QHT-lərin Maliyyə Nazirliyi üçün hesabat hazırlamalarında problem var, Milli QHT Forumu təkliflər hazırlayıb
QHT-lərin Maliyyə Nazirliyinə hesabat verməsi ilə bağlı qanunvericilikdəki sərt tələblər problem yaradır.
Lent.az-ın verdiyi məlumata görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, maliyyə hesabatlarının vaxtında təqdim olunmadığı halda QHT-ləri 1500-2000 manat cərimə gözləyir.
Rauf Zeyni cərimə məbləğinin çox böyük olduğunu vurğulayıb: “Hesab edirik ki, qanunun bu tələbinin 1 il sonra tətbiq olunması daha yaxşı olardı. Çünki QHT-lərin hesabat hazırlaması və vaxtında təqdim etmələri sahəsində hazırda bir sıra problemlər var. Biz Maliyyə Nazirliyi, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və QHT-lərin iştirakı ilə yaxın vaxtlarda birgə toplantı keçirməyi planlaşdırırıq. Cərimə məbləğinin azaldılması da məqsədəuyğun olardı”.
Milli QHT Forumunun prezidenti QHT-lərin maliyyə hesabatı hazırlanması sahəsindəki çətinliklərini də sadalayıb: “Bir çox QHT-lərin daimi olaraq peşəkar mühasib saxlamağa imkanları yoxdur. Çünki bu peşəkar insanlara maaş vermək lazımdır. Digər tərəfdən, paytaxtda fəaliyyət göstərən QHT-lər üçün bu məsələ problemdirsə, regionlarda fəaliyyət göstərən QHT-lərin vəziyyəti necə olacaq? QHT-lər maliyyə hesabatlarını vaxtında təqdim etmədikləri halda o məbləğdə cəriməni necə ödəyəcəklər?”
LENT.AZ