Qarabağ mövzusunda jurnalist müsabiqəsinə yekun vurulub

İyulun 8-də Parlament Jurnalistlər Birliyi (PJB) və Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) birgə təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri açıqlanıb.

PJB-nin sədri Elşad Eyvazlı bildirib ki, əsasən analitik yazılara üstünlük verilmiş müsabiqənin məqsədi Qarabağ mövzusunun xarici mətbuatda işıqlandırılmasını təmin etmək idi. Qalib yazılar xarici dillərə tərcümə edilərək beynəlxalq mətbuatda yayımlanacaq.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları – GTMŞ-nin sədri Fuad Muradov və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü Rövşən Rzayev qeyd ediblər ki, bu mövzunun hər zaman diqqətdə saxlanılması hər birimizin vətəndaşlıq borcudur.

AzərTAc-ın məlumatına görə, digər çıxışlarda da Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və bu mövzuda yazıların xarici KİV-lərdə işıqlandırılmasında belə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Müsabiqəyə təqdim edilən 30 yazıdan 14-ü texniki tələblərə cavab verdiyi üçün mükafatlandırılıb.
Müsabiqədə birinci yer üçün qalib müəyyən edilməyib.

İkinci yeri “Modern.az” sayıtının redaktoru Əfqan Qafarlının “Ermənistanın istədiyi sülh” yazısı tutub.

Üçüncü yerə iki yazı layiq görülüb: “525-ci qəzet”in əməkdaşı Rufik İsmayılovun “Ermənistanın Azərbaycana qarşı törətdiyi hər bir qeyri-qanuni əməli sülh və bəşəriyyətin təhlükəsizliyinin əleyhinə yönələn cinayətdir” yazısı və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azərinin “Münaqişələrin-sərhədlərin açarı Dağlıq Qarabağ” yazısı.

İkinci və üçüncü yerin qalibləri xatirə hədiyyələri və pul mükafatları ilə təltif ediliblər.

Müsabiqədə iştirak etmiş digər iştirakçılara da xatirə hədiyyələri təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO