Bax, elə burada uyğunsuzluq meydana çıxır: internetdə daha çox oxunan informasiya mənbələri öz nüfuzlarını qoruyur və ağ yalan dərc etmirlər. «Axının» tanınmayan saytlar vasitəsi ilə təşkil edilməsi effektiv deyil. Bəlkə, elə ona görə də, Ukraynanın daha çox oxunan iyirmi saytında açıq yalan tapmaq çətindir.
Legalize it! (Leqallaşdırın!)
Müəyyən şəxslərə ziyan verməyə qadir olan neqativ informasiya yalan olmaya da bilər. O, tam həqiqət də ola bilər, lakin bunun həqiqətin yalnız bir hissəsi olması da istisna edilmir.
Hər hansı qeyri-rəsmi informasiyadan öz opponentinin «təmiz simasını» ləkələmək üçün istifadə etməzdən əvvəl onu «yuyub təmizləmək» və ya leqallaşdırmaq lazımdır. Məsələn, hər hansı məşhur və nüfuzlu internet-sayt bəzi sensasiyalı məlumatları, «yaxşı məlumatlı mənbəyə» istinad edərək dərc edir. Təbii ki, mənbələr açıqlanmır. Sonra bu, «yuyulmuş» məlumatları canlı (və ya qeyri-canlı) teleefirdə yayımlanan mətbuat konfransında, hər hansı tanınmış «danışan baş» səsləndirir.
Azadlıq və Məsuliyyət
Ukrayna interneti azaddır. Hələlik. Bizim qonşularımız – Rusiya və Belorusiyadan fərqli olaraq, onlar, təəssüf ki, bununla hər zaman öyünə bilmirlər. Belarusiya, artıq Çinin yolu ilə gedir və provayderlərin köməyi ilə, «arzu olunmayan» informasiyanı hər şeyi bilmək istəyən istifadəçilərdən gizlədən internet-süzgəcləri tətbiq etməyə hazırlaşır. Rusiyada, artıq onlayn KİV dövlət qeydiyyatından keçirilir və lisenziyasız işləyə bilmirlər.
Ukraynada da internet-saytların mütləq qeydiyyatını tətbiq etmək istəyirdilər. 2005-ci ilin aprelində, o dövrdə Zaporojyenin indiki qubernatoru Yevqeni Çervonenkonun rəhbərlik etdiyi Nəqliyyat və Rabitə nazirliyi, hətta müvafiq sərəncam da vermişdi. Düzdü, çoxsaylı etirazlardan sonra Nəqliyyat və Rabitə Nazirliyi bu sərəncamı ləğv etdi. Dövlət Ukrayna internetinə azadlıq verdi. Görəsən bu, uzun müddətlidir?
Lakin azadlığın, üzərində «məsuliyyət» yazılmış başqa tərəfi də var. Belə bir vəziyyət də yarana bilər ki, internet-sayt, hər hansı tanınmış şəxsə dair açıq yalan, vicdansız şər dərc edir, lakin bu internet-saytın redaksiyasından bir kəsi məsuliyyətə cəlb etmək çox çətin olur. Nəyə görə? Ona görə ki, siz bu saytda nə redaksiyanın telefonunu, nə ünvanını, nə də baş redaktorun adını tapa bilmirsiniz.
Bir tərəfdən belə məxfilik – təhlükəsizliyin rəhnidir, məsələn, bəzi məlumatların dərcindən sonra saytın redaksiyasına sanepidemstansiyanın və ya vergi polisinin nümayəndələrinin gəlməyəcəyinin təminatıdır. Belə vizitlərin mümkün nəticələrini, məncə açıqlamağa ehtiyac yoxdur.
Başqa tərəfdən, belə konspirasiya məsuliyyətsizliyin sinonimi və sizin hər hansı məxfi saytda oxuduğunuz məlumatın həqiqət olmasına təminatın yoxluğunun sübutu ola bilər. Hər halda seçim sizindir.
Bunun müqabilində UA-netdə Ukrayna şəbəkə seqmentini yalan və yanlış informasiyadan təmizləmək məqsədilə təşəbbüs yarandı. Yeri gəlmişkən, bu, elə «Təmiz İnternet» adlanır. Bir sıra informasiya saytları «şəffaf oyun» haqqında özünəməxsus memorandum imzaladılar və səhifələrində dərc olunan hər yazıya görə öz adları ilə cavab verəcəklərinə söz verdilər.
Bir tərəfdən, belə təşkilatçılığa və həqiqəti, yalnız həqiqəti və həqiqətdən başqa heç nəyi danışmaq səyinə görə sevinmək olar.
Başqa bir tərəfdən, xatırlayaq ki, siyasətçilər də hər seçki kampaniyası zamanı «şəfaf seçkilər haqqında memorandum» imzalayırlar.
Təlqinedici İnternet
Təlqin və ya inandırma – bu, istənilən şəxsə elə bir təsir vasitəsidir ki, bu zaman xarici təsir faktı özü dərk edilmir. Təlqin, fərdin müdafiə divarlarını dəf etmək və bu mövqeyə özünün gəldiyini onun beyninə yeritmək vasitəsidir.
İnandırmaq qabiliyyəti – kütləvi informasiya vasitələrinin daimi atributudur. Yəqin ki, məhz ona görə, onlar «dördüncü hakimiyyət» adına layiqdirlər. İnternet isə, yuxarıda dediyimiz kimi, artıq bu hakimiyyətin nüfuzlu orqanlarından birinə çevrilmişdir.
Öz fikirlərinizə nəzarət edin – onların arasında heç sizə məxsus olmayanlar ola bilər! İnternet-səhifəni açarkən diqqətli olun, bəlkə siz mətn və şəkillərlə birlikdə, başınızdakı bəzi faylları azca da olsa dəyişə biləcək hər hansı bir zərərli informasiya virusunu da götürürsünüz.
Sergey Klimoviç, Sergey Pasyuta