QHT-lər Maliyyə Nazirliyinə illik hesabatı elektron formada təqdim edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 15 yanvar 2010-cu il tarixli iclasında QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi məsələsinə baxılıb və bu istiqamətdə bir sıra çətinliklərin mövcudluğu qeyd edilib. Bu mövzu yanvarın 28-də Şuranın sədri Azay Quliyevlə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə arasında keçirilən görüşdə müzakirə edilib.

Şuranın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqlarının artırılması və yaranacaq mümkün çətinliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və aşağıdakı məsələlər haqqında ümumi razılıq əldə edildi:
1 Aprel 2010-cu ilədək QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının verilməsi üçün müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilsin;
Fevralın 10-dək hesabatların elektron formada qəbulu üçün Maliyyə Nazirliyi tərəfindən müvafiq proqram hazırlansın; Hesabatların tərtibi ilə bağlı fevralın 2-dək 10 nəfər mütəxəssisdən ibarət işçi qrupu yaradılsın və onlara müvafiq təlim keçirilsin;
İşçi qrupu tərəfindən martın 31-dək Bakı və region QHT-lərinə hesabatların tərtibinə kömək məqsədilə təlimlər və məsləhət sessiyaları təşkil edilsin;
Hesabatların forması Maliyyə Nazirliyi tərəfindən 3000 nüsxədə çap olunsun və Şuranın ofisinə, həmçinin rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanılsın;
Bu formalar Şuranın və Maliyyə Nazirliyinin saytlarında yerləşdirilsin;
İl ərzində maliyyə əməliyyatı aparmayan QHT-lər hesabat formalarını müvafiq qaydada boş təqdim etməlidirlər;

Rayonlarda QHT-lərə hesabatın vaxtında verilməsinə və düzgün tərtib olunmasına yerli maliyyə şöbələri tərəfindən köməklik göstərilsin;

QHT-lərin məlumatlandırılması üçün KİV-in imkanlarından istifadə edilsin.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO