Reket qəzetlər Mətbuat Şurası İH-nin üzvlərini üz-üzə qoymaq istəyir

Reket qəzetlər Mətbuat Şurası İH-nin üzvlərini üz-üzə qoymaq istəyirMətbuat Şurası tərəfindən adları qara siyahıya düşmüş bəzi qəzetlər son günlər Şuranın sədri Əflatun Amaşova qarşı kampaniyaya aparmaqdadır. Dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin şikayətləri əsasında barəsində “reket qəzet” qərarı çıxarılan mətbu orqanların rəhbərlərinin açıqlamalarından və qəzet səhifələrində işıq üzü görən yazılardan belə anlaşılır ki, guya bu qəzetlərin adlarının “qara siyahı”ya salınması tək Əflatun Amaşovun qərarı əsasında olub.

“Reket qəzetlər”in baş redaktorları qərəzli olaraq belə görüntü yaratmaq istəyir ki, adlarının “qara siyahı”ya salınmasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun birbaşa rolu var.

Qeyd edək ki, barəsində şikayət olunmayan heç bir qəzetin adı “qara siyahı”ya salınmayıb. Şikayətlər Mətbuat Şurasının şikayət komissiyasında müzakirə olunur və bundan sonra İdarə Heyətində müzakirəyə çıxarılır. İdarə Heyətinin isə 11 üzvü var. Çoxluğun rəyi əsasında hər hansı qəzet və ya jurnal barədə qərar çıxarılıb. Yəni hansısa mətbu orqanın adının “qara siyahı”ya salınması tək Əflatun Amaşovdan asılı olan məsələ deyil.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Qafar Çaxmaqlının sözlərinə görə, Mətbuat Şurası İdarə Heyəti “reket qəzetlər” barədə qərar qəbul edəndən sonra bəzi qəzetlərdə Şuranın və onun rəhbəri Əflatun Amaşovun ünvanına təhqir, böhtan dolu yazılar dərc edilməkdədir: “Bildirmək istəyirəm ki, qərarlar təkcə Əflatun Amaşov tərəfindən qəbul olunmur. Ona görə də, Əflatun Amaşova qarşı edilən həm də Mətbuat Şurasına qarşı hərəkətlərlər kimi başa düşülməlidir.

Bütün bunlara baxmayaraq, Mətbuat Şurası bundan sonra da öz sözünü deyəcək”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu isə bildirdi ki, adı “qara siyahı”ya salınmış qəzetlərin məsələsinə əvvəlcə Şuranın şikayətlər üzrə komissiyasında baxılır və sonra İdarə Heyətində müzakirəyə çıxarılır. İdarə Heyətində bir nəfərin qərar qəbul etməsi mümkün deyil. Belə hal Mətbuat Şurasının praktikasına yaddır. Bütün məsələlər kollegial şəkildə qəbul olunur. İstənilən qərar Əflatun Amaşovun deyil, İdarə Heyətinin mövqeyini özündə ehtiva edir. Əflatun Amaşovun hədəfə alınması da başadüşüləndir. Çünki o, şuranın sədridir. Bəzən Əflatun iclaslarda sona qədər öz mövqeyini bildirmir. Mətbuatımıza kifayət qədər ləkə gətirən, mətbuatın adına yaraşmayan, jurnalistikamıza utanc gətirən “reket qəzetlər” həm bölgələrdəki fəaliyyətləri, həm də dövlət qurumlarına müraciət etməklə problem yaradırlar. Bu mənada düşünürəm ki, Mətbuat Şurası çox düzgün mövqe tutub. Bu istiqamətdə Mətbuat Şurası öz fəaliyyətini davam etdirəcək. Yazılar da yazılacaq, Mətbuat Şurasının üzvləri və Əflatun Amaşov da hədəfə alınacaq. Amma bütün bunlar bizi öz yolumuzdan döndərə bilməyəcək”.

Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Mətbuat Şurasındakı prosedur barədə ətraflı məlumat verərək qeyd etdi ki, Şuraya daxil olan istənilən müraciət katiblikdə qeydiyyata alınır. Katiblik isə şikayəti ya şikayətlər komissiyasına, ya da reket komissiyasına göndərir. Mətbuat Şurasının Şikayət Komissiyasında daxil olan müraciətə baxılır.

Müraciətdə ciddi faktlar varsa, o baxılması üçün reket komissiyasına göndərilir. Reket komissiyasının qərarından asılı olaraq müraciət Mətbuat Şurasının İdarə Heyətinə göndərilir. İdarə Heyətində şikayət ətraflı araşdırılır və sonda qərar qəbul edilir. Qərarların qəbulu heç də bir-iki nəfərin iradəsindən asılı deyil. Məsələ burasındadır ki, Mətbuat Şurasındakı hər bir komissiyasının 4-5 üzvü var. Həmin üzvlərin bəzisi həm də İdarə Heyətində təmsil olunur. Dəfələrlə şikayət verənlərə və şikayət olunanlara çatdırılıb ki, burada bir nəfərin yox, bütün tərəflərin iştirakı ilə qərarlar qəbul olunur. Belə olan halda adı qara siyahıya düşən qəzetlərin bunda məhz Mətbuat Şurasının sədri Əflatun Amaşovu suçlamasına gəlincə, bildirim ki, “reket qəzetlər” son vaxtlar bir neçə taktikadan istifadə edir”.

Müşfiq Ələsgərli onu da əlavə etdi ki, adı qara siyahıya düşən qəzetlər qərardan yayınmaq üçün müxtəlif variantlara əl atır: “Bizim apardığımız monitorinqlər, müşahidələr maraqlı nəticələr ortaya qoymuş oldu. Mətbuat Şurası şikayət olunan gündən qərar qəbul edilən günə qədər qəzetin monitorinqini aparır, oradakı yazıların nəyə xidmət etdiyini araşdırır. Barələrində qərar qəbul ediləndən sonra da monitorinqlərimizi davam etdiririk. 2010-cu ilin yanvar ayından sonra adları qara siyahıya düşən qəzetlərin baş redaktorları belə versiyalar irəli sürür ki, guya Mətbuat Şurasında qərarlar kollegial şəkildə qəbul olunmayıb.

Yazırlar ki, guya Mətbuat Şurasının ayrı-ayrı üzvlərinə zəng ediblər. Həmin üzvlər də onlara bildirib ki, qərarın qəbulu bir nəfərdən asılıdır. Hətta Mətbuat Şurasının üzvləri “reket qəzetlər”in baş redaktorlarından üzr də istəyiblər. Onlar bu barədə yazandan sonra Mətbuat Şurası açıqlama ilə çıxış etdi. Açıqlamada bildirilirdi ki, Mətbuat Şurasında həqiqətən də belə üzvlər varsa, o zaman onların adlarını açıqlayın.

Amma adlarını açıqlamadılar. Görünür, özlərindən uydurublar. “Reket qəzetlər” Mətbuat Şurasının üzvlərini üz-üzə qoymaq istəyir. Mənə zəng edib deyirlər ki, guya İdarə Heyətinin iclasında mən onların tərəfini saxlamışam. “Reket qəzetlər”in baş redaktorları təkcə mənə deyil, İdarə Heyətinin digər üzvlərinə də zənglər edib eyni sözləri deyiblər.

Bununla da onlar Mətbuat Şurasının daxilində şübhə toxumu səpmək istəyirlər.

Onların bu taktikası işə keçməyəndə ikinci varianta əl atdılar. Şantaj yolunu seçdilər. Xəbər verirdilər ki, guya onların əlində Mətbuat Şurasının üzvləri barədə məlumatlar var.

Hətta Mətbuat Şurasının üzvlərinə zəng edib deyirlər ki, həmin şəxs sən özünsən. Bu yolu ilə çalışırdılar ki, Mətbuat Şurasının üzvlərini şantaj yolla öz tərəflərinə çəksinlər. Şuranın üzvləri guya onları müdafiə etməyəcəyi təqdirdə və ya bitərəf qalmayacağı halda barəsində silsilə yazılar dərc ediləcək. Amma bildirmək istəyirəm ki, Mətbuat Şurası üzvlərinin bu mənada heç nədən çəkinəcəyi, utanacağı yoxdur.

Mətbuat Şurasının, xüsusilə də İdarə Heyətinin üzvləri kifayət qədər şəffaf insanlardır, ictimaiyyət arasında üzləri ağ, alınları açıqdır. Bu variant da işə yaramayanda “reket qəzetlər” başqa taktikaya əl atdılar. Mətbuat Şurasının sədri Əflatun Amaşov və komissiya sədri Umud Rəhimoğlunun barələrində böhtan, təhqir xarakterli yazılar, hədyanlar dərc etməyə başladılar. Mətbuat Şurasının bu iki məsul şəxsini hədəf seçməklə onları ictimaiyyətin gözündən salmağa, nüfuzlarını aşağılamağa çalışırlar.

Amma bu taktika da həyata keçməyəcək. Çünki adı Mətbuat Şurasının “qara siyahı”sına düşən qəzetlərin satış faizi çox aşağıdır, onları oxuyan yoxdur. Onların bütün bu cəhdləri nəticəsiz olacaq. Digər tərəfdən, qara siyahıya düşmüş qəzetlər öz haqlarını qanun çərçivəsində müdafiə etməlidir. Adları təmizə çıxarmaq üçün bircə yol var.

O da sırf jurnalistik fəaliyyətilə məşğul olmaqdır. “Reket qəzetlər”in Mətbuat Şurasının qara siyahısından çıxarılması ilə bağlı təlimat var. Təlimatda göstərilib ki, qəzetlər bəraət ala bilər. Bunun üçün onlar bir il ərzində öz fəaliyyətlərini düzəltməli, barələrində şikayət olunmamalı və bir ildən sonra fəaliyyətlərinin yaxşılığa doğru dəyişməsinə dair arayışı Mətbuat Şurasına təqdim etməlidirlər.

Amma adı qara siyahıya düşmüş qəzetlər müsbətə doğru dəyişmək, adlarını qara siyahıdan çıxarmaq əvəzinə qanunsuz işlərlə, Mətbuat Şurasının sədrini və üzvlərini şantaj etməklə, böhtan və təhqirlərə yol verməklə məşğul olurlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO