Partiyaların namizədlər siyahısında jurnalistlərə tək-tük yer verildi

Artıq seçkilərin aktiv fazası gedir. Demək olar ki, prosesə qoşulan bütün siyasi təşkilatların namizədləri bəllidir. Namizədlər arasında cəmiyyətin bütün təbəqələrinə rast gəlmək mümkündür. Burada ziyalısından tutmuş, idmançı, musiqiçi, elm xadimi, yəni bütün peşə nümayəndələri təmsil olunub. Bu da normal haldır.

Seçkilərdə uğur qazanmaq istəyən qüvvə bütün təbəqələrlə işləməli, onları da namizəd olaraq öz sırasına cəlb etməlidir. Blok və birliklərin siyahısında aparıcı media işçiləri də yer alıb. Amma belə götürəndə, onların sayının cüzi olduğunu görərik. Bu isə belə deməyə əsas verir ki, siyahılarda media nümayəndələri, demək olar ki, yox səviyyəsindədir. Düzdür, bir neçəsi var, amma cəmiyyətdə fəal təbəqələrdən olan media işçilərinə namizəd olaraq verilən yerlər heç də aktivlik əmsalı baxımından ümumi mənzərəni əks etdirmir. Hətta elə blok və partiyalar var ki, namizədləri arasında bir nəfər də olsun mətbuat nümayəndəsi yoxdur. Yalnız AXCP-Müsavat bloku, Hakim YAP və bir nəfər olmaqla “İslahat” blokunda jurnalistlər təmsil olunub. Jurnalistlərin prosesdə fəal olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Vəziyyətin belə olmasında bir tərəfdən partiyaların günahı varsa, digər tərəfdən media işçisinin passivliyi də öz sözünü deyə bilər. Həmin məsələyə media işçiləri və siyasilərin də münasibətini öyrəndik və bu zaman müxtəlif fikirlər ortaya çıxdı.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli partiyaların seçkilərdə iştirak edəcək namizədlər sırasında media mənsublarına yer verməməsini yaxşı hal hesab edir: “Bu mütərəqqi haldır və o deməkdir ki, media işçiləri onların funksioneri deyil. Düzdür, media işçiləri böyük əksəriyyətlə siyasətin içindən çıxıb. Elə partiyalar var ki, onların namizədləri arasında mətbuat nümayəndələri də var. Amma düşünürəm ki, bütövlükdə media işçilərinin sözügedən siyahıda olmaması çox yaxşıdır. Mətbuat işçiləri müstəqil olduğundan, namizədliyini bitərəf mövqedən verməlidir. Bu mütərəqqi hal sayıla bilər. Amma o da var ki, siyasi partiyaların siyahısında təkcə öz namizədləri deyil, partiya üzvü olmayan, cəmiyyətdə nüfuz qazanmış ziyalıların da adları yer alır. Həmin ziyalıların partiya siyahısında getməklə müəyyən köməyə ehtiyacı olduğu halda, media mənsublarının cəmiyyətə çıxış imkanları daha geniş olduğundan belə yardıma ehtiyacı yoxdur. Jurnalistlərin özlərini cəmiyyət arasında reklam etmək üçün resursları daha genişdir. Ona görə də, fikrimcə, onlar müstəqil şəkildə prosesə qoşulsalar daha çox səs qazana bilərlər. Jurnalistlər daha çox cəmiyyətə və özlərinə arxalanmalıdır. Onların fəaliyyəti cəmiyyətə daha çox açıqdır, onun gözü qarşısındadır. Partiyaların özlərinin bu işə nədən ciddi yanaşmadığına gəldikdə, burada qısqanclıq, diqqətdən yayınmaq, imicə xələl gətirmə qorxusu kimi məqamlar da yer ala bilər. Bəlkə də jurnalistlərin özləri partiya siyahısı ilə getmək istəmədiyindən belə vəziyyət yaranıb. Hər halda, müəyyən dövrdən sonra partiyaların özləri siyahılarında cəmiyyət tərəfindən tanınan media işçilərinin geniş olmasını istəyəcək. Bu bəlkə də gələcəkdə olacaq”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə jurnalistlərin sözügedən siyahılarda az olmasını onların azad sənətkar olması ilə əlaqələndirdi: “Təkcə “Yeni Müsavat” qəzetindən 4 namizəd blokun siyahısında iştirak edir. Ümumi götürəndə, sözsüz ki, bu azdır. Jurnalistlər əslində təbii olaraq millət vəkilidir. Onsuz da onlar öz fəaliyyətlərilə millət vəkilliyi funksiyasını həyata keçirirlər. Onların tribunaları var, buradan cəmiyyətin problemlərini çatdırırlar. Ola bilsin, bununla bağlı olaraq media işçiləri prosesdə elə də aktiv görünmür. Digər tərəfdən, bloklarda təmsil olunanlar adətən siyasi xarakterli insanlar olur. Media təmsilçiləri isə bir növ azad sənətkarlardır. Görünür, bunun da təsiri olub. Amma konkret olaraq, düşünmürəm ki, hansısa bir tanınmış media təmsilçisi seçkidə iştirak üçün partiyaya müraciət etsin, lakin təşkilat onu qəbul etməsin. Bu belə deyil”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli yaranmış durumun səbəbini media işçilərinin passivliyində axtarmağı lazım bildi: “Bu onların passivliyindən irəli gəlir. Biz heç kimə qarşı etinasızlıq nümayiş etdirməmişik. Müraciət edən jurnalistlərin hamısının namizəd kimi qeyd olunmasında maraqlı olduğumuzu ortaya qoymuşuq. Müraciət etsələr, məmuniyyətlə onları vahid namizəd kimi dəstəkləyə bilərik. AXCP-də, səhv etmirəmsə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və Şahvələd Çobanoğlu müraciət etmişdi. Rauf Arifoğlu isə vahid namizədimizdir. “Yeni Müsavat”dan Leyla İlqarın namizədliyi də ciddi müzakirələrdən sonra təsdiqini tapdı. Onların hər ikisinin namizədliyinin dəstəklənməsi üçün mümkün olan hər şeyi etdik. Sonda Şahvələd bəy imtina etdi, Qənimət bəyi isə müdafiə edirik. Əslində, jurnalistlərlə siyasətçilər eyni işi görür və Azərbaycan xalqının bu rejimdən xilas olması uğrunda mübarizə aparırıq. Ona görə də burada ayrıseçkiliyə əsas yoxdur. Bu sahədə bizdə problem yoxdur. İdeyaca yaxın olan istənilən şəxsi, o cümlədən jurnalisti dəstəkləməyə hazırıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO