Prezident Kitabxanası iki elektron nəşr hazırlayıb

Prezident Kitabxanası iki elektron nəşr hazırlayıbAzərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsinin birilliyi ilə əlaqədar iki elektron nəşr hazırlayıb.

Bu barədə Lent.az-a Prezident Kitabxanasından məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin aprel ayının 14-də imzaladığı fərmanla regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramını təsdiq edib. Prezident Kitabxanasının əməkdaşları bu sahə üzrə istifadəçilərin informasiya tələbatını dolğun və operativ surətdə ödəmək məqsədi ilə Dövlət Proqramının icrasına başlanmasından ötən bir il ərzində qəbul edilən rəsmi sənədlərin, keçirilən dövlət tədbirlərinin, dövlət başçısının regionlara səfərlərini əks etdirən bütün materialların tam mətnlərini sistemləşdirərək Elektron nəşr yaradıb, eləcə də Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı iqtisadi rayonlar üzrə ölkə mətbuatında dərc olunan materialların elektron biblioqrafik göstəricisini tərtib edərək onları kitabxananın saytında yerləşdirib.

Elektron nəşr üç fəsildən ibarətdir. I fəsildə yeni Dövlət Proqramının təsdiq edilməsinə və icrasına dair Prezidentin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və sosial-iqtisadi inkişaf üzrə Tədbirlər Planının elektron versiyaları toplanıb. Nəşrin II fəslində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda, Nazirlər Kabinetinin iclaslarında dövlət başçısının və müvafiq qurum rəhbərlərinin çıxışlarının, III fəsildə isə Prezidentin bölgələrə səfərləri zamanı nitq və çıxışlarının elektron versiyası öz əksini tapıb.

Elektron nəşrlərin təhlili göstərir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul olunduğu vaxtdan ötən müddət ərzində Proqramın icrasının təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyev 13 fərman, sərəncam və tədbirlər planı imzalayıb.

Ötən bir il ərzində Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin ölkədə sosial-iqtisadi inkişaf məsələlərinə həsr olunmuş üç iclası və Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Bu müddət ərzində Prezident ölkənin 19 rayon və şəhərlərində səfərdə olmuş, 31 görüşdə çıxış edib.

“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” adlanan elektron nəşrdə 73 rəsmi materialın tam mətni əhatə edilib. Eyniadlı elektron biblioqrafik göstəricidə isə 900-dən çox rəsmi sənədin, qəzet və jurnal məqaləsinin biblioqrafik təsviri verilib.

İstifadəçilərə təqdim olunan bu elektron nəşr və eyniadlı elektron biblioqrafik göstərici mərkəzi və yerli icra orqanlarının, bələdiyyələrin əməkdaşları, eləcə də ölkəmizin sosial-iqtisadi problemləri ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulub.

Prezident Kitabxanasının saytında (www.preslib.az) yerləşdirilən bu bazalar daimi yenilənir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO