Parlament jurnalistləri deputat Xanhüseyn Kazımlını necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Xanhüseyn Kazımlını necə xarakterizə edirlər?Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Milli Məclisin ağsaqqal deputatlarından biridir. Jurnalistlərlə səmimi münasibətlər qurur. Düzdür, onun deputatlıq fəaliyyəti və rəhbərlik etdiyi partiya barədə yüksək fikir söyləmək olmaz. Sadəcə iqtidarın sadiq müdafiəçilərindən biri kimi xarakterizə etmək olar. Onu da deyim ki, müdafiə zamanı etik normaları gözləyir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Xanhüseyin Kazımlını fəal deputat hesab etmirəm. Millət vəkili olmaqdansa, İqtisad Universitetində dərsini keçsə daha yaxşıdır”.

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Xanhüseyn Kazımlını mətbuata açıq adam saymıram. Onun qərargahının əlindən alınmasıyla bağlı məhkəmə qərarı veriləndə zəng vurmuşdum ki, münasibətini öyrənim. Ancaq o nəinki münasibət açıqlamadı, hətta əsəbiləşdi. İnanıram ki, onun mətbuatda dostları var. Ancaq mətbuatın dostu deyil. Heç parlamentdəki çıxışlarını da ürəkaçan saymaq olmaz. Çünki onun hansısa məsələ barədə prinsipial mövqe nümayiş etdirmədiyini nəinki görmək, hətta təsəvvür etmək də çətindir. Bununla belə, maraqlı simadır”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Yaxşı alimdir, yaxşı ziyalıdır”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “İctimai-siyasi həyatda baş verən hadisələrdə hər zaman fəallıq göstərir. Ancaq parlamentdə kəskin çıxışların hiss etməmişəm. Diqqət etmişəm ki, o, çıxış edəndə deputatlar qulaq asmır, söhbət edirlər. Ancaq yaxşı insandır. Jurnalistlərlə söhbət edir, hər hansı bir məsələyə münasiət öyrənmək istəyəndə başqa deputatlar kimi qaçmır. Öz fikrini bildirir”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Öz maraqları üçün çalışan deputatlardan biridir. Jurnalistlərlə pis münasibətləri olmasa da, parlamentdə maraqlı çıxışları ilə yadda qalmayıb. Mən onu aktiv deputatlar sırasına aid edə bilmərəm. Artıq onun pensiya dövrüdür. Öz nəvələri ilə fəaliyyətini davam etdirsə yaxşıdır”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Parlamentin fəal deputatlarından biridir. Xüsusən iqtisadi məsələlərlə bağlı çıxış edir. Məncə, jurnalistlərlə onun arasında da heç bir problem yoxdur”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Aga Cəfərli: “Aktiv deputat deyil. Xüsusi fəallığı ilə yadda qalmayıb. Düzdür, iqtisadi məsələlərlə bağlı qanun layihəsi müzakirə olunanda çıxış edir. Hiss olunur ki, bu çıxışlar da əvvəlcədən hazırlanıb. Üzündən oxuyur, buna görə də dəqiq aydınlaşdırmaq olmur ki, nə demək istəyir. Partiya sədri olmasına baxmayaraq, ictimai-siyasi həyatda fəallıq göstərmir”.

“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Gözəl iqtisadçı alimdir. Dəyərli insandır. Çox hörmət bəslədiyim və müsahibə aldığım deputatlardan biridir”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseyinli: “Mülayim deputatdır. Son zamanlar jurnalistlərlə münasibətlər qurur. Parlamentdə heç bir qanunvericilik təşəbbüsü ilə çıxış etməyib. Seçicilərinin də problemlərin həll etməyib. Hər zaman dövlət mənafeyindən çıxış edir”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Xanhüseyn Kazımlını çoxdandı tanıyıram. Təxminən 1996-97-ci illərdən. Bir çox siyasətçilərdən və millət vəkillərindən fərqli olaraq o, sürüşkən mövqeli insan deyil. Onun mövqeyi sabit və dəyişməzdir. Eyni zamanda o, siyasətdə çoxdan olmasına baxmayaraq yenə də fəal və işgüzardır. Ümumilikdə onunla bağlı fikrim müsbətdir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Neçə ildir ki, parlamentdədir. Ancaq o, ən azı parlament jurnalistlərinin etimadını qazana bilməyib. Adətən ümumi yəni cəmiyyətə məlum olan məsələlərlə bağlı çıxış edir. Onun iri bir ideyasını görməmişəm. Bununla yanaşı, onu nümayiş etdirdiyi mədəniyyət baxımından müsbət insan kimi xarakterizə etmək olar”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Onun haqqında müsbət fikirdəyəm. Ağsaqqal deputatdır. Hacıdır. Siyasi partiyası var. İqtisad elmləri doktorudur. Bu baxımdan da o, iqtisadi qanunların hazırlanmasında fəal iştirak edir”.

“Hürriyyət”qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Parlamentin ən stajlı üzvlərindən, hakimiyyətin səbəbsiz və əslində yersiz dəstəkləyicilərindən biri kimi xarakterizə edə bilərəm. Amma hər yalnışlığını onun ağsaqqalığına və abırlı bir ziyalı olmasına bağışlamaq olar. Ondan deputatdan çox, yaxşı pedaqoq çıxar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO