QHT-lərə Dövlət Dəstəyi Şurasında yazıçı və şairlərə görüş keçirilib

İyunun 16-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bir qrup Azərbaycan yazıçısı ilə görüşüb. Yeni Yazarlar və Sənətçilər Qurumunun müraciətinə əsasən keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xandır.

“Media forum” saytının məlumatına görə, görüşdə Azay Quliyev ölkədə ictimai sektorun və vətəndaş fəallığının inkişaf məsələləri, eləcə də QHT-lərin həyata keçirdiyi mədəniyyətlə bağlı layihələr haqqında danışıb. O qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi 15 prioritet istiqamət üzrə layihələr sırasında mədəniyyətə aid məsələlərə diqqət verilir. Azay Quliyev şuranın maliyyələşdirdiyi prioritet istiqamətlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi və müharibənin xalqımıza vurduğu maddi-mənəvi ziyanlarla bağlı həqiqətlərin bədii və publisistik təsvir vasitələrilə dünya ictimaiyyətinə çatdırılmasında istedadlı qələm sahiblərinin əvəzedilməz rolunu vurğulayıb.

Görüşdə çıxış edən yazıçı və şairlər Ağacəfər Həsənli, Aydın Uluxanlı, Aydın Xan, Bəsti Əlibəyli, Nəriman Əbdülrəhmanlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Əlisəmid Kür, İbrahim İlyaslı, Kəramət Şükür, Murad Köhnəqala, Rasim Qaraca, Rəşid Göyçə, Sara Nəzirova, Şaiq Vəli, Tofiq Qaraqaya, Zahid Sarıtorpaq, Zirəddin Qafarlı və başqaları müxtəlif təkliflər irəli sürüblər.

Təkliflər sırasında Qarabağ və vətənpərvərlik mövzusu ilə bağlı yazıçıların əsərlərindən ibarət toplunun nəşri, vətəndaş cəmiyyəti ideyalarının təbliğində qələm sahiblərinin potensialından istifadə edilməsi, kitab təbliğatı ilə bağlı xüsusi televiziya verilişinin hazırlanmasına yardım, kitaba və bədii ədəbiyyata marağın artırılması məqsədilə oxucu yarışmalarının keçirilməsinə dəstək, bəzi ədəbiyyat dərsliklərinin monitorinqi, bədii ədəbiyyatın yaradılması və təbliği işinə özəl qurumların cəlb edilməsi, müasir ədəbiyyat portalının yaradılması və sair məsələlər olub.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO