Qalmaqallı reklamların iki üzü

Bakı Şəhər İcra Hakimiyyəti xarici dildə olan mağaza və şirkət adlarına müdaxilə edə bilmir

Söz Azadlığını Müdafiə Fondu reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinq aparıb. Lent.az-ın məlumatına görə, ilk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Fondun yaydığı məlumata görə, reklam xarakterli lövhələrin 52%-də Azərbaycan dili, 37%-də ingilis dili, 11%-də isə türk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23 faizində qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18% də isə rus mənşəli sözlərin latın qrafikası ilə verildiyi aşkarlanıb.

Fond qeyd edir ki, reklamların yazılışı zamanı “Dövlət dili haqqında” qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub.

Bəs Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi, mütəxəssislər bu monitorinqin nəticələri ilə nə dərəcədə razılaşırlar? Reklam lövhələrində dilimizlə bağlı qanunvericiliyin tələbləri nə dərəcədə gözlənilir. Bu sahədə əsas problemlər hansılardır?
Lent.az məsələ ilə bağlı araşdırma aparıb.

Bakı Şəhər İcra Hakimiyyətinin “Reklam və İnformasiya qalası”

Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsindən məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmadı. Belə izah etdilər ki, bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti və İcra Hakimiyyətinin mətbuat xidməti onlara danışmaq üçün icazə verməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nailə xanım isə iddia etdi ki, Reklam və İnformasiya İdarəsinin rəhbərliyi məsuliyyəti öz üzərindən atır və əslində bizim suallarımıza Reklam və İnformasiya İdarəsi cavab verməlidir. Nailə xanım bildirdi ki, hətta Lent.az Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə yazılı sorğu göndərsə belə, onu cavablandıra bilməyəcəklər. Nailə xanım onun adından Reklam və İnformasiya İdarəsinin əməkdaşlarından sorğumuzu cavablandırmağı xahiş etməyimizlə də razılaşmadı – bu kimi məsələlərə səlahiyyəti olmadığını söylədi. O, suallarımıza hansı yolla cavab tapmağımızın mümkünlüyü ilə bağlı da bizə məsləhət verməkdə çətinlik çəkdiyini dilə gətirdi.

“Reklam xarakterli lövhələrin 37%-də ingilis dili, 11%-də isə türk dilində olan sözlərdən istifadə olunması barədə deyilənlər əsassızdır”

Bir neçə dəfə cəhdimizdən sonra Reklam və İnformasiya İdarəsinin əməkdaşlarından biri adının çəkilməməsi şərti ilə suallarımızı qeyri-rəsmi cavablandırdı. O vurğuladı ki, Söz Azadlığını Müdafiə Fondunun monitorinq ilə bağlı açıqladığı hesabat reallıqdan uzaqdır və qeyri-peşəkar hazırlanıb, həmin insanlar bu sahə barədə tamamilə məlumatsızdırlar. Reklam və İnformasiya İdarəsinin əməkdaşı qeyd etdi ki, böyük ehtimalla, monitorinq aparanlar reklam lövhələrində ingilis dilində yazılmış mağaza və şirkət adlarını görüb, bunu ingiliscə yazılmış reklam kimi dəyərləndiriblər. Ancaq bu, belə qəbul olunmamalıdır. Çünki şirkət və mağaza adları Ədliyyə Nazirliyində qeydiyyatdan keçir, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində patentləşdirilir. Həm də dünyanın məşhur şirkətlərinin Azərbaycanda, xüsusən Bakının mərkəzi küçəsində nümayəndəlikləri, onların mallarını satan mağazalar var. Reklam lövhəsində həmin şirkətlərin adları ingiliscədirsə, yaxud başqa xarici dildədirsə, məhsullarının adlarının Azərbaycan dilinə tərcüməsini tələb etmək də mənasızdır. O, misal kimi “Mersedes” firması və onun avtomobil məhsullarının adını çəkdi: “Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti, yaxud onun hər hansı qurumu reklam lövhələrinə bu şirkətlərin adlarının xarici dildə yazılmasına etiraz etməsi absurd və mənasız olardı. O halda mağaza və şirkət sahibləri sənədlərini çıxarırlar”.

Reklam və İnformasiya İdarəsinin əməkdaşı şirkət və mağaza adları, xarici şirkətlərin brendləri kimi məqamlar istisna ilə, hazırda Bakıda reklam lövhələrində yerləşdirilən reklamların yazılışı zamanı Azərbaycan dilinin əsas götürüldüyünü və bu işə Reklam və İnformasiya İdarəsinin ciddi nəzarət etdiyini bildirdi: “Mən əminliklə deyirəm ki, şirkət və mağaza adları, o cümlədən məşhur şirkətlərin məhsulları, brendlərinin belə reklam lövhələrində yerləşdirilməsi fonunda , reklam xarakterli lövhələrin 37%-də ingilis dili, 11%-də isə türk dilində olan sözlərdən istifadə olunması barədə deyilənlər əsassızdır. Şəxsən mən rus, yaxud türk dilində Bakının mərkəzində hansı reklam lövhəsinin olduğunu yada sala bilmirəm. Baxmayaraq ki, mən demək olar ki, hər gün bu işlə məşğulam. Xüsusən son illər Bakı Şəhər İcra Hakimiyyəti və bizim İdarəmiz bu məsələni ciddi nəzarət altında saxlayır”.

Reklam və İnformasiya İdarəsinin əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətində bir Bədii Şura fəaliyyət göstərdiyini və bu kimi məsələlərə bu Bədii Şuranın da nəzarət etdiyini söylədi. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə yenidən əlaqə saxlayıb, həmin Bədii Şuranın üzvlərinin biri ilə əlaqə saxlamağımıza yardımçı olmalarını xahiş etsək də, məlum oldu ki, mətbuat xidmətində belə bir Bədii Şuranın olub-olmaması barədə məlumatsızdırlar. Mətbuat xidmətinin əməkdaşı Nailə xanım bütün gün ərzində ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyətində belə bir Bədii Şuranın olub-olmadığını dəqiqləşdirə bilmədi.

“Reklam lövhələrində reklam yerləşdirmək üçün çox böyük pullar istəyirlər, problem budur”

Reklam üzrə mütəxəssis Xəzər Hüseynli Lent.az-a açıqlamasında dedi ki, burada 2 məqam var. Birincisi, tutaq ki, şirkət “Mersedes”, yaxud “Mikado” firmasının malını satır, ona görə də reklam lövhəsində “Mersedes” və ya “Mikado” yazır. Başqa sözlə, ingilis dilində reklamlar onunla bağlıdır ki, mağaza həmin şirkətin malını satır və məcburdur ki, firmanı tanıtmaq üçün onun adını mağazasının qarşısına vursun. Xəzər Hüseynliyə görə, böyük ehtimalla, o monitorinqi aparanlar bunları da ingilis dilli reklamlar kimi qeydə alıblar: “ Tutaq ki, Reklam və İnformasiya İdarəsinin nümayəndəsi gəlir ki, niyə mağazanın qarşısında “Mikado” yazmısan. Mağaza sahibi də deyir ki, o firmanın malını satıram, onun Azərbaycandakı təmsilçisiyəm. Bu da sənədim, qeydiyyatdan keçmişəm. Ona görə də, bu kimi şeylərə heç nə demirlər. O başqa məsələdir ki, gözəllik salonunun adını “Beauty Salon” yazır. Bu, tamam başqa məsələdir. Bu, artıq Azərbaycan deyil, xarici dildə yazılıb. Digər tərəfdən, sözün düzü, mən Bakıda rus dilində reklamlara o qədər də rast gəlmirəm. Rus dilində reklam hansı səviyyədə ola bilər? Tutaq ki, “moyka” yazır. Amma böyük şirkətlərin səviyyəli mağazalarının heç birinin qarşısında rus dilində reklam yoxdur”.

Xəzər Hüseynli onu da dedi ki, son illər Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi xarici dildə reklam yazılışına görə sahibkarlarla sərt davranır. Reklam üzrə mütəxəssis onu da vurğuladı ki, əslində reklam sahəsində ən ciddi problem bu məsələ deyil: “Gözəllik salonunun “Beauty Salon” yazılması problem sayıla bilər. Amma şirkət adının ingilis dilində yazılmasını o qədər də təhlükəli hesab etmirəm. Bu, bizim dilimizə o qədər də ziyan vurmur. İkincisi, əsas məsələ iş açan sahibkarın işini daha da stimullaşdırmaqdır, nəinki boğmaq, onları əlavə əziyyətə salmaq. Əgər reklamdan danışılırsa, bu gün reklamdakı əsas təhlükə, problem şəhərin bəlli yerlərində reklamların sökülməsi, reklamların standarta salınmasıdır. Reklam yaradıcı sahədir, reklamı standarta salmaq olmaz. Bizim hər birimizin firması varsa, zövqlərimiz başqadır. Bizim reklamları eyni standarta salmaq bu gün əsas problemlərdən biridir. Bu gün böyük reklamları sökür, reklam lövhələrində reklam yerləşdirmək üçün çox böyük pullar istəyirlər, problem budur”.

“Yerindən çıxan qrant alır ki, mən monitorinq aparacam…”

Azərbaycan Reklamçılar İttifaqının məsul katibi Səyalı Səfərova da deyir ki, qeyd olunan monitorinqin nə dərəcədə düzgün aparıldığı, nəticələrin nə dərəcədə reallığı əks etdirdiyini söyləməkdə çətinlik çəkir. O bildirdi ki, ola bilər ki, 10-15 faiz xarici dildə reklam lövhələri var: “Reklam və İnformasiya İdarəsi reklamların Azərbaycan dilində yazılması istiqamətində mübarizə aparır. Ancaq elə adlar var ki, onlar dəyişmir. Tutaq ki, “Eskada” şirkətin adıdır, bu şirkətin nümayəndəliyi Azərbaycanda fəaliyyət göstərir. Bu ad Azərbaycan dilində necə yazılsın? Bunun öz şrifti, yazılış quruluşu var. Elə şeylər ki, ingilis dilində “C” hərfi ilə yazılır, ancaq faktiki ingilis dilində sayılmır. Bu, şirkətin adı kimi qəbul olunmalıdır. Monitorinq zamanı belə məqamları da xarici dildə yazılmış reklam kimi qeydə alıblarsa, bu, düzgün deyil”.

Reklamçılar İttifaqının məsul katibinin sözlərinə görə, Reklam və İnformasiya İdarəsinin əməkdaşları reklam yerləşdirən şirkət və reklam agentliklərinə hazırda xəbərdarlıq edirlər ki, reklamlar Azərbaycan dilində yazılsın, ən azı reklam 50-60 faiz Azərbaycan dilində görüksün: “Elə şeylər var ki, daha çox xaricilər üçün olan reklamdır. O reklamda (məsələn, mehmanxana – red.) mütləq ingiliscə nə isə olmalıdır. Qanunda da qeyd olunub ki, reklam əsasən Azərbaycan dilində yazılmalıdır. Az faizdə reklam lövhəsində ingilis, rus dilində yazı ola bilər”.

Səyalı Səfərova Söz Azadlığını Müdafiə Fondunun apardığı monitorinqdən Azərbaycan Reklamçılar İttifaqının xəbəri olmadığını nəzərə çatdırdı: “Bu barədə bizdən soruşan, nə deyən olub. Yerindən çıxan qrant alır ki, mən monitorinq aparacağam. Heç olmasa Reklamçılar İttifaqı ilə məsləhətləşsəydilər, biz onlara məsləhət verə, yardımçı ola bilərdik. Elə nüanslar var ki, reklamı ona görə ingilis, yaxud rus dilli saymaq olmaz. Elə kiçik lövhə var ki, ingilis şirkətidir, ingiliscə üzərinə adı yazılıb. Onu ingilis dilində yazılmış lövhə saymaq olmaz. Çünki yanında Azərbaycan dilində də yazılır”.

Bədii Şura yoxmuş…

Azərbaycan Reklamçılar İttifaqının məsul katibi hazırda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bədii Şuranın fəaliyyət göstərib-göstərmədiyinə də aydınlıq gətirib və hazırda belə bir Bədii Şuranın mövcud olmadığını birmənalı vurğulayıb: “Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bədii Şura yoxdur. Belə bir Şuranın yaradılması ilə bağlı Reklamçılar İttifaqı təklif verib. Amma belə Şura yaradılmayıb. Bu Bədii Şuranın proqramı Milli Məclisdə təsdiqlənməlidir. Milli Məclisə belə bir proqram Reklamçılar İttifaqı adından təqdim olunub. Əvvəllər Reklam və İnformasiya İdarəsində dillə bağlı şöbə vardı. Bu şöbə reklam şüarlarına nəzarət edir, Azərbaycan dilinə uyğunluğunu, qıcıqlandırıcı olub-olmadığını yoxlayırdılar. Məqbul olmayan şüarlara icazə verilmirdi. İndi Reklam və İnformasiya İdarəsində belə şöbə yoxdur. İndi Reklam və İnformasiya İdarəsinə eskiz verirlər ki, bunu şəhərə vuracam”.

O, hazırda Bakıda reklamlara icazəni Reklam və İnformasiya İdarəsi verdiyini, nəzarəti də onların həyata keçirdiyini dedi: “Küçənin bir yerində olan mağazana bir reklam vur, o saat gəlib səndən pulunu alacaqlar. Deyəcəklər ki, sənin qoymağa ixtiyarın yoxdur. Ancaq əsas məsələ bu gün reklamın tənzimlənməsidir. Keçmişdə yazılan qanunla bu günkü reallıq düzgün gəlmir. Reklam bazar iqtisadiyyatının bir qoludur. Reklam bazarı sərbəst olmalı, qiymətlər oynamalıdır. Bu gün inflyasiya varsa, qiymətləri qaldırırlar. Nəyin əsasında? Bu gün Reklam və İnformasiya İdarəsinə gedirsən, deyirlər ki, qiymətləri qaldırmışıq. Nəyin əsasında? Axı faktiki inflyasiya varsa, qiymətlər nəyin əsasında qalxır? Bədii Şura həm də bu kimi məsələlər üçün lazım idi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO