Region jurnalistləri İzmirə toplaşır

Aprelin 3-4-də İzmirdə Qafqazda münaqişələr mövzusuna dair toplantı keçiriləcək. Beş ölkə jurnalistlərinin qatılacağı bu tədbirdə Azərbaycanın jurnalist təşkilatlarının rəhbərləri də iştiak edəcək.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin dediyinə görə, bu tədbirin təşkili ideyası Türkiyənin elan etdiyi “Qafqazlarda istiqrar və iş birliyi” platforması əsasında yaranıb: “Bu platforma Gürcüstanla Rusiya arasındakı 5 günlük müharibədən sonra yaranmışdı və region dövlətləri tərəfindən maraqla qarışlanmışdı. Təşəbbüs bizim də diqqətimizi cəlb etdi. Düşündük ki, jurnalistlər bu platformanın doğlunlaşdırılması və gerçəkləşməsinə böyük töhfə verə bilərlər”.

A.Əliyevin dediyinə görə, “Yeni Nəsil” JB bir ildən artıqdır ki, bu təşəbbüslə bağlı region dövlətlərinin ən böyük jurnalist təşkilatları ilə müzakirələr aparır. Nəhayət, beş ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin ən nüfuzlu jurnalist qurumlarının iştirakı ilə İzmir şəhərində ümumi yığıncağın keçirilməsinə qərar verilib. Bu cür formatda ilk belə toplantıda əsasən 2 məsələ müzakirə olunacaq. Əvvəla, iştirakçı ölkələrdə medianın durumu, KİV-lərin münaqişələrə baxış bucağı, baş verənləri adekvat işıqlandırmaq bacarığı ilə əlaqədar diskussiyalar aparılacaq. Daha sonra regiondakı münaqişələr, bu münaqişələrin təklif edilən həll variantları, konfliktlərin həllinə dair ictimai gözləntilərlə bağlı fikir mübadiləsi keçiriləcək. Toplantının sonunda iştirakçılar uzunmüddətli fəaliyyət proqramı hazırlayıb razılaşdıracaqlar.

Açıq Cəmiyyət İnstitutunun dəstək verdiyi bu təşəbbüs böyük bir proqramın tərkib hissəsidir. Sözügedən toplantı Türkiyə Qəzetçilər Federasiyası və İzmir Ekonomi Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq. Toplantıda Rusiya Jurnalistlər İttifaqı və Rusiyanın Regional Mətbuat İnstitutu, Türkiyə Qəzetçilər Federasiyası kimi iri qurumlar da təmsil olunacaq.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, siyasi şərhçi Qulu Məhərrəmli, politoloq Rasim Musabəyov da toplantı iştirakçıları arasındadır.
Arif Əliyev bu təşəbbüs çərçivəsində ilk konfransın nisbətən dar çərçivədə keçiriləcəyini deyir. Lakin bu ildən başlayaraq, digər istiqamətlərdə daha geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Xüsusilə də Rusiya və Türkiyədə müəyyən tədbirlər planlaşdırılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO