Bakıda açılması nəzərdə tutulan “Press-klub” Türkiyə və digər Türkdilli ölkələrin KİV-lərində çalışan jurnalistlərin koordinasiyasını təşkil edəcək
Parlament Jurnalistləri Birliyi (PJB) türk ölkələri arasında media əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan yeni layihə üzərində işləyir. Bu barədə PJB-nin sədi Elşad Eyvazlı bildirib. Onun sözlərinə görə, Türkiyə Qəzetçilər Federasiyası ilə birgə işlənən bu layihə Bakıda “Türkdilli ölkələrin mətbuat klubu”nun açılmasını nəzərdə tutur.
Layihəyə görə, Bakıda açılacaq “Press-klub” Türkiyə və digər türkdilli ölkələrin KİV-lərində çalışan jurnalistlərin koordinasiyasını təşkil edəcək. Klubun təşəbbüsü ilə türk qəzetlərinin Azərbaycanda, yerli qəzetlərin isə Türkiyədə yayılması nəzərdə tutulur.
Bununla yanaşı, “Türkdilli ölkələrin mətbuat klubu” türk jurnalistləri ilə Azərbaycan KİV nümayəndələri arasında əməkdaşlıq imkanları üçün yeni səylərin ortaya qoyulmasını, Bakıda və Türkiyədə, Orta Asiya ölkələrində fəaliyyət göstərən KİV-lərlə sıx əlaqələrin yaradılmasını təşkil etmək niyyətindədir. Klub Türkdilli ölkələrin qəzet redaksiyalarına, parlamentlərinə səfərlər təşkil edəcək. Yerli jurnalistlərin Türkiyənin məşhur qəzetlərində təcrübə keçməsinin təşkil edilməsi də düşünülür.
Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Atilla Sertel ilə PJB rəhbərliyinin görüşündə bununla bağlı müzakirələr olub və tərəflər layihəyə dəstək vermək üçün razılıq əldə ediblər.
Bakıda səfərdə olan Türkiyə Cümhüriyyəti Nazirlər Kabinetinin Mətbuat –Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya da PJB sədri ilə görüşündə “Türkdilli ölkələrin mətbuat klubu” ideyasına dəstək verib və əlindən gələn köməyi göstərəcəyini vəd edib.
Modern.az