QHT şurasından və KİV-in inkişafına dəstək fondundan narazılar işçi qrupda birləşdi

QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla mübarizə üzrə İşçi Qrup yaradılıb. Aprelin 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, “Hərbi Jurnalistlər” İctimai Birliyi və bir çox QHT-nin, KİV nümayəndəsinin və ekspertlərin iştirakı ilə mətbuat konfransında bu haqda məlumat verilib.

Tədbirdə çıxış edən “Doktrina” həmtəsisçisi İdrak Abbasov istər KİV DDF, istərsə də QHT DDŞ-nin fəaliyyət göstərdiyi dövrdə keçirdiyi müsabiqələrin nəticələrinin, maliyyənin ayırlmasında əsas götürülən meyarların şübhə doğurduğunu deyib: “Əksər hallarda qurumların rəhbərliyində, idarə heyətlərində təmsil olunanların, onların yaxınlarının QHT və KİV-lərinə, tanınmayan təşkilatlara və qəzetlərə, hətta reket qurumlara qrant ayrılır. Bu kimi hallar fond və şuranın ümumilikdə keçirdiyi altı müsabiqədə dəfələrlə təkrarlanıb”. İ.Abbasov xatırladıb ki, indiyə qədər keçirilmiş müsabiqələrə dövlət büdcəsindən 5 milyon manata yaxın vəasait ayrılıb: “Bu böyük vəsaitdir və sözsüz ki, onun hesabatlılığı da şəffaf olmalıdır”.

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev istər QHT DDŞ, istərsə də KİV DDF yaradılarkən qarşılarına konkret məqsəd qoyulduğunu deyib: “Təəssüf ki, bu qurumlar həmin məqsədləri yerinə yetirə bilmədilər. Konkret olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ona görə yaradılmışdı ki, mətbuatın qarşılaşdığı çətin vəziyyətdən çıxış üçün səmərəli dəstəyi həyata keçirsin. Amma bu gün ölkədə mətbuatın vəziyyəti çox acınacaqlıdır, medianın iqtisadi vəziyyəti ağırdır. Fikrimcə, bu gün mətbuata heç də qrantlar lazım deyil, normal fəaliyyət üçün şərait yaradılmalı, reklam bazarı ədalətli işləməlidir”.

“Doktrina”nın sədri Cəsur Sümərinli hər iki qurumun Silahlı Qüvvələrdəki problemlərin üzə çıxarılması, NATO standartlarına inteqrasiyanın təbliğatı ilə bağlı layihələrə dəstək verməkdən çəkindiyini bildirib: “Bu onu deməyə əsas verir ki, hər iki qurumun rəhbərliyində təmsil olunanlar bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi ilə bir sıra məsələləri razılaşdırırlar. Əks təqdirdə hərbyönlü QHT statusunda olanlardan yalnız Müdafiə Nazirliyinin yürütdüyü siyasəti dəstəkləyən, ordudakı problemlərə göz yuman QHT-lərin layihələri qalib elan edilməzdi”.

C.Sümərinlinin sözlərinə görə, 2009-cu ilin sentyabrından bu yana hər iki quruma ümumilikdə dörd layihə ilə müraciət etsə də, naməlum səbəblərindən heç birinin dəstəklənmədiyini deyib.

Tədbirdə hər iki qurumda dövlət audit qurumunun maliyyə yoxlamalarına başlaması, hər iki qurumun rəhbərliyində təmsil olunanların dəyişdirilməsi prosesinə başlanılması kimi tələblər səsləndirilib.

C.Sümərinli bildirib ki, yaxın günlərdə onlar QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qalib elan etdikləri çoxsaylı şübhəli QHT və KİV orqanlarının layihələrini əldə etmək üçün şura sədri Azay Quliyevə və fondun icraçı direktoru Vüqar Səfərliyə rəsmən müraciət edəcəklər: “Məqsədimiz həmin layihələrin həyata keçirilməsinin monitorinqini aparmaqdır. Düşünürəm ki, bununla da müəyyən qaranlıq məqamlara aydınlıq gətirmiş olacağıq”.

“Doktrina”nın sədri irəli sürülən təkliflər yerinə yetirilməyincə QHT DDŞ və KİV DDFondunun elan etdikləri müsabiqəyə qatılmayacaqlarını elan edib: “Hər iki qurumun fəaliyyətində mövcud olan qanunsuzluq halları aradan qaldırılmayınca bu istiqamətdə mütəmadi tədbirlər həyata keçiriləcək. Yaradılan işçi qrup istənilən təşkilat üçün açıqdır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO