QHT təmsilçiləri təkliflərinin nəzərə alınacağına inanırlar

QHT təmsilçiləri təkliflərinin nəzərə alınacağına inanırlarOnların fikrincə, Əli Həsənovun keçirdiyi görüş Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcək

Məlum olduğu kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada yüzə yaxın üçüncü sektor təmsilçisi ilə yanaşı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edib. Qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam edən tədbirdə QHT rəhbərləri dövlət rəsmisinə öz şikayət və təkliflərini çatdırmaqla bərabər, yeni təşəbbüslərlə də çıxış ediblər. Həmin görüşün iştirakçılarından biri olan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev 2007-ci ildə Azərbaycan hökuməti tərəfindən QHT-lərə dövlət dəstəyi konsepsiyasının qəbul olunduğunu xatırladaraq, bu sənədlə vətəndaş cəmiyyətinə münasibətin dəyişdiyini bildirib. O, 2 gün öncə baş tutan tədbiri də dövlətin bu yöndə atdığı uğurlu addımlardan biri kimi xarakterizə edib. Deyib ki, məlum dialoqdan sonra QHT sektorunda ciddi dəyişikliklər olacaq: “2007-ci ildə Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyətinə münasibətin dəyişməsini göstərən mühüm bir sənəd – QHT-lərə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Daha sonra Prezident yanında Dövlət Dəstəyi Şurası yaradıldı. Bütün bunlar onu göstərirdi ki, hökumətin vətəndaş cəmiyyəti sektorunun əsas predmeti olan QHT-lərə münasibəti tamam dəyişib. Amma bütün bunlara baxmayaraq, bəzi dövlət orqanlarında QHT-lərə münasibətdə ehtiyatlı yanaşma var idi. Müəyyən stereotiplər mövcud idi. Onların aradan qaldırılmasında da bu görüşün mühüm rolu olacaqdır. Çünki cənab Əli Həsənovun da dediyi kimi, bu, ölkə prezidentinin birbaşa göstərişi əsasında həyata keçirilən bir tədbir idi. Vətəndaş cəmiyyətinin demək olar ki, bütün təmsilçiləri ora yığışmışdı. Hər kəsin açıq dialoqa qoşulmaq, fikirlərini sərbəst söyləmək imkanı var idi. Hamı da bu imkandan bəhrələndi. Təsəvvür edin ki, 90-dan artıq QHT ora toplaşmışdı. 30-dan artıq çıxış oldu. Bütövlükdə 86 təklif səsləndi. Düşünürəm ki, hazırda həmin təkliflər üzərində işlərə başlanılıb. Çox yaxın vaxtlarda orada təklif olunan fikirlərlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda, praktikada da əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə inanıram”.

Ə.Nuriyev bildirib ki, QHT-hökumət dialoqu üçüncü sektor təmsilçilərinin üzləşdiyi problemlərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, həm də təşkilat rəhbərləri ilə dövlət rəsmiləri arasında yeni görüşlərin, dialoqların keçirilməsinə rəvac verəcək: “Bu tədbir digər görüşlər üçün də əsas rol oynayacaqdır. Vətəndaş cəmiyyətinin dayanıqlı inkişafını təmin etmək üçün hər şeydən əvvəl onun maliyyə, iqtisadi dayaqlarının möhkəmlənməsinə ehtiyac vardır. Qeydiyyat problemlərinin həll edilməsi sürətləndirilməlidir. Daha da fərqləndirilmiş qeydiyyat prosesinə keçmək vacib olan məsələdir”.

Milli Qeyri Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni Prezident Administrasiyası rəsmisi ilə QHT rəhbərlərinin görüşünün geniş ictimaiyyət tərəfindən çox müsbət qarşılandığını söyləyib: “Bir gün əvvəl Əli müəllim media nümayəndələri ilə, ayın ikisində isə QHT nümayəndələri ilə görüşüb. Fikrimcə, ictimaiyyət çoxdan bu görüşü gözləyirdi. Bilirsiniz ki, Milli QHT Forumu üçüncü sektor və hökumət münasibətləri nöqteyi-nəzərindən özünəməxsus xidmətlər göstərir. Yarandığı gündən bu ana qədər QHT-hökumət münasibətinin formalaşması üçün ictimaiyyət və dövlət arasında körpü rolunu oynayıb. Bir çox hallarda bu münasibətlərin yaranması, inkişaf etməsi və daha yüksək səviyyəyə çatması istiqamətində xidmətlər göstərib. Bu görüşdə də bizim əsas marağımız ondan ibarət idi ki, ictimai təşkilatları, QHT-ləri, o cümlədən bütövlükdə ictimaiyyəti narahat edən problemlər qeyd olunsun, rəhbərliyin diqqətinə çatdırılsın. Mən minnətdaram Əli müəllimə ki, o, doğrudan da yüksək səbrlə iki saat yarım çəkən görüşdə otuz iki nəfərin çıxışını və 86 təklifi dinlədi, sonra da öz münasibətini bildirdi. Mən düşünürəm ki, bu tədbir Azərbaycanda vətəndaş cəmiyyətinin bundan sonra daha yüksək səviyyədə inkişaf etməsinə, QHT-lərə dövlət tərəfindən diqqətin artırılmasına, maddi-texniki bazanın yaradılmasına, geniş imkanların təmin olunmasına, QHT evinin yaranmasına və bütövlükdə QHT-hökumət münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına xidmət edəcək”.

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru, Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli QHT-hökumət dialoqunun keçirilməsini və bu fonda dövlət qurumları ilə əməkdaşlığın qurulmasını müsbət hal kimi qiymətləndirib: “Bu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına müəyyən mənada öz töhfəsini verəcək. Çünki orada çoxsaylı problemlər qaldırıldı. Bu problemlərin çözümü ilə bağlı müəyyən məsləhətləşmələr aparıldı. Yeni yaradılan QHT-lərlə, onlara maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələlər qaldırıldı. Bu kimi problemlərin gələcəkdə tezliklə həlli məhz belə görüşlərin nəticəsində mümkün olacaq. Öz həllini tapacaq məsələlərdən biri də QHT-lərə maliyyə yardımının artırılması problemidir. Tədbirdə Qarabağla bağlı məqamlara da toxunuldu. O sahədə fəaliyyət göstərən QHT-lərlə ayrıca görüşün keçirilməsi və onların layihələrinə diqqətin ayrılması, keçirilmiş layihələrin davamlılığı, onların yenidən maliyyələşdirilməsi məsələsi də gündəmə gətirildi. Güman edirəm ki, bütün bunlar öz həllini tapacaq”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov da QHT-hökumət dialoqunu çox müsbət qiymətləndirib və bu görüşün ciddi nəticələrinin olacağına əminliyini vurğulayıb. O, buna əsas kimi PA rəsmisi Əli Həsənovun görüşdə səsləndirilən təkliflərin hamısını qeydiyyata almasını göstərib: “Mən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi bu təkliflərlə bağlı təşkilati işləri həyata keçirmişəm. Bilirəm ki, bu təkliflərin hamısı qruplaşdırılacaq, ümumiləşdiriləcək, sonra onlarla bağlı mümkün qərarlar qəbul olunacaq. Hansılar ki, mümkün deyil, onlarla bağlı izahatlar veriləcək. Bu baxımdan çox əhəmiyyətli bir görüş idi. Administrasiyanın şöbə rəhbərinin görüşünün ardınca mühüm hərəkətlərin olacağını ümid edirik. Çünki Əli müəllimin görüşü formal xarakter daşımırdı. Həmin tədbirdə maksimum şərait yaradıldı ki, daha çox əks fikirlər söylənilsin. Mənim özümün də tənqidi fikirlərim var idi. Görüşdə hökuməti sərt tənqid edən təşkilat təmsilçiləri daha çox dinlənildi. Hansı ki, onlar həmişə hökuməti dialoq aparmamaqda günahlandırırdılar”.

S.Məmmədov QHT-lərlə bağlı həyata keçiriləcək tədbirlərdən də danışıb: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir işçi qrupu yaradıb və QHT-lərə dair Milli Fəaliyyət proqramının layihəsi hazırlanır. Bununla nə demək istəyirəm? Mənim qənaətimə görə, cənab Əli Həsənovun görüşü elə bir spantan görüş deyildi. Bu müəyyən bir prosesin nəticəsi idi. Bu proseslər gedir və onun bir elementi kimi də Prezident Administrasiyasının bu işə cavabdeh olan, bu istiqamətdə prezident siyasətini icra edən bir strukturun rəhbəri QHT təmsilçiləri ilə görüşdü. Bundan əvvəl proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb, sosial xidmətlər haqqında qanun qəbul olunub. İndi gözlənilir ki, Nazirlər Kabineti həmin qanunun tətbiqi ilə bağlı mühüm qərarlar qəbul etsin. Bunlardan biri də sosial xidmətlər üzrə sifarişlərin həm də qeyri-hökumət təşkilatlarına verilməsi məsələsidir. Biz gözləyirik ki, sosial sifarişlər haqqında qanun layihəsi Milli Məclisə də təqdim olunacaq və onun müzakirəsi başlanacaq. Bir sözlə, bütün bunlara bir epizod kimi yox, QHT-lərə münasibətdə dövlətin siyasətinin bir elementi kimi baxıram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO