Prezident Kitabxanasının Heydər Əliyevin veb saytı yenilənib

Bütün dövrlərin dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin araşdırılması daim gündəlikdə olan mövzudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi bu baxımdan bitib-tükənməyən xəzinədir. Həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı, hər bir fərd üçün örnəkdir.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən mərhələ, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrindəki dirçəliş və quruculuq illəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərdə Heydər Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazılıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, beynəlxalq nüfuzunun artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli lideri adını qazanıb.

Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası 4 il öncə elektron resurs hazırlayıb. SİA-nın xəbərinə görə, ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində Prezident Kitabxanası “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı bu resursunu yeni materiallarla zənginləşdirərək istifadəçilərin ixtiyarına verib. Elektron resursun “Xronologiya” adlanan fəslindəki Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlə yanaşı, onun Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrü və SSRİ Nazilər Soveti sədrinin birinci müavini işlədiyi müddəti özündə əks etdirən bölmələr xeyli dərəcədə zənginləşdirilib.

Elektron resursun “Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları” fəslinə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə etdiyi nitqlərindən, cıxışlarından, məruzələrindən və müsahibələrindən seçmə materiallar, həmçinin onun fəaliyyətinin 1990-1993-cü illər Naxçıvan dövrünü özündə əks etdirən müsahibələri, çıxışları, məruzələri, bəyanatları və müraciətləri ayrıca bölmələr şəkilində əlavə edilib.

Elektron resurs Heydər Əliyev haqqında son dövrdə müxtəlif dillərdə çap olunan kitabların elektron versiyaları ilə zənginləşdirilib. Kitabxananın fonduna daxil olan qəzet və jurnallarda Heydər Əliyev haqqında dərc edilən analitik və təhlili məqalələrin elektron versiyaları da yeni bölmə kimi resursa əlavə edilib.

Resursun “Biblioqrafiya” fəslinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatlarının biblioqrafiyası əlavə edilib.
Prezident Kitabxanasının www.peslib.az saytı da yeni dizaynda və yeni texniki parametrlərlə istifadəçilərə təqdim olunur.

Yenilənmiş sayt informasiya texnologiyalarının son tələblərinə uyğun qurulmuşdur ki, bu da onun daha çevik və sürətli açılmasına imkan verir. Yenidən qurulan sayt bütün brauzerlərə görə nizamlanıb. Saytın ana səhifəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən elektron resurslara birbaşa keçid verilib.

İstifadəçilər Prezident Kitabxanasının yeni saytında tarixi günlər haqqında məlumatlarla və mədəniyyət xəbərləri ilə də tanış ola biləcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO