Qəzetin axırı

“Qəzet var öndən oxunar, qəzet var gendən”. Diqqətli oxucu, xüsusən qəzet həvəskarı bu şüarı xatırlamış olar. Mərhum jurnalist, bir sıra nəşrlərin son səhifəsinin bənzərsiz müəllifi, son səhifələri qəzet içində qəzet, az qala ayrıca qəzet kimi buraxan Məmməd Nazimoğlunun şüarıdır. “Gendən” ifadəsini mərhum jurnalist həm də geridən – arxa səhifədən mənasında işlətmişdi. “Media forum” da sualı bu cür qoyur: qəzetlər gendən – arxa səhifədən necə görünür? Son səhifələr nələrdən xəbər verir? Qəzetlər üçün dəyəri nədir son səhifənin?

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun fikrincə, Azərbaycanda qəzet bazarı tam formalaşmadığından oxucunun mövqeyini nəzərə alaraq son səhifədə yüngül xəbərlər yerləşdirmək məcburiyyəti var: “Azadlıq” ciddi qəzetdir. Biz bir qrup oxucunun istəyinə uyğun olaraq son səhifəni, belə deyək, bazar səhifəsinə döndərmişik. Açığı, bir oxucu kimi heç bir qəzetin son səhifəsini bəyənmirəm. “Azadlıq”da bu səhifənin verilməsinin də əleyhinəyəm. Bilirəm ki, bununla qəzetin tirajı artmır”.

Direktor əsasən Türkiyə saytlarına istinadla hazırlanan son səhifəni “Azadlıq”ın bir vaxtlar sanbalı ilə seçilən son səhifəsi ilə müqayisədə çox zəif sayır: “Əvvəllər mədəniyyət, incəsənət nümayəndələrindən müsahibələr sonuncu səhifədən açılırdı. 7-8 il bundan əvvəl “Azadlıq”ın şənbə nömrələrində belə ənənə vardı. Son səhifəmiz bütün qəzetlərin son səhifəsindən üstün idi”.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan deyir ki, qəzetlərin son səhifəsində yüngül xəbərlərə üstünlük verilməsi təbiidir: “Sonuncu səhifədə həcmcə az, amma məlumat tutumu baxımdan çox olan informasiyalar dərc edilir. Azərbaycan oxucusu belə xəbərlərə həvəs və diqqət göstərir. “Yeni Müsavat” qəzeti siyasi nəşr olduğu üçün oxucular bəzən yorulanda bu cür xəbərlərlə yüngülləşirlər. Orda təkcə şou-biznes nümayəndələrinə aid yeniliklər deyil, dünyada baş verən ən maraqlı hadisələrə dair xəbərlər yer alır. Azərbaycan oxucusu qəzetlərin sonuncu səhifəsinin bu cür hazırlanmasını qəbul edib. Metroda, ictimai nəqliyyatda müşahidə eləmişəm ki, oxucuların əksəriyyəti öncə qəzetin son səhifəsinə baxır”.

A.Ayxan televiziyalarda, radio proqramlarında bu tip xəbərlərin verilişlərin sonunda verilməsini nümunə çəkərək deyir ki, yüngül xəbərlər daha asan qavranır: “Bu, bütün dünya mediasının qəbul elədiyi özəllikdir və Azərbaycan mətbuatında da ənənəyə çevrilib. Avtobus, yaxud metro basabasında oxucu qəzeti vərəqləyib 13-14-cü səhifədə bu xəbərləri necə oxuya bilər ki? Son səhifəni oxumaq rahatdır. “Yeni Müsavat”ın son səhifəsini redaksiya əməkdaşlarından biri internet resursları əsasında hazırlayır. Son səhifədə Azərbaycanın internet portallarında olan və maraq doğuran xəbərlərə də üstünlük verilir”.

“Sonuncu səhifədəki materiallar qəzetin alıcılıq qabiliyyətinə təsir edirmi” sualını cavablandıran baş redaktor müavini deyir: “Ulduz falını o sıraya daxil etsək, qəzetin alıcılıq qabiliyyətinə nisbətən təsir etdiyini görərik, amma o qədər də yox. Burda sırf oxucu psixologiyasından söhbət gedir. Qəzetin alıcılıq qabiliyyətinə manşetin, gündəmin, sonuncu səhifənin öz təsiri olur. Üst-üstə gələndə qəzetin ümumi tirajını təmin edir”.

A.Ayxan 1996-97-ci illərdə qəzetin əməkdaşı Xalid Kazımlının başqa imza ilə “Press-şpris” adlı sonuncu səhifə hazırladığını xatırladıb: “Ölkənin və dünyanın tanınmış adamlarının maraqlı improvizasiyaları olurdu. Sonradan Azərbaycanda vəziyyət o qədər dəyişdi ki, zarafat eləməyə yer də qalmadı. Yumorun tərəfdarıyam, amma həftənin yeddi günü dərc olunan qəzetin hər dəfə uğurlu zarafat tapması qeyri-mümkündür. Rəhmətlik Məmməd Nazimoğlunun təqdimatında “Avropa” qəzetində belə bir səhifə uğurlu alınırdı. Çünki qəzet həftəlik çıxırdı, potensialı imkan verirdi. “Yeni Müsavat” əvvəllər 16-cı səhifəsini Azərbaycanın şou-məkanındakı yeniliklərlə, mədəniyyət adamları ilə bağlı xəbərlərin üstündə qururdu . 2005-ci ildən səhifədə dəyişiklik elədik, Azərbaycanın şou-məkanında baş verən yeniliklər içəri səhifələrə atdıq, digər internet xəbərlərini isə 16-cı səhifəyə yerləşdirdik”.

“Bizim yol” qəzetinin baş redaktor müavini Elçin Rüstəmlinin sözlərinə görə, sonuncu səhifədə adətən oxucuların marağına səbəb olan xəbərlər yerləşdirilir: “16-cı səhifə daha rahat oxunan səhifə olduğundan belə maraqlı xəbərlər orda toplanır. Həm də ümumiyyətlə təsnifatlaşdırılıb ki, qəzetin hansı səhifəsində hansı xarakterli materiallar yerləşdirilməlidir”.

Redaktor müavinin sözlərinə görə, “Bizim yol”un 16-cı səhifəsinin xəbərləri Azərbaycan, Rusiya, Türkiyə saytlarının materialları hesabına hazırlanır: “Əməkdaşlardan biri buna məsuldur”.

Qəzetlərin son səhifələrindəki oxşarlığı, çox zaman materialların üst-üstə düşməsini E.Rüstəmli jurnalistlərin eyni mənbələrə müraciət etməsi, həm də çox axtarışda olmamaları ilə əlaqələndirir.

2003-cü ildən nəşr olunmağa başlayan qəzet 2007-ci ildən son səhifəni oxuculara bugünkü kimi təqdim etməyə başlayıb: “Bundan əvvəl son səhifədə xarici şou-biznes nümayəndələriylə bərabər yerli mədəniyyət, sənət adamları ilə bağlı xəbərlər də dərc olunurdu”.

E.Rüstəmli qeyd edir ki, sonuncu səhifənin oxucuları az deyil: “Bunu şəxsi müşahidələrim əsasında deyirəm. Qəzeti əlinə alan oxucu bir çox halda onu sonuncu səhifədən oxumağa başlayır. Elə bu səbəbdən də deyə bilərik ki, sonuncu səhifədəki materiallar qəzetin satışında rol oynayır”.

“Bakı xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyev bildirir ki, təxminən 2-3 ay əvvəl redaksiyanın sonuncu səhifə ilə bağlı siyasətində dəyişiklik olub: “O vaxta qədər qəzetin son səhifəsində yerli mədəniyyət, elm, incəsənət problemlərinə həsr olunmuş məqalələr dərc olunurdu. Amma redaksiya qərara gəldi ki, əsasən internet resurslarından tərcümə olunan xəbərlər oxucuları daha çox çəkə bilər”.

Baş redaktor müavini hesab edir ki, belə xəbərlərin son səhifədə verilməsi onların daha çox izlənməsinə, oxunmasına səbəb olur: “Biz qəzetdə bu dəyişikliyi edərkən daha çox oxucuların fikirlərinə əsaslandıq. Yəni bu dəyişiklik bazara hesablanıb”.

Bununla belə, T.Tağıyev dəyişiklikdən sonra qəzetin tirajında ciddi artım olmadığını da deyir.

“Şərq” qəzeti sonuncu səhifəsini idman yeniliklərinə həsr edir. Qəzetin baş redaktor müavini Yusif Nəzərlinin sözlərinə görə, 3-4 il əvvəl qəzetin sonuncu səhifəsi şou-biznes, əsasən internet resurslarından götürülən xəbərlər əsasında hazırlanırdı: “Özümüz monitorinq keçirdik və öyrəndik ki, bizim qəzetdə idman xəbərləri daha çox oxunur və bu səbəbdən də sonuncu səhifəni dəyişdik”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov qəzetçilikdə son səhifənin xüsusi önəm daşıdığını deyir. Onun sözlərinə görə, qəzetin birinci və sonuncu səhifələri oxucuya ən əvvəl göründüyü üçün onların dizaynına, həmçinin orda yerləşdirilən xəbərlərin əhəmiyyətinə xüsusi diqqət yetirilməlidir: “Şəxsən mən qəzetlərin son səhifəsində yalnız idman və qeyri-adi hadisələrə dair xəbərləri oxuyuram”.

Bu gün qəzetlərin sonuncu səhifəsində əsasən internetdən götürülən xırda xəbərlərin yerləşdirilməsini A.Rüstəmov qəzetlərin iqtisadi çətinliklə üzləşməsi ilə əlaqələndirir: “Belə eləməklə qəzet oxucu kütləsini çoxaltmaq, oxucu dairəsini genişləndirmək istəyir. Mən sonuncu səhifədə daha çox idman xəbərləri görmək istərdim. Şou-biznes aləminin nümayəndələri barədə xəbərlərin verilməsinə etiraz eləmirəm, amma yaxşı olar ki, bu xəbərlər daha çox onların yaradıçılığı ilə bağlı olsun. O adamın şəxsi həyatı ilə bağlı xəbər olar ki, dünya çapında çox populyardır. Amma kiminsə hələ dünyaya gələcək övladına nə ad qoyması barədə xəbər Azərbaycan oxucusunun nəyinə lazımdır?”

A.Rüstəmov xatırladır ki, sovet vaxtı qəzetləri şəkillərlə yükləməmək qadağası vardı: “Oxucunun diqqəti bəlkə də ön səhifədən daha çox son səhifəyə yönəlir. Ona görə də naşirlər, qəzetçilər bu səhifəyə daha çox diqqət ayırmalıdır. Elə informasiyalar verilməlidir ki, insanı bilgiləndirsin, ictimai əhəmiyyət daşısın”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO