Rafiq Tağının öldürülməsi və İslam

Rafiq Tağının öldürülməsi və İslamBu mövzu haqqında daha öncə də yazmışdım. Baş verən bir dadsız olayın bir dinin ayağına yazılması yoluyla həmin dinin terror tərəfdarı elan edilməsi doğru bir şey deyildir. Hələ bu, bizim də mənsub olduğumuz İslam dini olsa gərək.

Yazıçı, jurnalist, publisist və ictimai fəal Rafiq Tağını öldürdülər. Hər kəs bu məsələyə öz anladığı qədər şərh verməyə çalışdı. Təbii ki, ictimai fəal insanların belə bir olaya seyrçi qalması bağışlanmaz olardı və bu baxımdan cəmiyyətimizi alqışlamaq olar. Düzdür, hakimiyyət mediasına bu alqışlardan pay düşmür, ancaq ümumi ictimai rəy Azərbaycanda daha bir yazarın öldürülməsinə heç də təpkisiz qalmadı.

Bu olayla bağlı şəxsi düşüncəmi də dilə gətirməklə əsas mətləbə keçmək istərdim. Məncə, Rafiq Tağını Azərbaycan hakimiyyətinin yuxarı çevrələrinə bağlı kimsələr öldürtməyib. Bu ölümü hakimiyyətin ayağına bağlamaq, elə başa düşürəm ki, ədalətsizlik olardı. Çünki mərhum sərt tənqidləri ilə diqqət çəksə də kimsənin toyuğuna kiş dediyini görən olmayıb. O mənada ki, Rafiq Tağı hakimiyyət üçün ciddi təhlükə təşkil etmirdi və öldürməyə gələndə onun növbəsi çox-çox uzaqlarda idi.

Ancaq fakt budur ki, Rafiq Tağı öldürülüb. Həm bir qatil tərəfindən, həm də onu müalicə etməli olanların səhlənkarlığı üzündən. Hər ikisi araşdırılmalıdır və hətta deyərdim ki, bu, Azərbaycan dövlətinin şərəf işidir. Niyə şərəf işidir? Bu sualın cavabını aşağıda verməyə çalışacağıq.

Rafiq Tağının İran adlanan ölkənin fanatik və cahil mollalarının sifarişi ilə öldürülməsi fikri daha geniş yayılıb və məncə də daha ağlabatandır. Çünki mərhum bir zamanlar İslam haqqında hələ də orta yüzillərdən qurtula bilməyən cahillərin idarəsi altında olan İranın sözdə İslam təəssübkeşlərinin qəzəbinə səbəb olacaq yazılar yazırdı. Hətta iddia edilirdi ki, Rafiq Tağı İslamı təhqir edir. Bunu əldə rəhbər tutan İran mollaları açıq bir şəkildə onun ölümünə fitva vermişdilər və indi Azərbaycanın bu qələm adamı aramızda yoxdur. Bunun ardından İranın zəhər qusan “Səhər” (“Səhər”iniz bu qədər cəhalət qoxursa, gecənizi təsəvvür belə etmək istəməzdim – A.H.) telekanalizasiyası bu ölüm olayını toy-bayram kimi elan etdi. Və daha bir ipucu da İran ayətullahlarından gəldi: “Rafiq Tağınının öldürülməsilə İslamın bir düşməni məhv edilmişdir və onu öldürənə halal olsun” dedilər! Elə Azərbaycan dövləti üçün şərəf məsələsi dediyimiz də buradan qaynaqlanır!

Əgər ehtimal etsək ki, Rafiq Tağını İranın cahil mollaları öldürtdürüb və bunu düz Bakının mərkəzində gerçəkləşdirə bilib, dövlətimizin güvənlik durumu sual doğurmurmu? Məgər bu dövlət kimliyindən asılı olmayaraq hər bir vətəndaşının can güvənliyini qorumaqla görəvli deyilmi? Görəvlidir! Üstəlik İran kimi cəhaləti üzündən dünyanın qınağına tuş gələn bir ölkədən qaynaqlanan fitvayla Azərbaycan Respublikasında kimisə öldürürlərsə və mənim dövlətim bunun qarşısını ala bilmirsə, deməli, biriləri bir yerlərdə yerində deyil. Ona görə də düşünürük ki, ölkə başçısı sayın İlham Əliyev şəxsən Rafiq Tağının qatil(lər)ini tapmaqda maraqlı olmalıdır və onun meydanında at oynatmağa iddia edənlərin burnunu ovmalıdır! Bu, bir şərəf məsələsidir! Dünyada yalnız cahil olmasıyla tanınanlar mənim dünyəvi və çağdaş ölkəmdə at oynatmamalıdır!

İndi isə bu məsələnin İslamın ayağına yazılmasına gəlincə. Sosial şəbəkələrdə, bir sıra bloglarda gənc dostlarımızdan bəziləri Rafiq Tağını İran mollalarının öldürtməsi ehtimalını əsas gətirərək dinimizə burada qeyd olunması imkansız söyüşlər söydülər. Məhəmməd Peyğəmbər (s.ə.v.s.) də daxil olmaqla İslam müqəddəsləri olmazın həqarətlərə məruz qaldı. Təbii ki, bu təhqirlərin böyük bir qismi İrana və onun molla rejiminə ünvanlanmışdı. Oxudum və oxuduqca da düşündüm: “İlahi, bu təhqirləri yazanların özləri İran mollalarından daha cahil deyillərmi?” Əgər birisi bir şəxsi İslam dini adına qətlə yetiribsə, buna görə dünyanın ən böyük dini niyə təhqir olunmalıdır? Məgər bu fitvanı verənlər Məhəmməd Peyğəmbərdən (s.ə.v.s.) izn almışdılar? Yaxud da özünü İslam təəssübkeşi elan edən hər kəs doğrudan da hər zaman belədirmi? Deyil təbii!

Əgər bu gün İslam adına dünyada biriləri İranın cahil mollalarını örnək alırsa, bu, bizim düşmənlərimizin işinə yarayan bir əməldir. Yəni, əgər həmin o cahil mollalar bu cür əməllərlə dinimizin keşiyində durduqlarını iddia edirlərsə, əslində, İslama ən böyük zərbəni vuran özləridirlər. Elə isə İslama zərbə vuranların əməllərinə görə müqəddəs dinimiz nədən təhqir edilir? Məgər cahil mollaların məqsədlərinin nə olduğunu anlamayacaq qədər cahilsinizmi siz də? Məgər bilmirsinizmi ki, İslam dininin İran rejiminə heç dəxli belə yoxdur? Məgər bilmirsinizmi ki, İran rejimi öz bəd əməllərini pərdələmək üçün İslam dini altında gizlənir? Bəlkə bilirsiniz də, bilmək sadəcə sizin işinizə yaramır?

İslam dini barış dinidir. İslam bir sevgi, qardaşlıq dinidir. Hələ çağımızda bu dinin adına ədaləti və vicdanı olan heç kimsə qətl, qarət və cəhaləti yaraşdıra bilməz. Məgər alimin bir günlük zəhmətini altmış illik ibadətdən üstün tutan din İslam deyilmi? Yaxud, “elm Çində də olsa onun ardınca gedin” deyən İslam dini deyilmi? “Özünü qoruma zərurəti yaranmadıqca başqasına zərər yetirmə” deyən də İslam dini deyilmi? İslam budur və budursa, hələ də orta yüzillərin cəhalətindən qurtula bilməyən İran mollaları bizə İslam adına örnək ola bilməz! Ümumiyyətlə onların İslama dəxli yoxdur! Onlar tarixin zibilliyində kif qoxumaqda olan bədbəxt bir toplumun işıqsız öndərləridir ki, inşallah, İrandakı gerçək İslam təəssübkeşləri bu cahilləri yaxın zamanlarda layiq olduqları yerə göndərərlər.

Hə, bir də, əgər Rafiq Tağının qatili onu İslam adına öldürmüşsə, xəbəri olsun: sən İslama gerçək xidmət edənsənsə, çox ciddi bir yanlışa yol verdin! Əgər gerçək bir müsəlmansa və İslam dininin doğrudan keşiyində olduğunu iddia edirsənsə, üzə çıx, təslim ol və səhvini etiraf et! Onsuz da bir gün yaxanı ələ verəcəksən!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO