Şirin xanım Kərimbəylinin hər bir azərbaycanlının vücudunu təlatümə gətirməyə qadir olan “Xocalı soyqırımı” poemasını bütövlükdə Qarabağa həsr olunmuş sonuncu rekviyem də adlandırmaq olar, Qarabağ uğrunda sonuncu və müqəddəs savaşa səsləyən “Cəngi” nümunəsi də. Poema elə başlanğıcındaca bu dediklərimizin sübutunu ortaya qoyur. Qarabağ uğrunda mübarizəmizdə artıq, izafi danışıqlara lüzum qalmadığı kimi, Şirin xanım da heç bir sözçülüyə vaxt itirmədən birbaşa mətləbə keçib:
Qarabağ, yarası qan sızan torpaq,
Qarabağ, yaralı hər kol, hər yarpaq,
Xalqın ölüm-qalım müqəddəratı!..
Qeyrətin, namusun son hesabatı!..
Ölən ərənlərin şəhid beşiyi,
Qana bələnibdi evi-eşiyi!
Millətin özünə qayıtma andı,
Qarabağ, ahınla xalqım oyandı.
Şairə poemada həm Azərbaycanımızın dilbər güşəsi sayılan Qarabağ torpaqlarının viran qalmasının ürəkləri yandıran tablosunu canlandırır, həm də bu məkrli oyunun arxasında dayanan mənfur imperiya siyasətinin yırtıcı maskasını açır:
Yanan yurdlarımın dərdli anası,
Azərbaycanımın əsir balası!
Qanlı imperiyanın oyun meydanı,
Daha yaddaşından silmə bu anı.
Sonunucu sətirdəki ifadəni xüsusi vurğu ilə oxucularına çatdıran müəllif burada – məqamındaca ötən əsrdə ermənilərin başımıza gətirdiyi bəlaların üzərinə gələrək ata-babalarımızın həmin vəhşilikləri unutmasının bizlərə baha başa gəlməsindən söz açır. Və:
Doğulan körpəyə bu, öyüd olsun!
Xocalı yurduma son meyid olsun, –
deyərək Xocalı qətliamının müdhiş mənzərəsini yaratmağa qərar verir.
Yeri gəlmişkən, hissələrə ayrılmış poemanın hər bir bölümü şairənin öz qələminə məxsus bayatılarla başlayır. Bu isə əvvəllərdə də qeyd etdiyimiz kimi, Şirin xanıma bir şairə kimi xalqımızın əski, folklor yaddaşının nə qədər doğma olmasından xəbər verir:
Analar ağlar naçar,
Sinələr dağlar naçar,
Yurdunda doğulanlar-
Elindən hara qaçar?!
Qışın oğlan çağında – fevral ayında törədilmiş bu soyqırım barədə təfsilatı ilə poetik formada məlumat verən şairə əvvəlcə faciədən bir neçə gün irəli Xocalı şəhərindəki tükürpədici ab-havanı qələmə alır. Şəhərin hər tərəfdən, hətta doğma Vətənin içərisində Vətənin özündən, mərkəzi hakimiyyət orqanlarından təcrid edildiyini qeyd edərək xocalıların “hər ötən günə şükür etdiklərini” bildirir. Faciə gecəsini qələmə alanda isə tarixdə fatehlər kimi tanınan Napoleonun, Hitlerin belə günahsız insanların bu şəkildə qətliamına fərman vermədiklərinə diqqəti çəkərək, bununla erməni vəhşiliyinin əsl simasını indiki və gələcək nəsillərə olduğu kimi çatdırır:
Tapdalanmış qeyrətimiz,
Ayaqlanmış millətimiz,
İşgəncəmiz, zillətimiz,
Xocalının soyqırımı!
Faciənin təsvirinin sonunda şairə artıq təkcə xocalıları deyil, Xocalının özünü də ölmüş hesab edərək, bundan sonra şəhəri ancaq yuxularda sağ xarakterizə etməyi vacib sayır:
Qucağı al qanla dolmuş analar,
Daşnak zindanında əsir sonalar,
Getdi əlimizdən namus, ismət, ar,
Xalqın sinəsində dağdı Xocalı,
İndi yuxularda sağdı Xocalı.
Poema Xocalı soyqırımı barədə geniş məlumat verdikdən sonra Şirin xanımın ənənəvi metodu ilə – mübarizə ruhunda başa çatır:
Ey Vətənin oğlu, qızı, gedək səngərə,
Sipər olsun yağılara hər dağ, hər dərə,
Dığaların qollarını gərək el gərə!
Gül qoxulu qızlarımız yağı əlində,
Qisas yurdun ürəyində, qısas dilində!
Mənə elə gəilir ki, bu mənalı sətirlər Şirin xanım Kərimbəyli yaradıcılığı və bu yaradıcılığı ərsəyə gətirən şəxsi keyfiyyətlər, xüsusilə onun vətənpərvərliyi haqqında əsl portret cızmış tutarlı ifadədələrdir. Həmin ifadələri şairə ürəyinin hökmüylə yaradıb. Vətəni, xalqı, torpağı naminə. Kiminsə dəyərləndirib-dəyərləndirməyəcəyinin fərqinə varmadan…
“Üçrəngli Bayrağa Bürünmüş Şairə” kitabından hissə