Mətbuat Şurası media tarixi üçün prinsipial əhəmiyyətli xüsusi bəyanat yaydı
Azərbaycan Mətbuat Şurası (MŞ) bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda bildirilib ki, MŞ açıq və obyektiv sözə, jurnalistin və mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallara biganə qalmır:
“Lakin çox təəssüflə bildiririk ki, illərdən bəri şərti olaraq “reket jurnalistika” adlandırdığımız xoşagəlməz meyl bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir.
Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək, “reket nəşr”lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. Ölkə jurnalistlərinin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qurumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması üçün təşəbbüs və təkliflərini irəli sürüb. Nəticədə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası formalaşdırılıb. Peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatın “qara siyahı”sı tərtib edilib. Konkret şikayət və müraciətlər əsas götürülərək, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür”.
MŞ bildirib ki, bu siyahıya daxil olanlar qurumu hədələmək yolu tutub. Bəyanatda qeyd olunub ki, əməllərini yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var: ” Xüsusən “Gündəlik Bakı” və “Təzadlar” qəzetləri, həmçinin “Mozalan” jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər”.
Bəyanatda daha sonra bildirilib: “Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır”.
Şura bildirib ki, quruma qarşı göstərilən bütün təsir və təzyiq cəhdləri mənasız və əbəsdir.
Qurum “reket qəzetlər”ə gizli şəkildə maddi və mənəvi dəstək verənlərin mövqelərini pisləyib, bu kimi halları ölkədə sivil jurnalistika mühiti yaratmaq istəklərinə, media sahəsində aparılan sistemli və ardıcıl fəaliyyətə zidd hərəkətlər kimi dəyərləndirib.
MŞ Azərbaycanın ziyalılarını, həqiqi jurnalistləri və bütövlükdə ictimaiyyəti jurnalistikamızı ləkələyənlərə və mətbuatdan çirkin məqsədlərlə istifadə edənlərə qarşı birgə mübarizədə Mətbuat Şurasına daha sıx dəstək verməyə çağırıb.
Həmçinin dövlət orqanlarını, hüquq-mühafizə, vergi, maliyyə və digər qurumları “reket nəşr”lərdə dərc olunan mətbu nümunələrə əsasən apardıqları yoxlamalara ehtiyatla yanaşmağa çağırıb.
MŞ oxucuların, bütövlükdə vətəndaşların qurumun qərarlarına daim hörmət və etimadla yanaşdığını, dəstək olduğunu nəzərə alaraq, mediamızın təmizliyi uğrunda mübarizəsini davam etdirəcəyini bəyan edib.