Qara Qarayevə həsr olunmuş kitabın və iki diskin təqdimatı oldu

Fevralın 4-də M.F.Axundov adına Milli Kitabxanada Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri” və “Qara Qarayev. Elektron məlumat bazası” diskləri də təqdim olunub.

Lent.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkili Rəfael Hüseynov və digər görkəmli mədəniyyət xadimləri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözü ilə çıxış edərək Azərbaycan musiqisinə şöhrət gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu deyib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Qarayev yaradıcılığından söhbət açaraq bəstəkarın AZərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən, klassik və müasir musiqinin sintezini yaratmasından danışıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova kitabın elmi redaktoru olaraq nəşr barədə geniş məlumat verib. O bildirib ki, nəşrin hazırlanmasında muzeylə yanaşı, Moskva Mərkəzi Ədəbiyyat və İncəsənət Arxivi, eləcə də Sankt-Peterburq Dram Teatrından əldə olunmuş materiallardan da istifadə olunub. nəşrdə 700-ə qədər material xronoloji ardıcıllıqla verilib.

Qeyd edək ki, “Qara Qarayevin əsərləri” diskində bəstəkarın əsərləri, “Qara Qarayev. Elektron məlumat bazası” diskində isə həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında dediyi fikirlər, musiqi və nəşr əsərləri, fotoqalereya əks olunur.

Tədbirdə Dövlət Simli Kvartetin ifasında Qara Qarayevin əsərlərindən nümunələr də ifa olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO