“Sizi əmin edirəm ki, bu gün Azərbaycanda istənilən dövlət qərarını, istənilən məmurun əməlini, fəaliyyətini təhlil etmək, ona qiymət vermək imkanı, jurnalistlərin bununla bağlı informasiya toplayıb onu cəmiyyətə çatdırmaq imkanı, bəlkə mən çox maksimalist çıxış edirəm, heç Fransa, İtaliya, Almaniyadan geri qalmır”. “Media forum” saytının məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov noyabrın 16-da jurnalistlərə açıqlamasında belə deyib.
Ə.Həsənovun fikrincə, əgər istənilən jurnalist vəzifəli şəxslərin, dövlət qurumlarının fəaliyyətini, dövlətin büdcə fəaliyyətini sərbəst formada müzakirəyə çıxarıb onunla bağlı azad fikir söyləyə bilirsə, həmin ölkədə “söz azadlığının vəziyyəti pisdir” demək ədalətsizlikdir.
Şöbə müdiri hesab edir ki, Azərbaycanda KİV üzərindən dövlət tənzimlənməsi mexanizmi götürüləndən mətbuatın vəziyyəti normaldır: “Bəlkə bəzi insanları və beynəlxalq təşkilatları da bu qane etmir”.
«Media forum»