Oktyabrın 28-də Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Quran üslubu və onun ərəb dilinə təsiri” mövzusunda seminar reallaşıb. Seminarı giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş bildirib ki, Quran bəlağət sahibi olan ərəb ədiblərinin və öndə gedən ədiblərin nəzərində gözəl canlı ədəbiyyatın yeni bir surəti olmuş və olmaqdadır. Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur mövzunun əhəmiyyətindən danışıb, Qurani-Kərimin mənalarının sonsuz olduğunu və bunun möcüzə olaraq nazil edildiyini vurğulayıb. Sonra filologiya elmləri namizədi İmamverdi Həmidovun, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dosenti Nəsrulla Məmmədovun və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib. Qeyd olunub ki, ərəb dilinin məhv olmaqdan qorunmasında, onun qüvvətləndirilməsi və mükəmməlliyə doğru tərəqqisində, ərəb dili şivələrinin birləşməsi və digər məsələlərdə Qurani-Kərimin böyük təsiri olub.