Regionlardakı kitabxanalar avtomatlaşdırılır

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işi davam etdirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə, Mingəçevir şəhər, Zərdab rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb-saytları İnternet şəbəkəsində yerləşdirilib.

Gəncə şəhər Mərkəzi Kitabxanasının www.gencekitab.az Veb-saytında “Gəncə şəhərinin tarixi” bölməsində şəhərin adının yaranması, habelə şəhərin yaranmasının 2500 illik tarixi haqqında geniş məlumat verilib, bir sıra tarixi faktlar işıqlandırılıb. “Gəncə şəhərinin tarixi abidələri” bölməsində Gəncə şəhərində dövlət reyestrinə daxil edilmiş abidələr haqqında məlumat verilib və onların fotoları yerləşdirilib. Kitabxananın Veb-saytının “Ana səhifə”sində keçirilmiş tədbirlər haqqında məlumatlar və şəkillər öz əksini tapıb. Bundan başqa, şəhər Mərkəzi Kitabxanası, onun şöbələri, habelə kitabxanada fəaliyyət göstərən “Amerika Mərkəzi” haqqında məlumatlar verilib.

Gəncə şəhər Mərkəzi Kitabxanasının Veb-saytında “Azərbaycan kitabxanaları” bölməsi də var ki, bu linklərdən digər kitabxanaların Veb-saytına daxil olmaq mümkündür.

Respublikanın şəhər kitabxanaları arasında Veb-sayt yaradılması işində Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı (www.mingacevirmks.webs.com) istifadəçilərin marağına səbəb olub. Kitabxananın Veb-saytında məlumatlar 3 bölmədə sistemləşdirilib. Birinci, kitabxana haqqında məlumatlar, ikinci, şəhər, şəhərin iqtisadiyyatı, tarixi abidələr və turizm potensialı, üçüncü, Azərbaycan haqqında, respublikamızın dövlət rəmzləri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar, habelə Mədəniyyət və Turizm Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin Veb-saytlarına birbaşa keçid linkləri yerləşdirilib. “Kitabxana” bölməsində kitabxana və onun şöbələri haqqında məlumatlar, “Xəbərlər” bölməsində şəhər MKS-də keçirilən tədbirlərin fotoları yerləşdirilib. “Bizim şəhər” bölməsində Mingəçevir şəhəri, onun tarixi və müasir Mingəçevir haqqında maraqlı məlumatlar, “Memarlıq abidələri” bölməsində şəhər ərazisində mövcud olan və mühafizə edilən bir sıra tarixi abidələr və onların fotoşəkilləri var. Veb-saytın “İqtisadiyyat” və “Turizm potensialı” bölmələrində Mingəçevirin respublika iqtisadiyyatında tutduğu yer, şəhərin respublika enerji təminatçısı kimi rolu, yeni açılmış istehsalat obyektləri, habelə şəhərin turizm gözəllikləri əks olunub. “Doğma Azərbaycan” və “Dövlət rəmzləri” bölmələrində Azərbaycan haqqında zəngin məlumat portalı olan www.azerbaijan.az saytına birbaşa keçid linki qoyulub, dövlət rəmzləri haqqında geniş məlumatlar yerləşdirilib. Bundan başqa, Veb-saytda “Dağlıq Qarabağ problemi” bölməsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilib.

Zərdab rayon Mərkəzi Kitabxanasının saytında Zərdab (www.zerdabmks.webs.com) rayonu haqqında ümumi məlumat, habelə rayonun yetirmələri Həsən Bəy Zərdabi, milli Azərbaycan hökumətinin yaranmasında fəallıq göstərmiş Şirin Nuriyev, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov və b. şəxslər haqqında məlumatlar verilir. Saytın maraqlı linklərindən biri “Əkinçi” bölməsidir. Burada Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi” qəzeti, onun yaradıcısı Həsən bəy Zərdabinin bu sahədəki fəaliyyəti haqqında məlumatlar təqdim edilir.

Kitabxananın veb-saytında “Kitabxana” və “strukturu” bölməsində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun fəaliyyəti və şöbələri haqqında, “Tədbirlər” bölməsində isə keçirilən tədbirlər haqqında məlumatlar təqdim edilir. Bundan başqa, “Yeni nəşrlər” bölməsində kitabxana fonduna daxil olan yeni kitabların siyahısı təqdim edilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO