Reket jurnalistlərin məhkəməsi başladı

Dekabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan bir neçə jurnalistin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, iclasda təqsirləndirilən şəxslər Eldar Əsgərov, Şahlar Vəliyev və Nüşabə Qasımovanın cinayət işi üzrə məhkəmə baxışı dekabrın 10-a təyin edilib.

İttihama görə, Quba rayonundan olan iş adamları İsgəndər Hüseynov, Səfa Məsimov, Bəxtiyar Məmmədov, Rüfət Qurbanov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, özlərini jurnalist kimi təqdim edən Şahlar Vəliyev, Eldar Əsgərov və Nüşabə Qasımova qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rayon ərazisində yerləşən yuxarıda adları çəkilən şəxslərə məxsus “Ramin”, “Qoşa çinar”, “Qübbə”, “Əfsanə” və “Rüstəm” kafelərinin fəaliyyətləri ilə əlaqədar rüsvayedici məlumatlar yayacaqları hədələyərək onların hər birindən 1.000 manat tələb ediblər.

Daha sonra Sumqayıt şəhər sakini Şahlar Vəliyev “Yeni Azərbaycan Dünyası”, Şirvan şəhər sakini Eldar Əsgərov isə “Günəşli Azərbaycan” və “Qanun və gerçəklik” qəzetlərinin baş redaktorları kimi jurnalist adına yaraşmayan, ona ləkə gətirən fəaliyyətlə məşğul olub, ayrı-ayrı vətəndaşlardan və iş adamlarından müxtəlif vaxtlarda hədə-qorxu ilə pul tələb ediblər.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələm etmə) maddələri ittiham olunurlar.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO