Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”nun təkmilləşdirilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin təbliği ilə məşğul olan dövlət mədəniyyət təsisatları ilə bağlı vahid dövlət idarəetməsini təmin etmək və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu təkmilləşdirmək məqsədi ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi də qurumun strukturuna daxil edilib.
Fərmanda göstərilir: Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 456) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.