüb.

“Bütövlükdə xəbərdarlıq zamanı onların öz fəaliyyətlərində peşə davranışı qaydalarına riayət etmək tələb olunur. Dəfələrlə onlara xəbərdarlıq olunmasına baxmayaraq, bu hallar davam etdikdə biz bu qərarları icra edirik. Bəzisi Şikayətlər üzrə Komissiyası tərəfindən və eyni zamanda İddiaçı katibliyi tərəfindən qəzetlərə ünvanlanır və sonra qərarlar qəbul olunur. Onlar dəvət olunur, araşdırılır və baş redaktorlara müvafiq qaydada xəbərdarlıq olunur. Deyilənə əməl olunmadıqda Mətbuat Şurası olaraq komissiyanın rəyini çıxardaraq təqdim edirik. Düşünürəm ki, ya Mətbuat Şurası ilə bağlı müvafiq qanun qəbul olunmalıdır, ya da onları cəzalandırmaq üçün müəyyən səlahiyyətlər olmalıdır. Elə hüquqi əsas yoxdur ki, tutub həmin qəzeti bağlayaq və yaxud müvafiq cərimə xarakterli tədbirlər görək. Bunlar Mətbuat Şurasının səlahiyyətlərindən kənardır. Bu halların qarşısını almaq üçün parlament tərəfindən Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanun qəbul olunmalıdır. O zaman bizim çıxardığımız qərarların hüquqi təsiri ola bilər”, – deyə V.Rəhimzadə bildirib.

Komissiya sədri bir çox qəzetlərin bu məsələdə adət halını aldıqlarını bildirib. Onun sözlərinə görə, həmin qəzetlər “qara siyahı”ya salınsalar da, yenə fəaliyyətlərini davam etdirirlər: ““Qara siyahı”ya daxil olan qəzetin təsisçiləri başqa ad ilə qəzet təsis edib fəaliyyət göstərirlər. Belə hallar mövcuddur. Mətbuat Şurasının göstərdiyi bu fəaliyyət uğurludur və müəyyən mənada ilk təsirini göstərir. Bir-iki dəfə olub ki, həmin təkrar olunan hallarla bağlı cinayət xarakteri olduğuna görə, müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət etmişik. Həmin iki qəzet bizim çərçivədən çıxıb. Cinayət xarakteri daşıdığından onlarla bağlı Cinayət Məcəlləsində müvafiq maddələr vardır. Həmin qəzetlər reketçilik edir, insanları təhqir edir, böhtan yazır və şəxsi maraqları üçün başqa yollara əl ataraq insanları şantaj edirlər. İnsanın şəxsi həyatını təhdid edirsənsə, ailə həyatına bilərəkdən dəfələrlə müdaxilə edirsənsə, həmin vətəndaş qəzetlə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO