Fondun əməkdaşları lazımi köməkliyi əsirgəmir
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqədə qalib gələn media qurumları icra etdikləri layihələrin birinci aralıq hesabatını hazırlayıb Fonda təqdim etmək üzrədir.
Noyabrın 6-da hesabatların təqdim edilməsinin son günü olsa da, hələ əksər qəzetlər nəinki hesabatını Fonda təqdim etməyib, hətta hazırlamayıb. Qəzet rəhbərləri bildirir ki, ilk dəfə olaraq layihə icra etdiklərindən və hesabat üçün sənədlər həddindən artıq çox olduğundan onları doldurmaqda çətinliklə üzləşirlər.
Layihədə istifadə olunan terminlər, hesablamalar və tələb olunan sənədlərin çoxluğu layihə icraçılarını yorub desək, yanılmarıq. Dövlət Dəstəyi Fondunda olan əməkdaşımızın apardığı müşahidələrə görə, əksər qəzetlər iki aylıq hesabatını sonuncu həftədə hazırlamağa başlayıb. Halbuki, bu işləri ilk gündən görmək lazım idi. Layihə icraçıları bildirir ki, fəaliyyət planını icra etmək hesabat hazırlamaqdan çox-çox asandır. Dövlət Dəstəyi Fondundan isə deyilənlərlə razılaşmırlar. Fondun əməkdaşları qeyd edir ki, layihələrin həyata keçirilmə mexanizmi və hesabatların hazırlanması ilə bağlı treninqlər keçirilib, bütün məsələlər iştirakçılara aydınlaşdırılıb. Həmçinin, Fondun əməkdaşları sonradan onlara müraciət edən media qurumlarının nümayəndələrinin hər bir sualını cavablandırmağa çalışıb, lazımi kömək göstərib. Sadəcə olaraq, bəzi media qurumlarının nümayəndələri ilk gündən hər şeyin asanlıqla həyata keçiriləcəyini düşündüyündən, layihə üzrə ciddi çalışmadığından indi problemlərlə üzləşir.
Buna baxmayaraq, yenə də fondun əməkdaşları qəzetlərə lazımi dəstək verməyə hazırdır.
Qeyd edək ki, Dövlət Dəstəyi Fondunun maliyyəsi hesabına layihə icra edən qəzetlərin yarısı hesabatını tam hazırlayıb fonda təqdim edə bilməyib.