Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının martın 17-də keçirilən iclasında bəzi qərarlar verilib.
“Media forum” saytının məlumatına görə, iclasda müzakirə edilən ilk məsələ “Respublika gəncləri” qəzetinin 20-30 yanvar 2010-cu il sayında gedən “Anama deyiləsi çox sözüm qaldı!” sərlövhəli yazı ilə bağlı olub. Belə rəyə gəlinib ki, narazılıq doğuran məqalə peşə prinsiplərinə zidd tərzdə qələmə alınıb, orada milli-mənəvi maraqlara da sayğısızlıq göstərilib. Komissiya qəzetin təkcə şikayətçi tərəfdən deyil, bütövlükdə Azərbaycan xalqından üzr istəməsini zəruri sayıb. Yekun rəydə qəzetə ciddi xəbərdarlıq edilməsi də əksini tapıb.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Gündəm xəbər” qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən belə rəyə gəlinib ki, narazılıq doğuran materialda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra tələblərinə sayğısızlıq göstərilib. Qarşı tərəfin mövqeyi öyrənilməyib, həmçinin bunun edilməsinə cəhd göstərildiyi barədə də bilgi yoxdur. “Gündəm xəbər” qəzetinin fəaliyyətindən başqa şikayətlər də nəzərə alınaraq bu nəşrlə bağlı materialın şuranın “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasında araşdırılması rəyinə gəlib. “Türk Azərbaycan dünyası” qəzeti ilə bağlı materialların da həmin komissiyada araşdırılması məqsədəmüvafiq sayılıb.
Millət vəkili Nazim Məmmədovun “Azərbaycan Cümhuriyyəti” və “Aktual” qəzetləri ilə bağlı müraciəti müzakirə edilərkən bildirilib ki, deputat barədə gedən materialların təqdimatında qərəz motivləri mövcuddur. Hər iki nəşrə şikayət doğuran məqamlarla bağlı təkzib verilməsi və qarşı tərəfin mövqeyinin işıqlandırılması tövsiyə olunub.
«Media forum»