Redaktor öz qəzetinə müsahibə versin, verməsin?

Qəzetləri vərəqləyəndə tez-tez rastlaşırsan: baş redaktor rəhbərlik etdiyi nəşrə müsahibə verib, yaxud altında öz müxbirinin imzası olan yazıda baş redaktorun da fikirləri, hansısa məsələyə münasibəti yer alıb. Tez-tez olur belə şey. Bu üsul qəzetçilik prinsiplərinə uyğundurmu?

“Media forum” bu sualı tanınmış qəzetçi, əməkdar mədəniyyət işçisi Şakir Yaqubova, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədliyə və vaxtilə bir neçə nəşrin baş redaktoru olmuş köşə yazarı Şahvələd Çobanoğluna ünvanlayıb.

Şakir Yaqubov belə bir praktikanı yolverilməz sayır: “Baş redaktor da qəzetin əməkdaşıdır. O, müxbirini, tutalım, Şakir Yaqubovla müsahibə almağa göndərə bilər. Bu halda baş redaktor əməkdaşına jurnalist kimi yanaşmış olur, yəni onu öz vəzifə borcunun icrasına yönəldir. Yox, baş redaktor müxbirinə “Gəl məndən açıqlama al” deyirsə, bu halda o, jurnalisti, üzr istəyirəm, kuryer yerinə qoymuş olur. Onu aşağılamış, alçaltmış olur”.

Öz qəzetində tez-tez açıqlamalarla çıxış edən, öz qəzetinə müsahibə verən baş redaktorlara Ş.Yaqubov bunun yerinə yazı yazmağı məsləhət görür: “Sən də jurnalistsən axı. Nə olsun ki, baş redaktorsan, zəhmət çək, qələmi götür, ya keç kompüterin arxasına, yaz fikrindən keçəni. Məqalə olmasın, olsun replika, ya kiçik həcmli münasibət. Qoy öz imzanla getsin qəzetdə. Həftə səkkiz-mən doqquz öz müxbirinə, öz qəzetinə müsahibə vermək jurnalistikaya yad bir şeydir, etik baxımdan da düzgün deyil. Həm jurnalistikaya, həm də oxucuya hörmətsizlikdir”.

Nəsir Əhmədli belə bir ənənəni şəxsiyyətə pərəstişin əlaməti sayır: “Nəşrlərin heç də hamısı plüralizmə əməl etmir. Ona görə də müxtəlif nəşrlərdə öz fikrini deyə bilməyən şəxs öz qəzetindən yararlanmalı olur – kiməsə cavab verir, bu və ya digər məsələyə münasibət açıqlayır. Olar belə şey. Lakin qəzetdə həmin nəşrin rəhbərindən “baş redaktorumuzun fikrincə” deyibən sitat gətirilməsini də qəbul etmirəm”.

N.Əhmədli bu praktikada jurnalist etikasına zidd nəsə olmadığını deyir: “Bu formada daha çox şəxsiyyətə pərəstişin ünsürləri sezilir. Yəni “bizim baş redaktor hamıdan çox bilir, biz ona istinad edirik, onun fikri bizim üçün əsasdır” təəssüratı yaradır. Özünə istinad edilməsi o qədər də etik sayılmamalıdır. Qeyd etdiyim kimi, görünür, baş redaktorlar başqa yerdə müsahibə vermək imkanları olmadığından öz qəzetindən istifadə edirlər”.

Professor bu təcrübənin Azərbaycana Türkiyə mətbuatından gəldiyini istisna eləmir: “Rusiya mətbuatının təsiri sovet illəri ilə müqayisədə zəifdir. Türkiyə mətbuatının bizim nəşrlərə təsirinin güclü olmasında dil yaxınlığı amili də rol oynayır. Son vaxtlar mən Azərbaycan mətbuatında Avropadan gələn, yaxud beynəlxalq jurnalist təşkilatlarının xətti ilə müəyyənləşdirilmiş standartlara uyğun normalardan istifadə hallarına da rast gəlirəm. Əlbəttə, yeniliklər yaxşıdır”.

Ancaq N.Əhmədli dünya standartlarının Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsini nəzərə almadan tətbiqini qəbul etmir: “Yerli şərait nəzərə alınmalıdır. Məsələn, jurnalistikanın funksiyalarından danışanda xəbərləmə, maarifləndirmə, əyləncə funksiyalarının adını çəkirlər. Lakin mən onları törəmə funksiyalar hesab edirəm. Bizim mətbuatın əsas funksiyası ümummilli inkişafa xidmət olmalıdır. Yəni yönündən asılı olmayaraq bütün kütləvi informasiya vasitələri üçün milli mövqe ön planda durmalıdır. Yalnız bundan sonra saydığım üç funksiya gəlir”.

Şahvələd Çobanoğlunun fikrincə, jurnalistikada ənənələr təcrübə toplamaqla formalaşır: “Əsasən böyük qəzetlər öz ənənələrini yaratmağa çalışırlar. Nəinki baş redaktor, müxbir də öz qəzetinə açıqlama verə bilər. Əsas kriteriya odur ki, reportaj, xəbər janrında əməkdaşın rəyi getməsin. Məsələn, qaynar nöqtədən reportaj yazan müxbir hadisə yerində olan baş redaktorundan, yaxud iş yoldaşından açıqlama ala bilər. Araşdırma mövzularında da mümkündür belə şey. Yaxud xarici səfərdən indicə gəlmiş baş redaktordan nömrəyə tələsik xəbər hazırlamaq lazımdırsa”.

Köşə yazarı hesab edir ki, jurnalistikanın əsas kriteriyası faktların doğru olmasıdır: “Əsas odur ki, fakt əvəzinə rəy təqdim olunmasın. Prinsip etibarı ilə baş redaktorun öz qəzetinə müsahibə verməsinə, yaxud açıqlama ilə çıxış etməsinə pis baxmamışam. Baxmayaraq ki, bu praktikadan istifadə eləməmişəm. Təki bu praktika manipulyasiya xarakteri daşımasın, oxucular o açıqlamalarla yanlış yönləndirilməsin. Açıqlamalar həqiqəti aşkara çıxarmaq, daha geniş təsvir yaratmaq üçündürsə, buna normal baxmaq lazımdır. Dünyanın heç bir mətbuatının əxlaq kodeksində, yaxud jurnalist birliklərinin, assosiasiyaların razılaşmasında belə bir qadağa yoxdur”.

Ş.Çobanoğlu digər ölkələrin mətbuatında da bu formadan istifadə olunduğunu bildirir: “Tələbə dövründə böyük ənənələri olan qəzetlərin kodeksləri ilə tanış olmuşam, belə bir qadağaya rast gəlməmişəm. Bu forma altında kimsə pis açıqlama verirsə, bu artıq məsələnin başqa tərəfidir. Burada formanın hansısa günahı yoxdur”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO