Dekabrın 16-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “2009-cu ilin QHT layihəsi” və “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin nəticələri elan olunacaq.
“Media forum” saytına açıqlamasında şura sədri Azay Quliyev deyib ki, müsabiqələrin məqsədi QHT-ləri layihələrin daha effektli işləməsinə təşviq etmək, onları stimullaşdırmaqdır: “Bu müsabiqə yanvar ayında elan olunub. Ən yaxşı QHT layihələrini örnək seçməklə ictimaiyyətə təqdim etmək niyyətindəyik. Eyni zamanda mətbuatın diqqətini daha çox mətbuata yönəltmək üçün QHT fəaliyyətini il ərzində ən yaxşı işıqlandıran KİV-lərin də mükafatlandırılmasını nəzərdə tutmuşuq. Artıq işlər yekunlaşıb. 3 ən yaxşı QHT layihəsi, 3 ən yaxşı televiziya, 3 ən yaxşı elektron qəzet, 3 çap mətbuatı seçilərək mükafatlandırılacaq. Bu seçimi şura komissiyası həyata keçirib”.
Şura sədrinin verdiyi məlumata görə, layihəni Media və İnkişaf Mərkəzi gerçəkləşdirir.
A.Quliyevin verdiyi məlumata görə, QHT-lərin fəaliyyətini müntəzəm işıqlandıran və bu prosesdə fəal iştirak edən jurnalistlərə də fərdi qaydada mükafatlar təqdim olunacaq: “Onların arasında həm televiziya, həm elektron qəzet, həm də çap mediasını təmsil edən qələm sahibləri olacaq. Jurnalistlər fəxri diplom və pulla mükafatlandırılacaq”.
Şura sədri bu layihənin növbəti illərdə də davam etdiriləcəyini deyib: “Biz KİV-lə münasibətlərə böyük önəm veririk. Vətəndaş cəmiyyəti quruculuğunda QHT sektoruna dəstək verən məhz KİV-dir. Məncə, bu cür layihələr münasibətlərə müsbət təsirini edəcək. Ola bilər ki, gələcək illərdə ən yaxşı QHT layihəsi deyil, hər bir istiqamət üzrə ən yaxşı layihələr seçilib mükafatlandırılsın. Mənim belə bir arzum var”.
«Media forum»