Qurani-Kərim və təfsir kitabları sərgisi

Qurani-Kərim və təfsir kitabları sərgisiNoyabrın 9-da “Şirvanşahlar Sarayı Kompleksi”ndə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Respublika Qadınlar Cəmiyyəti və “Şəms” Qadınlar Birliyi tərəfindən “Nur xəzinəsi -19” adlı sərginin açılışı reallaşacaq. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Sərgidə Qurani-Kərim və təfsir kitabları nümayiş olunacaq. Ekspozisiyada sərgilənən 600 il yaşı olan Quranın vərəqləri tərkibində gümüş olan məhlula salınıb və buna görə də kitab günümüzə qədər təhrif olunmadan gəlib çatıb. Ölçüsü 1 sm, dairəvi formada diametri 4 sm olan, səkkiz guşəli Quran kitabları ilə yanaşı, üzərində Quran ayəsi yazılmış düyü, lobya da sərgilənəcək. Şeyx Hüseynə məxsus, Naxçıvanda Kəngərlilər sülaləsinə aid olan və Dağlıq Qarabağın işğalı zamanı insanların özləri ilə gətirdikləri Qurani-Kərimlər də sərgidə yer alır. 1908-ci ildə Məhəmməd Həsən Mollazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilən və Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına çap olunmuş Qurani-Kərimi də görmək mümkün olacaq. Təbii fəlakətlərdən, yanğından zərər çəkmədən çıxmış müqəddəs kitablar, düşmənlərdən gizlətmək məqsədi ilə uzun müddət divara hörülmüş Qurani-Kərim də keçiriləcək sərgidə nümayiş etdiriləcək. Qeyd edək ki, 10 gün davam edəcək sərgiyə giriş pulsuzdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO