Parlamentdə jurnalistlərin həbsi və diffamasiya məsələsi müzakirə olunub

Milli Məclisin yaz sessiyasının ilk iclasında bir qrup deputat həbsdə olan jurnalistlərin azad olunmasını və “Diffamasiya haqqında” qanunun qəbul edilməsini istəyib.

“Media forum” saytı xəbər verir ki, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bir neçə gün əvvəl akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı məhkəməyə verdiyini xatırladıb və buna etirazını çatdırıb: “Bu kimi həbslər dayandırılmalıdır. Diffamasiya haqqında qanun qəbul edilməli və həbsdə olan jurnalistlər dərhal azadlığa buraxılmalıdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə həbsdəki iki baş redaktordan – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevdən söz açıb. İ.Ağazadə bildirib ki, Q.Zahid və E.Fətullayevin işində olan motivlər əslində onların həbsinə əsas vermir: “Qənimət Zahidin həbsinə səbəb olan Sevgiladə Quliyevanın həmin dövrdə axtarışda olması faktı Qənimət Zahidə qarşı ittihamların saxta olduğunu təsdiqləyir. Eynulla Fətullayevin üzərindən narkotik maddənin tapılması da saxta, qurama məsələdir. Penitensiar Xidmət haqqında qanun Milli Məclisdə müzakirə olunanda mən məsələ qaldırmışdım ki, həbsxanada narkotik maddə tapılan zaman məsuliyyət həbsxana işçilərinin üstünə qoyulsun. Lakin qanunda bu məsələ vətəndaşların – dustaqların üzərinə qoyulur. Ona görə də bu kimi qondarma işləri düzüb-qoşa bilirlər”.

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasına üzv olam ölkələrin çoxunda “Diffamasiya haqqında” qanun olmadığını vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Avropadan gələn qanunları Azərbaycan gözüyumulu qəbul edə bilməz və diffamasiyaya dair qanunun da qəbulu üçün zaman yetişməlidir.

Z.Əsgərov Milli Məclisdə jurnalistlərin həbsi ilə bağlı məsələ qaldırılmasına da münasibət bildirib: “İnsanları növlərə bölmək olmaz. Nəyə görə başqa peşə sahibləri məhkəməyə veriləndə heç kim səsini çıxarmır, amma jurnalistlər məhkəməyə veriləndə ajiotaj yaradılır? Hətta deputatlar da təhqir olunurlar. Təhqir olunan insan öz şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət etməlidir, yoxsa “razborşikə”? Bəlkə məhkəmə belə hallarda jurnalistə bəraət verəcək? Ona görə kiməsə məhkəmə şikayətini geri götürmək üçün təzyiq etmək düzgün olmaz”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO