Qəzet və televiziya. Fərqli auditoriyaya malik ilan bu KİV-lər arasında bir sərhəd var. Eyni zamanda çap və elektron mətbuatında çalışan jurnalıstlərin də bir-birinə münasibəti fərqlidir. Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun belə olduğunu söyləmək olar. Görək yerli qəzetlərin və televiziyaların rəhbərləri nə düşünür.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bildirir ki, qəzet və televiziya jurnalistləri arasındakı münasibətdə heç bir problem görmür: – Jurnalistlər bir-biri ilə əməkdaşlıq edirlər. Hətta qəzetdə çalışanlar müəyyən müddətdən sonra televiziyada da işləyirlər. Televiziya jurnalistlərinin üstünlüyü odur ki, onlar daha populyardılar. Qəzet jurnalistləri isə daha gec şöhrət qazanırlar. İnsani münasibətlərə gəldikdə, ola bilər ki, TV-də çalışanlar daha təkəbbürlü olsun.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da deyir ki, Azərbaycanda qəzet və televiziya sahəsinin jurnalistləri arasında münasibətlər normaldır: – Biz də bir mətbu orqanı olaraq televiziyalarla əməkdaşlıq edirik. Televiziya verilişlərində bizim mətbu orqanlara istinadən məlumatlar verilir. Operativlik baxımımdan isə televiziya bizi üstələyir. Digər münasibətlərlə də bağlı problemlər görmürəm.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, adətən yüksək inkişaf etmiş ölkələrin qəzet və telejurnalistlərinin əlaqələrində müəyyən ziddiyyətlər olur: – Ancaq Azərbaycanda durum bir qədər fəqlidir. İstər televiziya, istərsə də qəzetdə çalışan jurnalistlər bir-birləri xoş münasibət qurmağa çalışırlar. Bu da normal haldır.
Xəzər Televiziyasının xəbər müdiri İbrahim Ünlübostan hesab edir ki, yazılı media ilə televiziya jurnalistləri arasında çox yaxşı münasibətlər var: – Öz təcrübəmdən deyə bilərəm ki, jurnalistlər arasında daim informasiya mübailəsi var. Zaman- zaman proqramlarımızda qəzetdə çalışan jurnalistlərin yorumlarını da paylaşırıq.Özəliklə mən gördüyüm qədər qəzet və televiziya bir-birlərinə dəstək verir.
İbrahim Ünlübostanın sözlərinə görə televiziyalar ən çox görüntüyə önəm verir, ancaq yazılı mediada çalışanlar hadisəni daha yaxşı incələyir, detallara varır: – Qəzetdə çalışan jurnalistlər daha peşəkar və bilgili olur. Avropada əksinə qəzetdə çalışanlar televiziyada çalışanlara daha yuxarıdan baxarlar.
ANS Telekompaniyasının vitse-prezidenti Mirşahin Ağayevin də fikrincə Azərbaycan qəzetçiləri ilə telejurnalistlər arasında münasibətlər normaldır: – Mən bu münasibətlərdə heç bir problem görmürəm. Əməkdaşlıq baxımından əlaqələrə gəldikdə, bu yeri gələndə fəal, yeri gələndə passiv olur.