Tanınmışlardan kimlər hansı imzaları oxuyur?
Respublikada 4000-dən çox qəzet qeydiyatdan kecib. Bunlardan yalnız 33 qəzet gündəlik nəşr olunur. Hazırda ölkə əhalisinin qəzet oxuyan təbəqəsinə siyasətçilər, QHT-çilər və ictimai-siyasi aktivliyi olan vətəndaşlar daxildir. Onlar hər gün çap olunan qəzetləri acgözlüklə oxuyurlar və informasiya təşnələrini söndürürlər. Amma bu qəzetlərdəki yazıları ərsəyə gətirənlər barədə az məlumatlı olurlar.
Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar.
Bizim cəmiyyətin tanımış simaları necə, ölkə mətbuatını gündəlik olaraq izləyirlərsə, həftə ərzində hansı yazını yadda saxlayır və onu daha maraqlı hesab edirlər.
Modern.az bununla bağlı həftəlik “Qəzetləri oxuyursunuzmu?” adlı layihə çərçivəsində həftə ərzində tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alır…
Ötən həftə müsahiblərimizin cavabları bir o qədər də ürəkaçan olmasa da, bu dəfə fərqli ümidlə yazını davam etdirmək üçün kimləri müsahib secəcəyimizi fikirləşməyə başladıq.
Çox götür-qoydan sonra, nəhayət eks-millət vəkili, iqtisadçı Nazim Məmmədova zəng vurmaq qərarına gəldik. Salamlaşmadan sonra müsahibimizə sualımızı ünvanladıq. N.Məmmədov heç tərəddüdsüz mətbuatı izlədiyini söylədi. Keçmiş qanun yaradıcısı müasir dövrün tələbinə uyğun olaraq kağız yox, internet mediasını izləməyə üstünlük verir. Beləliklə, müsahibimizin söylədiklərinə görə ötən həftə qəzetləri daha çox internet səhifələrindən izləyib.
““Yeni Müsavat” və “Azadlıq” qəzetlərini izləmişəm, saytlardan isə “Qafqazinfo”, Modern.az-a baxmışam”.
Nazim Məmmədovdan daha sonra ötən həftə ərzində diqqətini çəkən xüsusi yazının olub-olmadığını xəbər aldıq. Ötən həftədəki müsahiblərimizdən fərqli olaraq Nazim müəllim xeyli məlumatlı idi. Birnəfəsə bir neçə yazı adı sadaladı və məni sözün yaxşı mənasında təəccübləndirdi. Daxilimdə bir anlıq fikirləşdim. Bilsəydim belə olacaq, diktafon götürərdim. Ağlım ötən həftəyə getdi. Fikirləşdim ki, bu dəfə də müsahiblərimiz güc-bəla ilə bir neçə cümlə deyəcək. Amma Nazim müəllim məni türklər demişkən, əməlli başlı “yanıltı”. Kecək əsas mətləbə.
Nazim Məmmədov hesab edir ki, ötən həftə “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun “Xural” qəzetinə verdiyi müsahibəsi çox maraqlı idi. Yazıda olan bəzi anonslar müsahibimizin diqqətini çəkə bilib. Yaddaşına həkk olan ilk yazını qeyd etdikdən dərhal sonra, iqtisadçı həmən ikinci yazının adı çəkdi:
Modern.az saytında Kəlbəcər rayonun işğalına həsr olunmuş yazı. Bu yazını da o, maraqla oxuyub.
Nazim Məmmədov daha sonra “İşdən sonraya” köklənir. Yəni “Azadlıq” radiosunda yayımlanan “İşdən sonra” proqramını nəzərdə tuturuq. Müsahibimiz hesab edir ki, bu media qurumunun hazırladıqları proqramlarda neytrallıq pirinsipinə ciddi əməl olunur və bu baxımdan da Nazim Məmmədovun diqqətini çəkə bilir. Elə neytral qəzetləri də həmsöhbətimiz diqqətdə saxlayır.
Bu suala da cavab aldıqdan sonra növbəti sualımızı ünvanladıq. “Nazim müəllim üçün yazıda müəllif imzası önəmlidirmi?” Həmsöhbətimizdən “Çox önəmlidir” deyə cavab gəldi.
“Xədicə İsmayılovanın jurnalist fəaliyyəti haqqında bu proqramdan əvvəl də məlumatım var. Hesab edirəm ki, beş ən yaxşı jurnalistdən biridir. Hətta beşlikdən də əvvələ çəkərdim. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin “İnqilablar bizə lazımdırmı?” başlıqlı yazısı oxudum. İqtidaryönümlü qəzetlərdə prezidentin su borclarının ləğv edilməsi ilə bağlı olan yazılar və onlara gələn şərhlər diqqəimi çəkib. Müəlliflər çox önəmlidir. Köşə yazarlarına xüsusi diqqətlə oxuyuram. Famil Cəfərlinin regionlarla bağlı maraqlı və orijinal yazıları olur. Bir müddət öncə Cəliləbadla bağlı köşə yazısını oxudum”.
Hə, sən demə keçmiş millət vəkili bizi-medianı əməlli-başlı oxuyurmuş..
Davam edirik….
“Qafqazinfo” saytında Turan İbrahimovun köşə yazılarını, “Lent.az”da Anar Yusifoğlunun yazılarını izləməyə çalışıram. Vaxtilə Famil Cəfərli mənim haqqında köşə yazısı yazmışdı, YAP-ı dəsdəklədiyim üçün, siyasi baxışlarıma görə məni tənqid etmişdi. Ondan sonra onun yazılarını izləyirəm. (N.Məmmədovun fikirlərindən belə bir qənaətə gəldim. Görünür yadda qalan və oxunan jurnalist olmaq üçün kimisə tənqid etmək lazımdır) Zamin Hacını oxuyuram. Baxmayaraq ki, siyasi baxışlarımız üst-üstə düşmür. Eldəniz Elgünün üslubu xoşuma gəlir”- deyə müsahibimiz bir qədər pauza verir.
Nazim Məmmədov firninin sonunda maraqlı bir məqama-jurnalistlərin qanorarların az olması məsələsinə də toxundu. Bu yerdə hörmətli müsahibimizlə razılaşmaya bilmərəm. Həqiqətən də istər qəzet, istərsə də digər media qurumlarında çalışan jurnalistlər əməyinin qarşılığını ala bilmirlər.
Yüksək təəsüratla Nazim müəllimlə sağollaşdıqdan sonra fikrimizi ikinci müsahib tapmağa yönəltdik. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevə müraciət etdik. İlk suala müsahibimizdən lokanik cavab – “bəli” gəldi. Daha sonra isə A.Sarıyev köks öturərək zəif səslə “mətbuatı izləyirəm” dedi. Sonra isə bu fikirləri əlavə etdi: “İşim elədir ki, gün ərzində xeyli sayda qəzet oxuyuram, demək olar ki, əksər saytları izləyirəm. “Azərbaycan” qəzetindən tutmuş “Reytinq” qəzetinə kimi, fərq qoymuram hansı kateqoriyadandır”.
Hər gün xeyli sayda qəzet oxuduğunu söyləyən A.Sarıyevin jurnalist yazıları ilə maraqlandığını yəqin edib sevinmişdim ki, bir anda ümidlərin türklər demiş suya düşdü. MSK rəsmisindən kədərli cavab gəldi. Azər müəllim müəllif yazılarını oxumadığını etiraf etdi. Səbəbini isə müsahibimiz belə izah etdi: “Mətbuatda dərin analitik yazılara rast gəlmirəm. (Müsahibimiz bunu təəssüf hissi ilə qeyd edir).
Amma yadında qalan varmış. O bildirdi ki, ötən həftə mətbuatda maraqlı yazı olub. Bu, “Bizim yol” qəzetində dərc olunan Məmməd Süleymanovun “Qəddafi klounlara qarşı” başlıqlı yazısıdır. Azər müəllimin öz sözləri ilə desək, bu yazı onun yadaşında ilişib qalıb. Sözcü, “bu müəllif savadlı müəllifdir” fikrini də əlavə edir, ancaq bununla yanaşı söyləyir ki, xüsusi olaraq hər həftə yazılarını izlədiyi müəllif yoxdur.
Azər Sarıyevin etirafına görə köşə yazılarını oxumur. Səbəbi? Qısa və diplomatik: “Bu yazılardan hec nə qazana bilmirəm”.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da müsahiblərimiz sırasındadır. Mətbuatın böyük əksəriyyətini izlədiyini bildirən Tənzilə xanım əlavə etdi ki, hər gün səhər “Yeni Müsavat” qəzetini oxuması artıq ənənə halını alıb. Tənzilə xanımın maraq dairəsi “Yeni Müsavat”la bitmir “Həftə içi” qəzeti, iqtidaryönümlü qəzetlər, APA, Lent.az ( bu saytlarda operativlik daha çoxdur, müsahibimiz belə deyir) saytlarını xüsusi diqqət və maraqla izləyir.
Yazılarda müəllifin önəmli olduğunu söyləyən T.Rüstəmxanlı ad çəkməkdən boyun qaçırdı. “Əlbətdə müəllif önəmlidir. Bu kitab oxuyan zaman da belədir. Baxırsan hansısa tanınmış müəlifdi, ciddi əsərləri, araşdırmaları varsa, onu oxuyursan. Müəllif adı çəkmək istəmirəm. O biri yazarlarla aramızın dəyməsini istəmirəm. Xüsusi oxuduğum yazarlar bəli var”.
Konkret xəbərlər daha çox cazibə qüvvəsinə malikdir. Müsahibimizin dünyada baş verən hadisələrdən birbaşa xəbərdar olmaq istəyini eşidəndən sonra belə bir fikrə gəldim.
Ümumilikdə analitik yazılar oxusa da, Tənzilə xanım ötən həftə bu ənənəsini təkrarlaya bilməyib.
“Ötən həftə qonaqlarım olub, mətbuatı diqqətlə izləyə bilməmişəm ”. Gözucu mətbuata nəzər yetirən xanım həmsöhbətimiz ötən həftə ərzində xüsusi marağa səbəb olan yazının olmadığını söylədi.
Movzu ilə bağlı fikirləri öyrənəcəyimiz növbəti müsahibimiz tanınmış telejurnalist Qulu Məhərrəmli oldu. Mətbuatı izləyən, “Azərbaycan”, “Zerkolo”, “525-ci qəzet”in daimi oxuçusu olduğunu vurğulayan Qulu Məhərrəmli ötən həftə mətbuatda xeyli sayda maraqlı yazıların olduğunu söylədi. Amma yazılara və yazarlara gəlincə Qulu müəllim bir qədər yaddaşını təzələmək qərarına gəldi. Bir qədər fikirləşdikdən sonra: ““525”in şənbə nömrəsi bir neçə yazı ilə yaddaşımda qalıb. Məsələn, Rüstəm Kamalın Kamal Abdullanının kitabı ilə bağlı yazısını xüsusi qeyd edə bilərəm”.
Qulu Məhərrəmli də oxuduğu yazınının müəlifinə baxmağı vacib hesab edir.
Düşnürəm ki, ötən həftə ilə müqayisədə bu həftəki müsahiblərimizin cavabları xeyli ürəkaçan oldu… Deməli yazmağa dəyər. Bu sənətə təzə başlayan bir şəxs kimi bunları eşitmək və görmək xoşdur.