“Pravda”qəzetinin hörmətli baş redaktoru!
“Növbəti danışıqlar “Qarabağ düyünü”nə düşmüşdür” sərlövhəli məqalədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi haqqında həqiqətə uyğun olmayan məlumatlardan ibarət abzasları çıxardığınıza görə Sizə təşəkkür edirik. Bununla bərabər, təəssüflə qeyd etməliyik ki, məqalənin qalan hissəsində də bəzi saxtakarlıqlar vardır.
Məsələn, məqalədə deyilir: “XX əsrdə Rusiya imperiyası süqut edəndən sonra Qarabağla əlaqədar köhnə mübahisələr kəskinləşdi. 1918-ci ildə müstəqil dövlətlər olan Azərbaycan və Ermənistan Qarabağa dair öz hüquqlarını irəli sürdü”.
Rusiya imperiyası süqut edəndən sonra Azərbaycan Qarabağ barəsində öz hüquqlarını irəli sürməmişdir, çünki bu vilayət Azərbaycan Xalq Cümhuriyyətinin (AXC, 1918-1920) tərkibində qalmaqda davam edirdi və burada (habelə azərbaycanlıların məskunlaşdığı, Azərbaycan tərəfindən Sovet Ermənistanına bağışlanmış Zəngəzurda) AXC-nin nümayəndəsi, general-qubernator Xosrov bəy Sultanovun başçılıq etdiyi hökumət fəaliyyət göstərirdi. Onun həmin vəzifəyə təyin edilməsinə başda general-mayor V.M.Tomson olmaqla işğalçı ingilis hakim dairələri razılıq vermişdi. Qarabağ barəsində iddialar irəli sürən isə, əksinə, əvvəlcə ingilislərin Sultanovu həmin vəzifəyə təyin olunmasını qəbul etməyən və başqa dövlətin ərazisində Qarabağ Erməni Milli Şurası (QEMŞ) deyilən oyuncaq qurum şəklində süni “ikihakimiyyətlilik” yaratmış Ermənistan idi. Lakin nəticə etibarilə hətta QEMŞ də Qarabağın Azərbaycana reinteqrasiyasının labüdlüyünü etiraf etmiş və 1919-cu il avqustun 22-də imzalanmış sazişə görə, Dağlıq Qarabağ elan etmişdir ki, özünü “müvəqqəti olaraq” (bu məsələ Paris Sülh Konfransında qəti həll edilənə qədər) “Azərbaycan Respublikasının tərkib hissəsi hesab edir”. Beləliklə, Qarabağ barəsində iddialar irəli sürən Azərbaycan deyil, Ermənistan olmuşdur.
Ermənilərin Qarabağ barəsində iddialarının perspektivsiz olmasını hətta bolşeviklər də etiraf edirdi. Məsələn, Anastas Mikoyanın V.İ.Leninə ünvanlanmış 1919-cu il 22 may tarixli teleqramında deyilirdi: “Ermənistan hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin Qarabağ əhalisi üçün bu, Bakıdakı həyat mənbəyindən məhrum olmaq və heç vaxt, heç nədə bağlı olmadıqları İrəvanla bağlanmaq demək olardı. Erməni kəndliləri özlərinin beşinci qurultayında Azərbaycana birləşməyi qərara almışlar” (Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Mərkəzi Partiya Arxivi – MLİ MPA, fond 461, siyahı 1, saxlama vahidi 4525, vərəq 1).
Bu teleqram göndəriləndən bir il sonra – 1920-ci il iyunun 19-da, yəni Azərbaycanın çox hissəsində sovet hakimiyyəti qurulandan sonra və qonşu Ermənistanın sovetləşməsindən xeyli əvvəl Sovet Rusiyasının xalq xarici işlər komissarı Q.Çiçerin Moskvadan RK(b)P MK-nın Qafqaz Bürosunun rəhbəri Serqo Orconikidzeyə teleqram göndərərək, Azərbaycanın sovetləşməsinin başa çatdırılması və Qızıl Ordu tərəfindən Qarabağın və Zəngəzurun da tutulmasının zəruri olması məsələsini qaldırmışdır. O, Leninə ünvanlanmış məktubunda qəflətən ehtiyatsızlıq etmiş və xidməti işlərlə əlaqədar daşnak hökuməti ilə yazışmasına əsaslanaraq yazmışdı ki, “Qarabağ tarixi erməni ərazisidir”.
Bundan hiddətlənən Zaqafqaziya bolşevikləri A.Nuricanyan (erməni), A.Mikoyan (erməni), B.Mdivani və N.Nərimanov Çiçerinə teleqram göndərərək, Ermənistanın daşnak hökumətinin onun üstünə yağdırdığı saxta informasiyaya uymasını vurğulamışdılar: “Guya mübahisəli olan, artıq Sovet Azərbaycanının tərkibinə daxil olmuş Zəngəzur və Qarabağ məsələsinə gəldikdə isə, qətiyyətlə bildiririk ki, bu ərazilər mübahisəsizdir və bundan sonra da Azərbaycan hüdudlarında olmalıdır” (Azərbaycan Dövlət Tarix Arxivi, f. 410, s. 2, s.v. 69, vv. 181-187). Onlar “çaparaq” göndərilmiş məktubda göstərirdilər ki, Çiçerinin düşünülməmiş ifadəsində məntiq yoxdur: əgər Qarabağ erməni ərazisidirsə, Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında formal neytrallıq mövcud olmasını nəzərə alsaq, Qızıl Ordu Qarabağa necə daxil ola bilərdi? Bütün Azərbaycanda sovet hakimiyyəti qurulması kontekstində və Ermənistanda daşnak hökumətinin süqutundan xeyli əvvəl Qarabağın və Zəngəzurun sovetləşdirilməsinin mənası məhz ondan ibarət idi ki, bu iki vilayət Ermənistan ərazisi deyil, Azərbaycan ərazisi hesab edilirdi və məhz bu səbəbdən onlar da kommunistlərin nəzarəti altına keçməli idi.
1920-ci ilin yayında bu cür teleqramlar çox göndərilmişdi. S.Orconikidze sanki həmin teleqramları yekunlaşdıraraq Lenin, Stalin və Çiçerinə ünvanlanmış məktubunda həmin vilayətlərin Azərbaycana məxsus olmasını vurğulamış və onları ehtiyatlı olmağa çağırmışdı: “Ermənistan hökuməti bilərəkdən sizə yalan məlumat verir… Azərbaycana bu cür münasibət geniş xalq kütlələrinin nəzərində bizi çox hörmətdən salır”. S.Orconikidzenin başqa bir teleqramında deyilir: “Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti qurulmuşdur və hər iki ərazi özünü Sovet Azərbaycanının tərkib hissəsi hesab edir” (RF XİN Arxivi, qovluq 54882, vərəq 20).
Buna görə də həmin abzası aşağıdakı şəkildə yazmaq daha düzgün olardı: “Rusiya imperiyası süqut edəndən və 1918-ci ildə müstəqil Azərbaycan və Ermənistan yaranandan sonra sonuncu gözlənilmədən Qarabağ barəsində iddialar irəli sürmüşdür”.
Sizin məqalənizdə daha sonra belə bir abzas vardır: “RK (b)P MK Qafqaz Bürosunun qərarı ilə 1921-ci ildə Dağlıq Qarabağ muxtariyyət hüququ ilə Sovet Azərbaycanının tərkibinə daxil edilmişdir. Beləliklə, sonrakı ağrılı mübahisələrə görə məsuliyyətin xeyli hissəsi məhz bolşeviklərin üzərinə düşür”.
Məsələnin bu şəkildə təqdim edilməsinin də real tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, Qarabağın “Stalinin əli ilə” Ermənistandan Azərbaycana “verilməsi” barədə dünyada yayılmış söz-söhbət hələ də davam edir. Təəccüblüdür ki, bu barədə müstəqil media-mənbələr və hətta üçüncü ölkələrin siyasətçiləri də danışırlar. Onlar heç olmasa Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli plenum iclasının protokolunun mətni ilə tanış olmağa da tənbəllik edirlər. Halbuki bu sənəd arxivdə saxlanır, dəfələrlə dərc edilmişdir və qondarma erməni tarixçiləri həmin sənəddən gətirilən sitatların düzgünlüyünə şübhə ilə yanaşdıqlarını bildirəndən sonra sənədin fotosunu dərc etmək lazım gəlmişdir.
Həmin plenumda sədrlik etmiş MK-nın üzvü İ.V.Stalin səsvermə hüququ olmadan, Qafqaz Bürosunun 7 üzvü – gürcülər Q.K.Orconikidze, F.İ.Maxaradze, İ.D.Oraxelaşvili, bolqar S.M.Kirov, ermənilər A.M.Nazaretyan, A.F.Myasnikov (Myasnikyan) və azərbaycanlı N.N.Nərimanov səsvermə hüququ ilə iştirak edirdi.
Bundan əlavə, plenumda səsvermə hüququ olmayan Azərbaycan xalq xarici işlər komissarı Hüseynov və Qafqaz Bürosunun katibi Fiqatner, habelə səsvermə hüququ olan iki erməni və bir azərbaycanlı da iştirak edirdi.
Xatırladaq ki, bu hadisələr 1921-ci ilin ortalarında cərəyan edirdi. O vaxt ölkədə hakimiyyət bütünlüklə fəaliyyət qabiliyyətli və güclü V.İ.Leninin əlində idi, RK (b) P MK-nın sıravi üzvü İ.V.Stalini isə tanıyan az idi. Yalnız bir ildən sonra, rəhbərin xəstəliyi ilə əlaqədar, Stalin formal şəkildə baş katib təyin edilir. Həmin dövrdə baş katibin funksiyaları çox məhdud idi, qərarlar həmişə ciddi kollegial qaydada qəbul edilirdi. Bu baxımdan, saxtakarların Qarabağ barəsində “ədalətsiz” qərar qəbul edilməsini həmin dövrdə çoxlarının tanımadığı Stalinin ayağına yazmaq və yenidənqurma dövründə diktatorun pislənməsi fonunda Qarabağ ermənilərinin “cəfalarını” da bu tiranın adı ilə bağlamaq cəhdləri, tarixi baxımdan, ən azı gülməli görünür. Zənnimcə, ermənilərin bunu bilməsi çox maraqlı olacaqdır ki, həmin dövrdə milli azlıqların məsələləri üzrə xalq komissarı Stalin və xalq xarici işlər komissarı Çiçerin onların iddialarına rəğmən həmişə Qarabağın Ermənistana verilməsinə tərəfdar olmuşlar.
Maraqlıdır ki, Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında iyulun 4-də qəbul edilmiş qərara yenidən baxılması məsələsini həmin ərəfədə qaldıranlar İ.D.Orconikidze və (diqqət!) erməni A.M.Nazaretyan olmuşdur.
Plenum qərara almışdır: “Müsəlmanlar və ermənilər arasında sülhün, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri, onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq Dağlıq Qarabağ ASSR hüdudlarında saxlanılsın (kursiv mənimdir – V.S.), ona, inzibati mərkəzi muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri olmaqla, geniş vilayət muxtariyyəti verilsin”.
Kimin gözü varsa, oxuya bilər! Arxiv sənədində birmənalı şəkildə Qarabağı Azərbaycana vermək deyil, onu Azərbaycan hüdudlarında saxlamaq yazılmışdır. Saxlamaq sözü yalnız o şeyə aid ola bilər ki, bundan əvvəl həmin yerdə olsun. Hətta bu sadə sənəd də göstərir ki, Qarabağ həmişə Azərbaycanın tərkibində olmuşdur! Ermənilər “saxlamaq” sözünü “vermək” sözü ilə əvəz etməklə bacarıqlı manipulyasiya edərkən sadəlövhcəsinə fikirləşdilər ki, onlar bütün dünyanı uzun müddət çaşdırmağa və inandırmağa nail olacaqlar ki, Qafqaz Bürosunun 1921-ci il tarixli plenumuna qədər Qarabağ guya Ermənistanın tərkibində olmuşdur.
1921-ci il iyulun 4-də Nərimanov, Maxaradze və Nazaretyan Qarabağın Azərbaycan hüdudlarında saxlanılması qərarının lehinə, Orconikidze, Myasnikov, Kirov və Fiqatner isə əleyhinə səs vermişdir. Stalin səs verməmişdir! Lakin vəziyyətin kəskinliyi nəzərə alınaraq həmin gün müzakirə başa çatdırılmamış və qəti qərar qəbul edilməsi növbəti günə keçirilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Orconikidze və Nazaretyanın təşəbbüsü ilə plenum həmin məsələyə baxılmasına yenidən qayıtmış və səs çoxluğu ilə Qarabağ Azərbaycanın tərkibində saxlanmışdı. Protokolda qeyd edilir ki, dörd nəfər lehinə səs vermiş, üç nəfər bitərəf qalmışdır. Qərarın əleyhinə heç kəs səs verməmişdir (MLİ MPA, f.64, s.2, s.v. 1, v.122-122-nin arxası).
Nəhayət, sonuncu məqam. 1923-cü ilin avqustunda DQMV-də referendum keçirilmiş, bu referendumun gedişində erməni kəndlilər Azərbaycanın tərkibində DQMV yaradılmasını alqışlamışlar. Qarabağ Vilayət Partiya Komitəsinin katibi Sero Manusyan həmin referendumun yekunları haqqında 1923-cü il oktyabrın 13-də AK (b) P MK-ya məruzə edərkən bildirmişdir: “Azərbaycanın tərkibində muxtariyyət aktı erməni kəndlilər tərəfindən tam yekdilliklə bəyənilmişdir… Kəndlilər özlərinin kütləvi qətnamələrində muxtariyyəti və sovet hakimiyyətini alqışlamışlar. S.M.Kirov 1924-cü il mayın 5-də AK (b) P MK-nın Azərbaycan Kommunist Partiyasının qurultayına hesabat məruzəsində demişdir: “Bizim ən böyük, ən əyani nailiyyətimiz odur ki, Qarabağ məsələsi deyilən məsələ, tamamilə olmasa da xeyli dərəcədə həll edilmişdir… Əsla şübhə yoxdur ki, bu məsələni yenidən həll etməli olmayacağıq”.
Beləliklə,
1) bolşeviklər Qarabağı Azərbaycana verməmiş, onu Azərbaycan hüdudlarında SAXLAMIŞLAR;
2) bu qərar ermənilərin sayca üstünlüyə malik olduğu Qafqaz bürosunda qəbul edilmişdir;
3) bu məsələdə Stalinin heç bir rolu olmamışdır. Xüsusən ona görə ki, o, özü Qarabağı Azərbaycandan daha çox Ermənistanın tərkibində görmək istəyirdi;
4) 1923-cü ildə DQMV-də keçirilmiş referendum zamanı Qarabağ erməniləri Qafqaz bürosunun qərarını bəyənmişlər!
Yetmiş ildən sonra nuykinlər, starovoytovalar, bonnerlər və sair əldəqayırma “hüquq müdafiəçiləri” 1-ci və 3-cü bəndlərin məzmununu bilərəkdən təhrif etmiş, 2-ci və 4-cü bəndlər barəsində isə bilərəkdən susmuşlar.
Qarabağın Stalin tərəfindən ermənilərin “əlindən alınması” və onun azərbaycanlılara “verilməsi” barədə əhvalatın əsl mahiyyəti bundan ibarətdir.
Bundan əlavə, məqalə müəllifinin bu fikri ilə də razılaşmaq mümkün deyil ki, sonrakı ağrılı mübahisələrə görə məsuliyyət məhz bolşeviklərin üzərinə düşür. Əksinə, bolşeviklərin sayəsində ədalətli qərar hazırlamaq mümkün olmuşdur. Artıq həll edilmiş məsələyə yenidən qayıtmağın məsuliyyəti isə Qorbaçov yenidənqurmasının son illərində Ermənistanla əlaqələri gücləndirmiş xarici daşnakların üzərinə düşür.
Buna görə də həmin abzası aşağıdakı şəkildə yazmaq daha düzgün olardı: “1921-ci ildə RK (b) P MK-nın Qafqaz bürosunun qərarı ilə Qarabağ Sovet Azərbaycanının tərkibində saxlanılmış, Qarabağın dağlıq hissəsində isə mərkəzi Şuşa olmaqla muxtariyyət yaradılmışdır. Sonrakı ağrılı mübahisələrə görə, məsuliyyətin çox hissəsi həmin qərarı qəbul etməmiş qüvvələrin – SSRİ dövründə xaricdə daldalanan daşnakların və digər antisovet ünsürlərin üzərinə düşür”.
Nəhayət, aşağıdakı abzas tənqid qarşısında acizdir: O vaxt Azərbaycanın Sumqayıt şəhərində millətçilər Dağlıq Qarabağa köçmüş erməni əhalini talan etməyə başladılar. Fiziki zorakılıq daha uzaq məqsədlər güdən siyasi nəticələrə təhrik etmişdir. Əhalisinin əksəriyyəti (94 faizi) ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Azərbaycan SSR-in tərkibindən çıxmasını elan etmişdir”.
Təkzibedilməz faktdır ki, ilk zorakılıq aktları və talanlar Sumqayıt hadisələrindən xeyli əvvəl – 1987-ci ilin axırlarında Ermənistanda, azərbaycanlıların məskunlaşdığı Qafan və Masis rayonlarında baş vermişdi. İlk qaçqınlar da həmin dövrdə meydana gəlmişdi. Onlar azərbaycanlılar idi. Sumqayıt hadisələri bir neçə ay sonra Ermənistanda azərbaycanlılara qarşı törədilmiş talanlara kortəbii cavab idi. Sumqayıtda talan iştirakçılarının əksəriyyəti Ermənistandan olan azərbaycanlı qaçqınlar idi. Lakin nədənsə Sumqayıt haqqında söhbətlərin müəllifləri özlərinə belə bir sual vermirlər: bəs necə oldu ki, SSRİ-də qaçqınlar yarandı. “Pravda” qəzetində dərc edilmiş məralədən belə çıxır ki, guya zorakı hərəkətlər Sumqayıtda başlanmışdır. Halbuki bu heç də belə deyil. Yeri gəlmişkən, Sumqayıtdakı talançılar arasında Ermənistandan olan azərbaycanlı qaçqınlarla bərabər Sumqayıtda yaşayan cinayətkar ermənilər də vardı (qətlə yetirilmiş 26 ermənidən 6-sı həmin cinayətkar ermənilərdən yalnız biri – Eduard Qriqoryan və onun digər iki cinayətkar yoldaşı Jirayr Azizbekyan və Arkadi Oqanov tərəfindən öldürülmüşdür (bax: o vaxt SSRİ-nin baş prokuroru olmuş V.Katusevin müsahibəsi). Sumqayıtda ölənlər arasında ermənilərlə (26 nəfər) bərabər azərbaycanlılar da (6 nəfər) olmuşdur. Ermənistanda isə öldürənlər yalnız ermənilər idi və onlar yalnız azərbaycanlıları öldürürdülər. Sumqayıtdan fərqli olaraq Ermənistanda azərbaycanlılara qarşı talanlar artıq kortəbii deyil, mütəşəkkil xarakter daşıyırdı.
Bundan əlavə, DQMV-də heç vaxt əhalinin 94 faizi erməni olmamışdır. 1988-ci ildə vilayət əhalisinin 75 faizi ermənilər, 25 faizi isə azərbaycanlılar idi.
Buna görə də həmin abzası aşağıdakı kimi yazmaq daha düzgün olardı: “O vaxt Ermənistanın Masis və Qafan şəhərlərində, sonra isə Azərbaycanın Sumqayıt şəhərində cinayətkarlar, müvafiq şəkildə, Dağlıq Qarabağa üz tutmuş Azərbaycan və erməni əhalisinə qarşı talanlara başlamışdır. Bir qədər sonra talanlar Ermənistanın Qukark və Spitak yaşayış məntəqələrində və Azərbaycan paytaxtında davam etmiş, orada, müvafiq şəkildə, yerli azərbaycanlıları və erməniləri öldürmüşdülər. Münaqişənin bütün tarixi ərzində ən dəhşətli cinayət isə 1992-ci ilin fevralında Dağlıq Qarabağın dinc azərbaycanlılar yaşayan Xocalı şəhərinin erməni silahlı qüvvələri tərəfindən məqsədyönlü və planlaşdırılmış şəkildə məhv edilməsi olmuşdur. Fiziki zorakılığın çox ciddi siyasi nəticələri olmuşdur. Əhalisinin əksəriyyəti (75 faizi) ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) SSRİ Konstitusiyasına zidd olaraq Azərbaycan SSR-in tərkibindən çıxmasını elan etmişdi”.
Bu şərhdə yazılanların hamısı, buradakı hər kəlmə, hər durğu işarəsi tarixi sənədlərə qərəzsiz istinadlarla təsdiqlənir və onları asanlıqla yoxlamaq olar. Əgər Siz, baş redaktor kimi öz nəşrinizin reputasiyasına və onun adının məzmununa müvafiq olmasına laqeyd deyilsinizsə, onda şübhə etmirəm ki, yuxarıda göstərilən abzaslar onların əvəzinə təklif olunan abzaslarla əvəz ediləcəkdir.