Redaktorların jurnalistlər üçün tikilən evdə gözü yoxdur

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən tikiləcək binadan mənzil almaq istəyində olan jurnalistlərin gözü yoldadır. Jurnalistlər səbirsizliklə mənzillə bağlı sənəd qəbulunun elan ediləcəyi günü gözləyir. Maraqlıdır görəsən, baş redaktorlar arasında da bu istəkdə olan varmı?

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mənzili olduğu üçün mənzillərin bölüşdürülməsi məqsədilə elan olunacaq sənəd qəbulunda iştirak etməyəcəyini deyir: “Ev almaq üçün müraciət etmək fikrində deyiləm. Hesab edirəm ki, bu prosesdə daha çox ehtiyacı olan mətbuat nümayəndələri mənzillə təmin olunmalıdır”.
E.Mirzəbəyli jurnalist işləməklə mənzil almağın qeyri-mümkün olduğunu dedi: “Jurnalist kimi çalışa-çalışa mənzil almaq mümkün deyil. Mən öz mənzilimi çoxdan almışam və o zamanlar qəzetdə işləmirdim. Yazılı mediada olduğum dönəmdə isə heç nə ala bilməmişəm, nəinki mənzil. Çünki jurnalistlərin maddi durumu buna imkan vermir”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli isə bu məsələylə bağlı redaksiya daxilində müzakirə aparılacağını və qərarın əməkdaşların qərarından asılı olaraq qərar qəbul olunacağını dedi: “Əməkdaşlarımızın mövqeyini nəzərə alaraq evlə bağlı müraciət edib-etməyəcəyim haqda qərar verəcəyəm. Hələlik bu barədə dəqiq məlumat verə bilmərəm. İstərdik ki, ev alanlar arasında “Kaspi”nin də əməkdaşları olsun”.
N. Məmmədli jurnalist işləməklə ev almağın çətin olduğunu və bunun bir çox səbəbləri olduğunu da dedi: “Bu gün banklar jurnalistlərə etimad göstərmir. Hətta adi məişət texnikasını belə jurnalistin kreditlə götürmək imkanı yoxdur. Yazarların əməkhaqqı, qonorarı da ən sadələşdirilmiş şərtlər olsa belə, ev almağa bəs etməz. Ona görə də bu layihə alqışlanmalıdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə evi olduğu üçün müraciət etmək fikrində olmadığını dedi: “Evi “7 gün” qəzetində işləyən zaman almışam. Təbii ki, bu həmin qəzetdən aldığım məvacib hesabına olmayıb. O vaxt valideynlərin, qohum-əqrəbanın köməyini və öz imkanlarımı ümumiləşdirib mənzil ala bildim. Ancaq “Şərq” qəzetində mənzilə ehtiyacı olan və uzun müddət peşəkar jurnalistika ilə məşğul olan jurnalistlər var ki, hazırda kirayədə yaşayır. Elə jurnalistlərimiz də var ki, mənzil problemi üzündən subaylığın daşını ata bilmir. Ona görə də “Şərq” qəzetinin əməkdaşları ev almaq üçün müraciət etməyə hazırlaşır”.
A.Aşırlı jurnalistlərin qonorar və maaşı ilə ev almağın mümkün olmadığını da söylədi: “Cənab prezident “jurnalistlərin dostu” mükafatının təqdimatı mərasimində jurnalistlərin biznesmen, sahibkar olmadıqları ilə bağlı fikir səsləndirdi. Tamamilə doğru fikirdir. Bu gün yazılı mətbuatın bir biznes strukturuna çevriləcək halı da yoxdur, çünki qəzetlər güc-bəla ilə ayaqda durur”.

“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın da öz adından mənzil almaq üçün müraciət etmək fikri yoxdur: “Evimi 1999-cu ildə almışam. Həmin dövrdə mənzillərin qiyməti çox ucuz idi və bundan istifadə edərək ev ala bildim. Ancaq “Yeni Müsavat” qəzetinin redaktorları arasında mənzil şəraiti olduqca acınacaqlı vəziyyətdə olanlar var. O cümlədən müxbirlər arasında da mənzilə ehtiyacı olanlar var. Ona görə də KİVDF-yə “Yeni Müsavat”ın əməkdaşları da müraciət edəcək və çalışacağıq mənzil alanlar sırasında qəzetimizin əməkdaşları da olsun”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO