Həmişə olduğu kimi, havaların isinməsi yayım firmalarında və köşklərdə qəzet satışını zəiflədib.
İyunun 8-də “Media forum” saytına açıqlamasında “Qaya” yayım firmasının rəhbəri Xanhüseyn Əliyev bildirib ki, son 15-20 gün ərzində abunəçilərin sayı təxminən 5 faiz azalıb: “Köşklərdə də satış xeyli aşağı düşüb. Elə qəzet var ki, yay mövsümündə ümumiyyətlə çapını dayandırır. Təkcə paytaxtda yox, ölkənin hər yerində vəziyyət belədir. Bunda bizim də günahımız var, çünki yay aylarında əhalinin istirahətə getdiyini bilirik, amma qəzeti abunəçinin istirahət etdiyi yerə çatdıra bilmirik. İstirahət məntəqələrinə yaxın yerlərdə abunə filalları açmaq lazımdır, bunun üçünsə böyük vəsait tələb olunur”.
Amma Xanhüseyn Əliyev ötən illə müqayisədə bu məsələdə vəziyyətin indi nisbətən yaxşı olduğunu da deyib: “Biz Mərdəkanda, Pirallahıda və Buzovnada yeni abunə filialları yaratdıq. Artıq qəzetləri bu ünvanlara çatdırmaq imkanımız var”.
“Qaya”nın rəhbəri onu da qeyd edib ki, bu məsələdə onların firmasına qısqanclıqla yanaşırlar: “Firmanın inkişafına mane olan böyük qüvvələr var. Biz bütün rayonlarda abunə filialları aça bilərik, amma buna imkan vermirlər. Hazırda firmanın 30 köşkü tam fəaliyyətsizdir. Hər köşkün bərpasına 3 min manata yaxın pul lazımdır”.
Ölkənin ən yüksək tirajlı ictimai-siyasi qəzeti olan “Yeni Müsavat”ın da satışında istilər düşəndən azalma müşahidə olunub.
Qəzetin baş direktoru Ələsgər Süleymanov “Media forum”a bildirib ki, mövsümlə bağlı qəzetlərin tirajı dəyişkən olur. Ancaq bunu təkcə mövsümlə yox, həm də ictimai-siyasi həyatda olan fəallıqla əlaqələndirmək lazımdır: “Yay tətilləri başlayandan sonra şəhərdə insanların azalması, istirahət zonalarına getməsi qəzetin tirajına istər-istəməz təsir göstərir. İlkin olaraq “Yeni Müsavat” qəzetinin tirajında 4 faiz enmə müşahidə edilib. Buna səbəb həm də polisin son günlər səyyar satıcıların paytaxtda qəzet satmasına ciddi maneə törətməsidir ”.
Qeyd edək ki, polisin səyyar qəzet satışına maneə törətməsi barədə “Yeni Müsavat”ın 8 iyun sayında ayrıca xəbər də dərc olunub. Qəzetin yayım direktoru Abbas İsmayılov bildirib ki, dörd gündür paytaxtın bir çox yerində, xüsusən mərkəzi küçələrdə səyyar qəzet yayımına əngəl yaradılır. Sahə polis işçiləri heç bir izahat vermədən küçələrdə qanuni şəkildə fəaliyyət göstərən qəzet piştaxtalarını yığışdırmağı tapşırır, əldə yayımçıların isə fəaliyyət göstərməsinə mane olur. Deyilənə görə, bu, “yuxarıların” göstərişi ilə əlaqələndirilir. Abbas İsmayılov deyib ki, bu səbəbsiz qadağa üzündən hər gün “Yeni Müsavat” qəzetinin 500-1000 nüsxəsi oxucularla görüşə bilmir. Yayım direktoru hələ ki, dəyən maddi ziyanı hesablamadıqlarını desə də, bunun kiçik rəqəm olmadığını vurğulayıb.
Bununla belə, Ələsgər Süleymanov hesab edir ki, istər mövsümün təbii, istərsə də polisin süni təsirinə baxmayaraq, qarşıdan gələn parlament seçkisi qəzet bazarında öz rolunu oynayacaq, tiraj o qədər də aşağı düşməyəcək, tirajın düşən hissəsi isə bərpa olunacaq: “Qəzetimizin satışının güclənməsi, hətta ötən illərə nisbətən tirajın artması da gözlənilir. Ancaq şübhəsiz ki, bundan ötrü süni, bürokratik əngəllər, xüsusən polisin səyyar qəzet satışına törətdiyi maneələr aradan qalxmalıdır”.
“Media forum”