Rəbiyyət Aslanova: «…o jurnalistlər cəzadan kənarda qala bilməz… “

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, yazılar tənqidi xarakterli ola bilər, amma təhqirə, böhtana heç cür yol vermək olmaz

– Rəbiyyət xanım, bugünlərdə ATƏT üzvü olan dövlət başçılarının Astana sammitində prezident İlham Əliyevlə görüşündə sözügedən qurumun media azadlığı üzrə xüsusi nümayəndəsi xanım Dunya Myatoviç yenidən «Diffomasiya haqqında» qanunun qəbulu məsələsini gündəmə gətirib. Bu baxımdan, necə hesab edirsiniz, nəhayət, yaxın zamanlarda, yaxud parlamentin yaz sessiyasında adıçəkilən qanun layihəsi müzakirələrə çıxarılıb qəbul oluna bilərmi?

– Əvvəla, bu məsələ demək olar, ATƏT-in, onun Parlament Assambleyasının hər iclasında gündəmə gəlir və Azərbaycan nümayəndə heyəti də bununla bağlı öz qəti mövqeyini bildirir. Yəni, «Diffomasiya haqqında» qanunun qəbul olunması etik normaları, jurnalist etikasını gözləyən Azərbaycan jurnalistikasının formalaşmasından sonra mümkündür…

– Sizcə, Azərbaycan jurnalistikası qeyd etdiyiniz məqam baxımından formalaşmayıb?

– Təəssüflər olsun ki, yox! Bu, təəssüfləndirici bir məqamdır. Bu gün Azərbaycan jurnalistinin, media mənsublarının dünyada mövcud olan jurnalistin etik kodeksinin ali prinsiplərini rəhbər tutaraq, yazdığı yazılara məsuliyyətli münasibəti formalaşacaqsa, biz o qanunun qəbuluna razı olacağıq, onu dəstəkləyəcəyik. Amma jurnalistin, media təmsilçilərinin insan ləyaqəti, insan şəxsiyyəti, insanın şəxsi, özəl həyatı ilə əlaqədar olaraq, belə demək mümkünsə, yazdıqları hörmətsiz yazılara görə, məsuliyyətə cəlb olunmaması qeyri-mümkündür. Bunu təkcə Azərbaycan reallıqları tələb etmir, bu, bütün dünyada belədir. Burada yüksək mənəvi prinsiplər nəzərə alınmalıdır. Biz jurnalistin obyektiv yazı yazmasına, həqiqəti, gerçəkliyi ortaya qoyan materiallar hazırlamasına tərəfdar olan insanlarıq və bu, belə də olmalıdır. Ortalıqda fikir plüralizmi deyilən bir məqam var, ancaq elə sədd də var ki, onu adlamaq, ayaqlar altına salmaq olmaz. Yuxarıda qeyd etdiyim kimi, dünyada jurnalistin etik kodeksi qəbul olunub, mövcuddur və bununla əlaqədar olaraq, jurnalistin üzərinə də böyük məsuliyyət düşür. Yazdığı yazının insanların şəxsi həyatına müdaxilə etməməsi, onların təhqirə, böhtana məruz qoyulmaması burada öz əksini tapıb və tapmalıdır. Yazılar tənqidi xarakterli ola bilər, ancaq heç cür təhqirə, böhtana yol vermək olmaz. Biz cəzasızlıq mühitində yaşamaq istəmirik. Böhtan, təhqir yazan heç bir kimsə cəzasız qalmamalıdır. Necə ola bilər, bir kəs başqasını təhqir edəndə, peşəsindən asılı olmayaraq, məhkəməyə verilir, cəzalandırılır, qanun qarşısında məsuliyyət hissi daşıyır, amma jurnalist öz peşəsinə görə, istədiyini edir və peşəsini bayraq tutaraq cəzadan kənarda qalır? Bu şəxs peşəsindən asılı olmayaraq, digərləri kimi cəzadan kənarda qala bilməz. Azərbaycan hüquqi, demokratik bir dövlətdir və Azərbaycan vətəndaşı da – adi vətəndaşından tutmuş məmuruna qədər, hər bir kəs öz hərəkətlərinə, etdiklərinə görə məsuliyyət hissi daşımalıdır, eyni zamanda, hamı öz şərəf, ləyaqətini qorumaq haqqına malikdir. Odur ki, yazılan yazılar əgər şərəf və ləyaqəti alçaldacaqsa, ona xələl gətirəcəksə, insanın nüfuzunu cəmiyyətdə heçə endirəcəksə, həmin şəxs yazılarına görə mütləq cəzasını almalıdır…

– Hər halda, sözlərinizdən belə nəticə hasil olur ki, «Diffomasiya haqqında» qanunun qəbulunun tərəfdarısınız…

– Bir şərtlə və o zaman ki, jurnalist öz yüksək jurnalist məsuliyyətini anlayaraq və jurnalist etikası kodeksindən irəli gələn prinsipləri rəhbər tutaraq, yazdığı yazılarda insanın şərəf və ləyaqətinə, onun nüfuzuna, şəxsi həyatına müdaxilə etməyəcək, xələl gətirməyəcək…

– Bunu gözləyənlər gözləməyənlərə görə, hansısa əziyyətlər, hətta, cəzalar çəkməlidirmi?

– Bununla əlaqədar olaraq Mətbuat Şurası var, digər müvafiq qurumlar, jurnalist birlikləri mövcuddur. Bunlar jurnalistlər arasında ciddi iş aparmalıdırlar və bu gün Azərbaycan jurnalisti qələminə, peşəsinə, sözünə hörmət etməlidir. Bu, vacibdir.

– Əgər sözügedən qanunun qəbulu mümkün olarsa, o zaman informasiya azadlığı üzrə Ombudsmanın da təyinatı məsələsi aktual olmayacaqmı? Daha doğrusu, onun səlahiyyətlərinin bütövlükdə bir quruma – İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutuna, Ombudsmana həvalə olunması sonradan müəyyən problemlərin yaşanmasına səbəb olmayacaqmı?

– Bilirsiniz, yaranmış heç bir demokratik təsisat statik təsisat deyil, bu, dinamik təsisatdır, inkişaf etməkdə olan təsisatdır. Bu gün də Ombudsman İnstitutuna verilən o səlahiyyətlər onun genişləndirməkdə olan imkanlarına dəlalət edir. İnsan hüquqları əslində hüdudsuz bir mövzudur və o mövzuları, müxtəlif spektləri əhatə etmək üçün bu institutut öz fəaliyyətini genişləndirməlidir. 2001-ci ildəki durumla bugünkü durum eyni deyil və belə olan halda Ombudsman İnstitutuna da belə səlahiyyətlərin verilməsinin tərəfdarıyam.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO