Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı

Dünən Bakı Media Mərkəzində “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquq Mühafizə Orqanları ilə KİV-lər arasındakı münasibətin tənzimlənməsi yolları – 2” layihəsi çərçivəsində Dəyirmi Masa keçirildi. Üç aylıq layihə çərçivəsində Bakı, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Layihə barədə məlumat verən “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin rəhbəri Firuzə Əsədullayeva bildirdi ki, layihənin həyata keçirilməsində məqsəd jurnalistlərlə polis arasında əlaqələri gücləndirmək, münasibətləri keyfiyyət baxımından yeni məcraya istiqamətləndirmək, eyni zamanda, bu münasibətlərin gələcəkdə tənzimlənməsinə yardımçı olmaqdır: “Bugünkü tədbirdə hüquq müdafiəçiləri, media qurumlarının rəhbərləri, jurnalistlər, polis zabitləri iştirak edir. Ümid edirik ki, dəyirmi masalarda mövzu ətrafında aparılan fikir mübadiləsi və irəli sürülən təkliflər öz səmərəsini verəcək, bu isə gələcəkdə polis və jurnalistlərin bir-birilə daha yaxşı davranmasına səbəb olacaq. Eyni zamanda, polis-jurnalist münasibətləri gündəmə gətirildikdə ictimaiyyətin diqqəti bu problemə daha çox yönələcək. Hesab edirik ki, aparılacaq müzakirələr layihənin müddəti başa çatdıqdan sonra da davam edəcək. Çünki problem cəmiyyəti məlumatlandıran, cəmiyyətlə polis arasında körpü rolunu oynayan bütün KİV-in ümumi problemidir”.

F.Əsədullayeva əlavə olaraq məlumat verdi ki, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən “Polis və KİV” mövzusunda yazı müsabiqəsi elan edilib. Müsabiqənin müddəti martın 3-də başa çatır: “Xatırladım ki, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən eyni adlı sınaq layihəsi 2007-ci ildə Bakı, Gəncə və Xaçmaz şəhərlərində həyata keçirilib. Keçirilən tədbirlər cəmiyyət arasında böyük rezonans yaratmışdı. Həm jurnalistlər, həm də polislər tərəfindən münasibətlərin daha da yaxşılaşması üçün səmərəli təkliflər irəli sürülmüşdü. Ümid edirəm ki, bugünkü Dəyirmi Masa da qızğın müzakirələr, çoxsaylı təkliflərlə müzakirə olunacaq”.

F.Əsədullayeva jurnalistlərlə polislər arasında münasibətlərin toqquşma nöqtələrini də göstərdi. Qeyd etdi ki, əsas konfliktlər aksiyaların keçirilməsi və informasiyaların alınması zamanı özünü göstərir: “Jurnalistlər aksiyalarda polisin onlarla kobud davranmasından, lazımi informasiyaların verilməməsindən şikayətlənir. Polislər isə bildirir ki, jurnalistlər aksiyalarda özünü müşahidəçi kimi deyil, iştirakçı kimi aparır. Ona görə də, jurnalistləri aksiya iştirakçısından fərqləndirmək çətin olur”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli polis-KİV münasibətlərilə bağlı xarici ölkələrin təcrübələrindən misallar gətirdi: “Amerika Birləşmiş Ştatlarında hər hansı hadisə olanda 911 xəttilə bir neçə quruma eyni vaxtda məlumat verilir. Həmin qurumlardan biri də KİV-dir. Yəni hadisə yerinə polis, yanğın söndürənlər, təcili yardım işçilərilə bərabər jurnalistlər də gəlir. Azərbaycanda belə hadisələr baş verəndə jurnalistlərin əsas problemi həkimlərlə, yanğınsöndürənlərlə deyil, polislərlə olur. Polislər bildirir ki, jurnalistlər onların işinə mane olur. Hesab edirəm ki, polisi KİV münasibətlərində müəyyən irəliləyişlər olmalıdır. Bunun üçün polisin fəaliyyətindən yazan ixtisaslaşmış jurnalistlər olmalıdır. Təəssüf ki, Azərbaycanda polisin fəaliyyətindən yazan, bu sahədə ciddi araşdırma aparan mətbu orqan yoxdur”.

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu Orxan Mansurzadə çıxışında bildirdi ki, Daxili İşlər Nazirliyi dövlətçiliyin əsas sütunlarından biridir: “Ərazi bütövlüyümüzün qorunmasında fəal iştirak etmiş polislərimiz var. Onların fədakarlığını yüksək qiymətləndirmək lazımdır. Cənab nazir Ramil Usubov çıxışlarında dəfələrlə bildirib ki, polis cəmiyyətlə, jurnalistlərlə münasibətdə qanunun aliliyini gözləməlidir. Daxili İşlər Nazirliyi media, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edir.

Layihə əməkdaşı Nahid Canbaxışlı polis-KİV münasibətlərindəki problemlərdən danışaraq qeyd etdi ki, son illər bu sahədə müəyyən inkişaf müşahidə edilməkdədir. Daxili işlər nazirinin əmrilə Nazirliyin mətbuat xidmətinin dörd region üzrə nümayəndəlikləri yaradılacaq”.

O.Mansurzadə, digər dövlət orqanları kimi, özlərinin də “reket qəzetlər”in fəaliyyətindən əziyyət çəkdiyini dedi: “Mətbuat Şurası “reket” jurnalistika ilə mübarizə aparır. Biz bunu yüksək qiymətləndiririk. “Reket” jurnalistlər Daxili İşlər Nazirliyinin növbətçi hissələrinə gedərək, xidmətdən kənar işlərlə məşğul olur ki, bu da polis-KİV münasibətlərini korlayan faktorlardan biridir. Ümid edirəm ki, “reket” jurnalistika problemi aradan qalxanda münasibətlər də arzuolunan səviyyədə olacaq”.

Mansurzadə onu da əlavə etdi ki, işində yol verdiyi nöqsanlara görə ötən il 442 polis inzibati qaydada cəzalandırılıb. 66 nəfər vəzifəsindən azad edilib”.

Nəsimi Rayon Polis İdarəsinin polis zabiti, polkovnik Zahid Teymurov polis-KİV münasibətlərinin son vaxtlar aktuallaşdığını deyərək bildirdi ki, jurnalistlər bəzən polisin əməyini lazımınca qiymətləndirmir, onun fəaliyyətinin yaxşı tərəflərini görməzliyə vurur: “Siz heç vaxt polis idarəsinin qapısını qıfıllı görməzsiniz. Polis 24 saat fəaliyyət göstərir. Bəzən zəhmətinin qarşılığında uyğun maaş ala bilmir. Amma səsini çıxarmır. Çünki polis andı içib. Jurnalistlər informasiyanı verməklə kifayətlənməli deyil. Məlumat verilir ki, polisin əməliyyatı nəticəsində 5 kq narkotik maddə aşkarlanıb. Araşdırmaq lazımdır ki, 5 kq narkotik maddə nə deməkdir? Neçə nəfər bundan istifadə edə bilər və bu onların həyatına, sağlamlığına nə kimi təsir göstərə bilər? Yəni adi informasiyanın arxasında böyük bir əməliyyat durur. Nəticəni yox, prosesin özünü işıqlandırmaq lazımdır”.

Polisin fəaliyyətində neqativ halların da olduğunu deyən cənab Teymurov əlavə etdi ki, polisi cəmiyyətdən ayırmaq düzgün olmazdı: “Cəmiyyət necədirsə, polis də o cürdür. İnkişaf hərtərəfli getməlidir”.

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova polis-KİV münasibətlərinin yaxşılaşdırılması, əlaqələrin gücləndirilməsi üçün müəyyən tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, hər bir qəzetdən, telekanaldan bir nəfər jurnalist Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlidir.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Tofiq Türkel polislə KİV arasında problemlərin əsasən iş prosesində olduğunu dedi: “Problem kütləvi aksiyalarda və informasiyaların alınmasındadır. Polis idarələrindən baş vermiş hadisə ilə bağlı operativ informasiya almaq mümkün olmur. Jurnalist operativ informasiya almaq istəsə də, ona cavab verən tapılmır. Polis-KİV münasibətləri dedikdə mən polisin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin üzünə durmasını, gənc bloqçularla bağlı məsələni xatırlamaya bilmirəm. Yəni elə məqamlar var ki, bir vətəndaş kimi məni ağrıdır. Belə hallar olmasa, digər münasibətləri də yoluna qoymaq mümkündür. Türkiyədə keçirilən etiraz aksiyalarında polislə jurnalist eyni xətt üzrə hərəkət edir”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif jurnalistlərlə daha yaxından münasibət qurmaqla bağlı heç bir problemlərinin olmadığını dedi: “Bəzən jurnalistlər elə polis işçilərindən münasibət öyrənirlər ki, onlar əslində heç bir məlumat verə bilməz. Çünki hadisə yeni baş verir və səbəbləri heç kəsə bəlli deyil. Ona görə də, bir qədər gözləmək lazımdır və bütün hallarda Bakı şəhərində baş verən cinayət hadisələrilə bağlı məlumatlar bizimlə dəqiqləşdirilsə yaxşı olar”.

“Polisə Dəstək” İctimai Birliyinin əməkdaşı Cabir Kazımov polisin fəaliyyətinin yaxşı tərəflərinin də olduğunu dedi: “Bəzən jurnalistlər polisin fəaliyyətinin yaxşı tərəflərini görmür. Bizim Dağlıq Qarabağda, cinayətkarlıqla mübarizədə dünyasını dəyişmiş, şəhid olmuş polislərimiz var. Onlardan da yazmaq lazımdır”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Könül Zərbəliyeva öz çıxışında bir neçə problemə toxundu: “Bəzən polis orqanları media qurumları arasında fərq qoyur. Telekanallara şərait yaradılır, amma agentliklərə, qəzetlərə ögey münasibət sərgilənir. Bu da bizi narahat edir. Polis İdarəsindən məlumat almaq, demək olar ki, mümkün deyil. Polis İdarəsinin əməkdaşları məlumat vermək hüquqlarının olmadığını deyir və tövsiyə edirlər ki, mətbuat xidmətinə zəng edək. Mətbuat xidmətində isə məlumat olmur. Bəzən də deyirlər ki, telefonla məlumat vermirlər. Bizim isə polis bölmələrinə getməyə vaxtımız olmur. Daxili İşlər Nazirliyində, eləcə də digər polis idarələrində keçirilən tədbirlərə adətən ancaq “AzərTAc” İnformasiya Agentliyi və AzTV dəvət olunur. Yəni ayrıseçkilik hallarına son qoyulsa yaxşı olardı”.

Bakı Şəhər Baş Dövlət Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin məsulu Nurulla Məmmədxanov polisdə kifayət qədər yüksək intellektli və peşəkar əməkdaşların olduğunu bildirdi: “Biz az danışıb, çox iş görməyi xoşlayırıq. Bəzən KİV işçiləri bizim işlərimizə mane olur. Cinayətin baş verdiyi hadisə yerinə özbaşına girirlər”.

Müzakirələrdə davam edən Dəyirmi Masa sonda nahar fasiləsilə öz işini yekunlaşdırdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO