Ölkədə işıq üzü görən əksər qəzetlərin son bir illik fəaliyyətini araşdırsaq qəribə mənzərə alınar. Eyni məmurları hədəf seçən bu qəzetlər hər sayında və ya mütəmadi olaraq bir şəxsin haqqında tənqidi heç bir fakta söykənməyən məqalələr dərc edir.
Qəzetlərin ictimai nüfuzdan düşməsinin səbəblərindən biri də məmurlara münasibətin düzgün qurulmamasıdır. Bəzən elə hallar olur ki qəzet hansısa nazir haqqında bir-birinə zidd onlarla yazı dərc edir. Bu yazıları toplayıb araşdırsaq gülməli bir vəziyyət alınar. Bir-birilə heç bir məntiqi bağlılığı olmayan yalnız fantaziya məhsulları olan belə yazılar çox vaxt “etibarlı mənbələr” tərəfindən redaksiyalara sızdırılır. Əslində jurnalistlər üçün saman çöpü rolunu oynayan “etibarlı mənbə” o qədər etibarsızlaşıb ki həqiqi etibarlı mənbəyə də şübhə ilə yanaşmaq məcburiyyətində qalmışıq. “Etibarlı mənbə”lərə inansaydıq Hacıbala Abutalıbov çoxdan vəzifəsindən çıxarılmışdı. Yaxud Misir Mərdanov indi hansısa ölkədə səfir idi. Çayxana söhbətləri səviyyəsində qələmə alınan məmurlar barəsindəki yazıların tiraja hesablandığını başa düşürük. O da məlumdur ki özünə və vaxtına hörmət edən nisbətən səviyyəsi olan oxucular belə yazıların yalnız başlığını və yarımbaşlığını oxuyur. Belə yazılara qoyulan imzaların da uydurma olduğunu sübut etməyə ehtiyac yoxdur. Jurnalistikanın heç bir prinsipinə cavab verməyən “məmur yazıları” media qurumlarının rəhbərlərini və ekspertləri daim narahat edib.
Qərb jurnalistikası üzdə olan məmurlar barədə yalan məlumatlar yaymaqdan çoxdan imtina edib. Həmçinin inkişaf etmiş ölkələrin cəmiyyətləri də belə yazılara inanmır. Qeyd edək ki “məmur yazılar”ı ilə bağlı hətta ən çoxtirajlı qəzetlərdə belə problemlər mövcuddur. Belə yazılar düşüncəli oxucular tərəfindən birmənalı qarşılanmır. Mətbuat Şurasının bu istiqamətdə də monitorinqi olmalı idi. Amma nəticələr hələ açıqlanmayıb.
Ölkədə elə qəzetlər var ki bir sayında eyni məmur haqqında iki-üç yazı dərc edir. Bu birmənalı şəkildə qərəzliliyin göstəricisidir. Bir məmur haqqında bir dəfə yazı gedirsə beynəlxalq praktikaya görə 15 gün bir ay ərzində həmin məmur haqqında yazılmır. Əks təqdirdə qəzetin tərəfliliyi qərəzliliyi görünür. Çox təəssüf ki Azərbaycan mətbuatının real mənzərəsi bir qədər fərqlidir.
Ekspertlər hesab edir ki “məmur yazıları”nın qəzetlərə ayaq açması ölkədə qəzet bazarında rəqabətin olmaması müstəqil mətbuatın sıralarının həddindən artıq seyrək olmasının göstəricisidir. Seçim imkanı həddindən artıq məhdud olduğundan oxucu qəzetləri bir-birindən ayırd etməkdə çətinlik çəkir.
Dərc olunan yazıların yalanlığının qəzetin satış faizinə heç bir təsiri olmadığından və nəzarətin yoxluğundan redaksiyalar “məmur yazıları”nı dərc etməkdə davam edir. Hətta qəzetlərin yayım işinə baxanlar etiraf edir ki üzdə olan məmurlar haqqında dərc olunan silsilə yazılar satışın yüksəlməsinə səbəb olur. “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı əməkdaşımızla söhbətində bildirib ki qəzetlərin tez-tez məmurlara müraciətlər etməsinin müxtəlif səbəbləri ola bilər: “İş orasındadır ki məmurlarımız fəal deyil. Məmurlar arasında fəallığı ilə seçilənlər var. Məsələn Prezident Aparatının şöbə müdiri Əli Həsənov. O hər bir jurnalistin sualını cavablandırır. Bəzən qəzetlər Əli Həsənovun bir neçə informasiyasını verir. Başqa məmurları yerində tapmaq olmur. Mətbuatdan qaçırlar”.
E.Şıxlıya görə jurnalistlər adətən bir neçə məmur haqqında fantastik yazılar yazmağı xoşlayır.
Məmurlar haqqında yazan qəzetlərin baş redaktorları isə düşünürlər ki barəsində yazılan məmurlar hakimiyyət düşərgəsində və cəmiyyətdə öz fəallığına görə fərqlənir. Onlara görə məmurlar barədə dərc olunan yazılar oxucular tərəfindən maraqla qarşılanır. Guya internet saytlarında məmurlarla bağlı yazılar daha çox oxunur nəinki digər məqalələr. Qəzetlərin (bura adları qara siyahıya salınmışlar da daxildir) eyni məmurlar haqqında mütəmadi olaraq yazmalarının səbəblərini müəyyən qədər yuxarıda göstərdik. Səbəbləri sistemləşdirsək təxminən aşağıdakı kimi alınar. Birincisi bu cür yazılar sifarişlidir. Məmurun rəqibləri tərəfindən mətbuata ötürülür.
İkincisi qəzet rəhbərliyi digər məmurlarla yaxşı münasibətdə olduğundan gücü yalnız dost olmayanlara çatır.
Üçüncüsü həqiqətən də məmur yazıları oxucuların sayına təsir göstərir. Dördüncüsü peşəkarlıq zəif olduğundan və araşdırma tələb etmədiyindən məmurlar haqqında yazmaq daha asandır.
Beşincisi məmurun fəaliyyəti barədə qəzet redaktorunda həqiqətən də məlumatlar var və o bu məlumatların həqiqiliyinə inanır.
Altıncısı məmur haqqında davamlı şəkildə yazmaqla qəzetlər “reketlik” məqsədi güdür. Əlbəttə digər səbəbləri də yazmaq olardı. Amma hesab edirik ki eyni məmur haqqında məqalələrin yazılmasının əsas səbəbləri yuxarıda sadaladığımız kimidir.